Türkiyə Qarabağa səpin üçün 1000 ton taxıl göndərdi
Türkiyənin şimal-qərbində yerləşən Tekirdağ vilayətində fəaliyyət göstərən “Ekmen Tarım” şirkəti Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində səpmək üçün ölkəmizə min ton seçilmiş toxum göndərib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.
Ekmen Tarım agentliyə bildirib ki, Azərbaycanın gün ərzində ehtiyacı olan toxumların bir hissəsini şirkət özü istehsal edib, bir hissəsini isə Tekirdağ, Ədirnə və Kırklareli vilayətlərindəki fermerlərdən alıb.
Dəmir yolu ilə Azərbaycana 600 ton buğda toxumu, 300 ton arpa toxumu, 50 ton yulaf toxumu və 50 ton yemlik noxud toxumu göndərilib.
Şirkətin rəhbəri İrfan Ekmen, “Ekmen Tarım”ın 11 ildir toxum istehsal etdiyini söyləyib.
Onun sözlərinə görə, Azərbaycana göndərilən toxum sortları Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilən bütün ərazilərin torpaq və iqlim meyarlarına cavab verir.
“Son 4-5 ildə Azərbaycanda dəfələrlə olmuşam, qardaş ölkənin bir çox bölgələrini tanıyıram. Azərbaycana ixrac edilən toxumların bütün sortları işğaldan azad edilmiş torpaqların tələblərinə cavab verir. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının aqrar işçiləri müasir üsul və texnologiyalar əsasında işlərini davam etdirirlər”, – deyə Ekmen bildirib.
O, həmçinin əlavə edib ki, toxumların ixracı Azərbaycan hakimiyyətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi “ağıllı kənd” layihəsi çərçivəsində həyata keçirilib.
“Mən fəxr edirəm ki, Azərbaycanın işğaldan azad edilmiş minlərlə hektar torpaqlarında ilk tinglər türk aqrarlarının göndərdiyi toxumları verəcək”, -deyə Ekmen vurğulayıb.
Media1.az