Taxtanın qiyməti yenidən artıb: Vəziyyətdən sui-istifadə, yoxsa…

Məlum hadisələrin fonunda rublun dəyərdən düşməsi Rusiyadan Azərbaycana idxal olunan məhsulların qiymətində ucuzlaşma olacağına əsas verirdi. Lakin son günlər əsasən bu ölkədən idxal olunan taxtanın qiymətində əks tendensiyanın qeydə alınması ucuzlaşma gözləntisinin əbəs olduğunu deməyə əsas verir.
Taxta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyimiz məlumata görə, son günlərə qədər bir kubmetri 390 manata olan taxtanın qiyməti hazırda 430-450 manat arasında dəyişir. Bildirilir ki, təchizat və köçürmə ilə bağlı narahatlıqlar Rusiyadan idxal olunan taxtanın qiymətinin artmasına səbəb olub. Taxta materiallarının topdansatış mərkəzlərindən birinin əməkdaşı isə deyir ki, ABŞ dolları ilə idxal edilən taxtanın qiymətindəki artım birdən-birə baş verməyib. Buna səbəb Rusiyadan taxta göndərilməsindəki çətinliklərdir. Onun sözlərinə görə, ötən il taxtanın bir kubmetrini 360 manata satırdılar. Hazırda Rusiyadan gətirilmiş taxtanın bir kubmetrinin nağd qiyməti 440 manatdır. Lakin ödəniş köçürmə yolu ilə edilərsə, bu qiymət 500 manatdan çox olacaq.
Reallıqda isə taxtanın qiymətində artım ötən ilin əvvəlindən başlamışdı. Rəsmi statistikaya görə, kəsilmiş taxtanın qiymətində yanvar ayından başlayaraq avqusta qədər hər ay artım qeydə alınıb. Belə ki, yanvarda bir kubmetri 331 manata olan taxta avqusta 435 manatadək bahalaşmışdı. Sentyabr və oktyabr aylarında qiymət sabit qalmış, noyabr-dekabr aylarında isə ucuzlaşmışdı.
Qiymət artımı Rusiyanın ötən il taxta ixracına tətbiq etdiyi rüsumu artırması ilə əlaqələndirildi. Hərçənd ki, taxta idxalına tətbiq edilmiş rüsum iyul ayından qüvvəyə minməklə 6 ayı əhatə edirdi. Lakin taxta ixracına rüsumların artırılması davam edir. Belə ki, Rusiya hökumətinin qərarına əsasən, 2022-ci il yanvarın 2-dən dekabrın 31-dək nəmliyi 22 faizdən çox, qalınlığı və eni 10 sm-dən çox olan bəzi ağac növlərinin ixracı üçün artırılmış tariflər qüvvədə olacaq.
Bunlardan da daha vacib olan budur ki, dünyada Kanadadan sonra ikinci ən böyük taxta ixracatçı olan Rusiya bu sahəyə nəzarəti gücləndirib. Belə ki, 2020-ci ildə Rusiya Prezidenti Vladimir Putin hökumətə ağacların kəsilməsindən emalına və ya ixracına qədər olan prosesin izlənilməsini təmin etməyi tapşırıb. Bununla da 1 iyul 2021-ci il tarixindən etibarən yenilənmiş sənaye-məlumat sistemində ağac kəsimi sahələri, anbarlar və digər obyektlər haqqında məlumatlar tərtib olunur. 2022-ci il yanvarın 1-dən isə taxta daşınması üçün elektron müşayiətedici sənəd tətbiq edilir. Burada yükün sahibi, göndəricisi və alıcısı, ağacın həcmi, növ və çeşid tərkibi və digər məlumatlar var.
Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycana əsasən Rusiya, Belarus, Ukrayna və Avstriyadan uzununa doğranmış meşə materialları idxal olunur. 2020-ci ildə ümumi taxta idxalının 90,5 faizi Rusiyanın payına düşüb. Pandemiyanın ən sərt ilində Şimal qonşumuzdan ölkəyə 100 milyon 35,7 min ABŞ dolları dəyərində 863 min kubmetr taxta idxal olunub.