Üçüncü sosial paket inflyasiyanın “yediyi” gəlirlərə adekvatdırmı… – iqtisadçı baxışı
Azərbaycan hökuməti ötən ildən başlayan qiymət artımlarının əhalinin aztəminatlı hissəsinin maddi rifah halına təsirlərini azaltmaq üçün yeni sosial paketin icrasına başlayır. Prezidenti İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli sərəncamına əsasən hazırlanan tədbirlərin detalları açıqlanmaqdadır. Hökumət bildirir ki, yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək.
Prezidentin dekabrın 17-dən bəri imzaladığı sərəncamlarla minimum əmək haqqının məbləği 250 manatdan 300 manata qaldırılıb. Beləliklə, minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) 43 faiz üstələyəcək. Minimum əmək haqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir.
Minimum əmək haqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə orta hesabla 20 faiz artıma imkan verəcək.
Prezident İlham Əliyevin 2021-ci il dekabrın 17-də imzaladığı iki sərəncam təhsil işçilərinin əmək haqlarında artımı nəzərdə tutur. Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40 faiz, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40 faiz, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30 faz artırılır. 165 min təhsil işçisinə şamil olunacaq artımlar üçün dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub.
Bundan əlavə, ölkə başçısının sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan 4 min işçinin maaşı orta hesabla 20 faiz artırılır. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub.
Prezident İlham Əliyevin 2021-ci il dekabrın 20-də imzaladığı yeni sərəncam və fərmanlarla müavinət və təqaüdlərin artırılması isə 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbəni əhatə edərək onların müavinət və təqaüdlərinin 2022-ci ilin əvvəlindən artırılmasını təmin edir. Bu müavinət və təqaüd artımları üçün illik əlavə 200 milyon manat ayrılıb.
Müavinət və təqaüd artımından əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər; sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər; yaşa görə müavinət alanlar; ailə başçısını itirməyə görə müavinət alanlar; müddətli hərbi xidmətdə olanların uşaqları; uşaqların qəyyumları; beşdən çox uşağı olan qadınlar; bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr; övladlığa uşaq götürənlər; işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları; “Xalq” və “Əməkdar” fəxri adı olanlar; doktorant və tələbələr bəhrələnəcək.
2022-ci ilin 1 yanvarından yaşa görə müavinət 130 manatdan 180 manata, ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) 80 manatdan 100 manata, müddətli hərbi xidmətdə olan hərbçilərin uşaqlarına müavinət 100 manatdan 120 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata, beşdən çox uşağı olan qadınlara (hər uşağa görə) aylıq müavinət 55 manatdan 70 manata, bir yaşınadək uşağı olan aztəminatlı (ünvanlı dövlət sosial yardımı təyin edilmiş) ailələrə hər uşağa görə müavinət 55 manatdan 70 manata, övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud uşağa görə müavinət hər uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud hər uşağa görə isə 480 manatdan 600 manata, uşağın anadan olmasına görə birdəfəlik müavinət 200 manatdan 300 manata, dəfn üçün müavinətin məbləği isə 300 manatdan 350 manata çatdırılıb.
Dövlət başçısının 2021-ci il dekabrın 20-də imzaladığı yeni fərman və sərəncamlara əsasən, bəzi təqaüdlər də artırılıb. Azı 25 il pedaqoji staja malik, işləməyən pensiyaçı olan elmlər doktorlarına Prezidentin aylıq təqaüdü 200 manatdan 300 manata, fəlsəfə doktorları üçün 120 manatdan 200 manata çatdırılır. Eyni zamanda “Xalq” fəxri adına görə təqaüdlər 150 manatdan 180 manata, “Əməkdar” fəxri adına görə təqaüd 100 manatdan 120 manata çatdırılıb.
Dövlət başçısının digər yeni sərəncamı ilə gələn ilin əvvəlindən elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün təqaüdün məbləği 360 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün 216 manat, ali təhsil müəssisələrində və AMEA-da adlı təqaüd alan tələbələr üçün 204 manat, magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 174 manat, 71-100 bal olan tələbələr üçün 144 manat, 51-100 bal olan tələbələr üçün 96 manat, bakalavr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 156 manat, 71-100 bal olan tələbələr üçün 132 manat, 51-100 bal olan tələbələr üçün 90 manat təşkil edəcək. Orta ixtisas təhsili müəssisələrində təqaüdün məbləği akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 90 manata, 71-100 bal olan tələbələr üçün 72 manata, 51-100 bal olan tələbələr üçün 60 manata, peşə təhsili müəssisələrində akademik göstəriciləri “5″ olan tələbələr üçün 90 manata, ”4″ və “5″ olan tələbələr üçün 72 manata, ”3″-“5” olan tələbələr üçün 60 manata çatdırılacaq.
Qeyd edək ki, bütün dünyada olduğu kimi, ötən ildən etibarən Azərbaycanda da istehlak bazarında ciddi bahalaşma müşahidə olunmaqdadır. Qiyməti dövlət tərəfindən tənzimlənən bəzi məhsul və xidmətlərin tariflərindəki artımlarla birlikdə inflyasiya əhalinin gəlirlərinin daha çox hissəsini “yeməkdədir”. Belə bir şəraitdə dövlətin aztəminatlı əhali qruplarının sosial müdafiəsini gücləndirməsi, əlbəttə, müsbət addımdır. Ölkə üzrə əmək haqqı, pensiya və təqaüdlərdə yanvarın 1-dən aparılacaq artımlar əhalinin artan xərclərini qarşılamaq üçün yetərlidirmi?
Vüqar Bayramov: “Həssas və sosial dəstəyə ehtiyacı olan əhalimizin daha yaxından dəstəklənməsinə imkan verəcək bir paketdir”
Bu artımların istehlak bazarında yeni bahalaşma dalğası yaratması mümkündürmü? Sualları cavablandıran iqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun “Yeni Müsavat”a dediyinə görə, ölkə üzrə yeni sosial paketin icrasına 1,4 milyard manat sərf olunacaq: “Artım faizlərinə baxsaq, deyə bilərik ki, yeni sosial paket kifayət qədər əhatəlidir. Həssas və sosial dəstəyə ehtiyacı olan əhalimizin daha yaxından dəstəklənməsinə imkan verəcək bir paketdir. 2022-ci ilin dövlət büdcəsində sosial xərclərin payı 46.4 faizədək yüksələcək. Müstəqillik dövrümüzdə ilk dəfədir sosial xərclərin payı büdcə xərclərinin 45 faizini keçir. Gələn il hər 2 manat büdcə xərcinin təxminən 1 manatı sosial sahəyə yönəlmiş olacaq. Bu, sosial sferaya 14 milyard manata yaxın vəsaitin ayrılması deməkdir”.
Millət vəkilinin fikrincə, hər bir vətəndaşın sosial təminatının gücləndirilməsi ölkə rəhbərliyinin bilavasitə diqqətindədir: “Ümumilikdə, 2,1 milyon vətəndaşın gəlirlərinin artırılması nəzərdə tutulur. Bu, o deməkdir ki, ölkə rəhbərliyi əhalinin həssas və aztəminatlı təbəqəsinin qayğısına qalır. Nəzərə alaq ki, sosial paketin tərkibi tam açıqlanmayıb hələ. Minimum pensiya məbləğləri də artırılacaq. Bundan başqa, yanvardan əmək pensiyalarının indeksasiyası da həyata keçiriləcək. Hesab edirəm ki, dövlət inflyasiyanın yaratdığı əlavə xərclərin qarşılanması üçün vətəndaşlarımıza ciddi bir dəstək paketi icra edir. Bundan sonra əsas vəzifə inflyasiyanın sürətlənməsinin qarşısını almaq olacaq”.
Pərviz Heydərov: “Hökumət 2022-ci ilin ikinci yarısında daha bir sosial paket həyata keçirə bilər”
İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, məhz inflyasiyanın əhalinin gəlirlərinə mənfi təsiri nəzərə alınaraq Azərbaycanın 2022-ci il dövlət büdcəsinə dəyişiklik edilib: “Sentyabrda açıqlanan büdcə layihəsinə oktyabra qədər ciddi dəyişiklik olundu, sosial xərclərin payı artırıldı. 2019-cu ildə ölkədə iki böyük sosial paket həyata keçirilib. Üçüncü paketi də nəzərə alsaq, dövlətin sosial dəstək xərclərini kəskin artırdığını söyləyə bilərik. Bu da təsadüfi deyil. Qlobal bazarlardakı prosesin, həmçinin Azərbaycanda tənzimlənən məhsulların qiymətinin artırılması nəticəsi olaraq ölkəmizdə inflyasiya sürətlənib. Xüsusilə ərzaq məhsullarında kəskin bahalaşma gedib. Buna görə də əhalinin gəlirlərinin artırılması istiqamətində addımların artırılması çox vacib idi. Dövlət bu zərurəti nəzərə alaraq 2022-ci ilin əvvəlindən bir sıra mühüm sosial dəstək tədbirləri həyata keçirməyə qərar verib. Orta hesabla 20-25 faiz təşkil edən artımlar inflyasiya prosesini nəzərə aldıqda, qaneedicidir”.
Ekspert hesab edir ki, indi hökumətin əsas işi inflyasiya prosesinin daha da sürətlənməsinin qarşısını almaqdır: “2019-cu ildə sosial paketlər həyata keçiriləndə biz gördük ki, dövriyyəyə böyük pul kütləsinin daxil olması inflyasiyanı sürətləndirmədi. Bu dəfə də belə olması üçün hökumət müəyyən addımlar atmalıdır. Düzdür, indi inflyasiyanı artıran əsas amil qlobal bazarlardakı proseslərdir. Lakin hökumət ona da diqqət yetirməlidir ki, qlobal prosesdən sui-istifadəyə yol verilməsin, bazarlarda əsassız bahalaşma olmasın. Bundan əlavə, qlobal bazardakı proses davam edərsə, hökumət 2022-ci ilin ikinci yarısında əhaliyə yönəlik yeni dəstək paketi qəbul edə bilər”.