23 Dekabr 2024

Türkiyə ilə İsraili barışdıracaq kəmər – TƏHLİL

Ukraynada döyüşlərin qızğın dönəmində digər regional güclər öz aktual problemlərini həll etməyə çalışır. Söhbət tək Yaxın və Orta Şərqdə deyil, bütövlükdə Asiya, Afrika və Avropada söz sahibi olan iki dövlətin – İsrail və Türkiyənin illər uzunu yaşanan ixtilaf və problemləri kənara qoyub strateji əməkdaşlığa start verməsindən gedir.

Mövzu ilə bağlı “Kaspi” qəzetində maraqlı təhlil yazısı yayımlanıb.

14 il sonra ilk dəfə olaraq Türkiyəyə səfər edən İsrail prezidenti İsaak Hersok ABŞ prezidenti Co Baydenin Yaxın Şərqdə başlatdığı barışıq prosesinə qoşulmaqla, artıq BƏƏ, Misir və digər dövlətlərlə münasibətləri normallaşdırmağa müvəffəq olub.

İsrail liderinin Türkiyə səfərinə gəldikdə, məqsəd əlaqələri bərpa etməkdir və buna da hər iki tərəfin ciddi ehtiyacı var. Bəs görəsən, ideoloji və siyasi fikir ayrılıqlarına baxmayaraq, tərəflər nədən nizamlanmaya indi razılıq verdilər? Səbəb də sadədir – enerji və iqtisadiyyat. Bəllidir ki, İsrailin qazı var. Bir neçə il əvvəl İsrail sahillərində böyük qaz yataqları aşkar edilib və ən əlverişli nəql nöqtəsi də Türkiyə üzərindəndir. İsrail də gözəl anlayır ki, Türkiyədən yan keçəcək hər hansı bir layihə çox səmərəsizdir. Ona görə də iqtisadi cəhətdən normallaşma məqsədəuyğun və praqmatik bir həldir. Bu yaxınlaşma, sözsüz ki, ölkəmiz üçün də vacibdir. Belə ki, illər uzunu İsrail Azərbaycanın haqq işində ona yardımçı olub, hər cür dəstək verib. Və qardaş Türkiyə ilə İsrailin bu yaxınlığı dünyada çox böyük bir güc deməkdir.

Türkiyənin energetika naziri Fatih Dönməz CNN telekanalına müsahibəsində bildirib ki, apreldə İsrail sahillərindən Türkiyəyə mümkün qaz kəmərinin çəkilməsi ilə bağlı danışıqlar aparmaq üçün İsrailə gedəcək. O bildirib ki, Türkiyənin İsrail qazını qəbul edib Avropaya çatdırmaq üçün hazır infrastrukturu var. Dönməz vurğulayıb ki, bunun üçün Aralıq dənizinin dibi ilə cəmi 500-600 km uzunluğunda qaz kəməri çəkmək lazımdır. Halbuki, “EastMed” adlı layihədə İsraildən Yunanıstan və İtaliyaya 1900 km uzunluğunda və Aralıq dənizinin ən dərin hissəsi boyunca nəhəng xəttin tikintisi nəzərdə tutulurdu. İllik ötürmə qabiliyyəti 10 milyard kubmetr olan qaz kəməri 7,9 milyard dollara başa gələcəkdi. Üstəlik, belə bir kəmərin rentabelliyi “Şimal axını 2”dən qat-qat az olacaqdı. “Şimal axını 2” 10 milyard dollar xərclə Avropaya ildə 55 milyard kubmetr qaz nəql etməli idi. Bu şərtlər daxilində yeganə həll yolu Türkiyə körpüsü ola bilər. Hersoqun Ankaraya uğurlu səfərindən iki gün sonra prezident Ərdoğan da bildirib ki, Türkiyə və İsrail qazı Avropaya çatdırmaq üçün birlikdə çalışa bilərlər. Xüsusi vurğulamaq yerinə düşər ki, son illər Türkiyə-İsrail münasibətlərində iqtisadiyyat mühüm rol oynayıb, ölkələr arasında ticarət əlaqələri heç vaxt kəsilməyib. 2021-ci ilin sonuna ikitərəfli ticarətin həcmi rekord həddə – 8,4 milyard dollara çatıb.

Onu da qeyd edək ki, İsaak Hersoqun Türkiyəyə səfəri iki ölkə arasında münasibətləri yaxşılaşdırmaqla yanaşı, həm də bütün regiona və Ankara ilə Vaşinqton arasındakı münasibətlərə müsbət təsir göstərəcək. Türkiyəyə səfər edən sonuncu prezident Şimon Peres olub. 2010-cu ildə İsrailin humanitar yardım çatdırmaq üçün Qəzza zolağının blokadasını yarmaq istəyən türk gəmisinə basqın etməsindən sonra Ankara Tel-Əvivdəki səfirini geri çağırıb. Tarixi danışıqlara yardım edən Amerika yəhudi icmasının nümayəndəsi ravvin Mark Şnayer hesab edir ki, Hersoqun səfəri Türkiyə-İsrail münasibətləri, Türkiyə-Amerika əlaqələri və ABŞ-dakı yəhudi icmaları üçün yeni səhifə açır. Şnayer deyir ki, hazırda Yaxın Şərq də daxil olmaqla yeni dünya nizamı qurulur: “Türkiyənin ABŞ-la münasibətlərinin yaxşılaşması bu ölkənin NATO və Qərbin müttəfiqi kimi İsraillə münasibətlərinin yaxşılaşması ilə sıx bağlıdır. Bu baxımdan ABŞ-dakı yəhudi diasporu da Türkiyəni dəstəkləyir”.

İsrail-Türkiyə münasibətlərinin bu formatda bərpasında rəsmi Bakının vasitəçilik missiyasını qeyd etmək lazımdır. Bu münasibətlərin üçtərəfli əməkdaşlığa çevrilməsi üçün Türkiyə və İsrail arasında münasibətlərin normallaşdırılması Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biri hesab edilib. Bakının müttəfiqi Türkiyə ilə onun strateji tərəfdaşı olan İsrail arasında münasibətlərin pisləşməsi Azərbaycanın xarici siyasəti üçün müəyyən narahatlıqlar yaradıb. Azərbaycan hər iki ölkənin müasir texnologiyalarının birləşməsindən səmərəli istifadə edib. Digər tərəfdən, İsraildə “Azərbaycan Evi”nin təmsil etdiyi Azərbaycan-İsrail diasporunun nümayəndələri əllərində Türkiyə, Azərbaycan və İsrail bayraqları ilə meydana çıxıb, İkinci Qarabağ müharibəsinin yekunlarını qeyd ediblər. Türkiyə və İsrail şirkətləri Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərinin bərpası üçün birgə çalışırlar. Demək olar ki, eyni vaxtda Türkiyə və Azərbaycan, eləcə də İsrail və Azərbaycan hökumətlərarası iqtisadi komissiyalarının iclasları keçirilib. Beləliklə, İsrail və Türkiyə arasında normal və sabit münasibətlərin bərpası regionun sabitliyinə, inkişafına və çiçəklənməsinə töhfə verəcək. Təsadüfi deyil ki, israilli politoloqlar Türkiyə ilə İsrail arasında münasibətlərdəki böhranın aradan qaldırılmasında, prezidentlər Rəcəb Tayyib Ərdoğan və İsaak Hersoqun tarixi görüşünün təşkilində Azərbaycan Prezidenti İlham Əliyevin mühüm rolunu qeyd edirlər.