22 Noyabr 2024

Türk dünyasının mədəniyyət paytaxtı – ŞUŞA

Tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının martın 31-də Türkiyənin Bursa şəhərində keçirilən növbədənkənar iclasında qəbul olunub. TÜRKSOY-un Baş katibi Düsen Kaseinov bildirib ki, Azərbaycana dahi sənətkarlar, mədəniyyət xadimləri bəxş etmiş Şuşa şəhərini dirçəltmək, buraya yeni nəfəs gətirmək çox zəruridir: “Azərbaycana o qədər dahi sənətkar bəxş etmiş şəhəri dünyaya tanıtmaq istəyirik. Bu mübarək yurda yeni nəfəs gətirməliyik. Biz təşkilat olaraq bunun üçün əlimizdən gələni edəcəyik” 

44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu Qarabağımızı, o cümlədən Şuşanı düşmən işğalından azad edib. “İyirmi səkkiz il işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!..” -bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində demişdir.

2020-ci il 8 noyabr Azərbaycan xalqının tarixinə Zəfər günü kimi daxil oldu. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində bildirib ki, xalqımız 2022-ci ildə Pənahəli xanın 1752-ci ildə təməlini qoyduğu Şuşanın yubileyini böyük təntənə ilə qeyd edəcək. Dövlətimizin başçısı bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə 2022-ci ili “Şuşa ili” elan edib.  2021-ci il may ayının 7-də Prezident İlham Əliyev “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncam imzalamışdır.

Bu gün hər birimiz Azərbaycanın 270 yaşlı mədəniyyət paytaxtı, vaxtilə “Kiçik Paris”, “Qafqazın sənət məbədi” adlandırılan əziz Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı seçilməsinin sevincini yaşayırıq. Çünki bəşər mədəniyyətinin incisi sayılan Şuşa indi öz keşməkeşli tarixinin ən şərəfli günlərini yaşayır. Bu yaxınlarda bu şəhərin Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantısına ev sahibliyi etməsi bunun bariz nümunəsidir. 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulmuş Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən olub. Uzun illər Qarabağ xanlığının paytaxtı olan və əsas müdafiə qalası missiyasını yerinə yetirən Şuşa daim mədəniyyətimizin çiçəkləndiyi şəhər kimi tanınıb. 17 məhəllədən ibarət şəhərdə hər məhəllənin öz məscidi, hamamı və bulağı olub. Sənətkarlığın və incəsənətin müxtəlif sahələrinin inkişafı nəinki Azərbaycanın Qarabağ bölgəsinin, bütövlükdə ölkəmizin tərəqqisində mühüm rol oynayıb, şöhrətinə şöhrət qatıb. Şuşa Azərbaycan ədəbiyyat və mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş görkəmli şəxsiyyətlərin yurdudur. 

Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində Şuşada həyat yenidən dirçəlməyə başladı. Azərbaycanın mədəniyyət paytaxtı, dilbər guşəmiz Şuşada bərpa işləri uğurla davam etdirilir. Vaqif Poeziya Günləri və “Xarıbülbül” festivalı bərpa olundu. 2021-ci il mayın 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa iyirmi doqquz ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalına evsahibliyi etdi. Prezident İlham Əliyev həmin günləri ölkəmizin tarixində əlamətdar günlər kimi dəyərləndirdi. Ölkəmizin başçısı uzun illərdən sonra Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi münasibətilə xalqımızı təbrik edərək bildirdi ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. Dövlət başçısı çıxışında qeyd etdi ki, bundan sonra biz Şuşada əbədi yaşayacağıq, Şuşanın bərpa edilməsinə artıq başlanılıb: “Xarıbülbül” festivalı bu qədim diyarımızda hər il keçiriləcək: “Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz – burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə – hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik”.

Bu gün mühüm tarixi-mədəni əhəmiyyəti və xalqımız üçün müstəsna mənəvi dəyərə malik olan Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən də bir sıra tarixi, mədəni abidələrin bərpası üzrə genişmiqyaslı layihələr həyata keçirilir. Əminik ki, qırx dörd günlük Vətən müharibəsində 28 illik erməni işğalından azad edilən, vaxtilə tarixi-mədəni zənginlikləri ilə dünyada şöhrət qazanmış Şuşa şəhəri gələn il “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını layiqincə yerinə yetirəcək. Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa dirçələcək və dünyaya səs salacaq.