24 Dekabr 2024

Tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə münasibətləri

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri bu gün daha da inkişaf etməkdədir.

Azərbaycan Respublikası 1991-ci ildə öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra müstəqilliyimizi rəsmi olaraq tanıyan ilk dövlətlərdən birincisi qardaş Türkiyə Respublikası olmuşdur. Məhz bundan sonra 30 ildən artıq olan iki dövlət arasındakı münasibətlər dost və qardaşlıq səviyyəsinə qədər yüksəlmişdir.

Bu gün biz əminliklə deyə bilərik ki, xalqlarımız və dövlətlərimiz arasında mövcud olan və qardaşlıq səviyyəsinə qədər yüksəlmiş münasibətlər səviyyəsində dünyada ikinci belə bir dövlətlərarası münasibət heç bir dövlət arasında yoxdur. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir”, həmçinin, Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri bu gün daha da inkişaf etməkdədir. Müasir dövrdə etibarlı strateji tərəfdaş olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib və daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin mühüm tərkib hissəsini təşkil etməkdədir. Tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə münasibətləri son dövrlərdə özünün ən yüksək səviyyəsini yaşamaqdadır. Xüsusilə 2000-ci illərin əvvəllərində cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın siyasi hakimiyyətə gəlişi iki ölkə arasında olan münasibətləri daha da dərinləşdirməklə yanaşı yeni bir mərhələnin başlanğıcını qoymuş oldu. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqla müsbət nəticələr verməkdədir. Məhz ölkə başçımız İlham Əliyev cənablarının 10 mart 2022-ci il tarixdə Türkiyə Respublikasına növbəti rəsmi səfəri və dövlət başçıları arasında aparılmış danışıqlar ölkələrimiz və xalqlarımız arasındakı mövcud əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etməkdədir. Dövlətlərimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq, qlobal səciyyə daşıyan iri layihələrin həyata keçirilməsi xalqlarımızn rifahını daha da yaxşılaşdırmaqla yanaşı regionda dövlətlərimizin əsas söz sahibinə və güc mərkəzinə çevrilməsi ilə nəticələnmişdir.

Azərbaycan-Türkiyə qardaşlığının necə möhkəm təməllər üzərində qurulduğu 44 günlük Vətən müharibəsi dövründə bütün dünyaya bir daha nümayiş etdirilmiş oldu. Müharibənin sonrasında hər iki dövlət arasında Azərbaycanımızın siyasi və mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanmış Şuşa Bəyənnaməsi isə mühüm tarixi hadisə kimi yaddaşlarımıza əbədi olaraq həkk olundu. Bir daha əminliklə deyə bilərik ki, bütün bunlar xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.

Samir Baxşiyev-YAP Siyəzən rayon təşkilatının sədri.