Türkiyə Azərbaycanın “yaşıl enerji” sahəsində layihələrini dəstəkləyir
Bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib
“Biz Azərbaycanın “yaşıl enerji” layihələrini də dəstəkləyirik”.
Aznews.az-ın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib.
Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin birgə reallaşdırdığı Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) və Trans-Anadolu qaz boru kəməri (TANAP) kimi iri infrastruktur layihələri təkcə iki ölkənin deyil, həm də regionun və Avropanın enerji təchizatı təhlükəsizliyinə əhəmiyyətli töhfə verir.
Fuat Oktay onu da əlavə edib ki, əgər yaxın vaxtlara qədər Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı karbohidrogenləri əhatə edirdisə, indi alternativ enerji mənbələri sahəsində də əməkdaşlıq artıb.
“Biz Qarabağ Zəfərindən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlanmış “yaşıl enerji” layihələrini də dəstəkləyirik. Digər tərəfdən, ölkəmiz enerji sahəsində əldə etdiyi bilik və təcrübəni Azərbaycanın müvafiq qurumları ilə bölüşür və enerji sahəsində ixtisaslı kadrların yetişməsinə öz töhfəsini verir”, – o vurğulayıb.