22 Noyabr 2024

Tarixi Gəncə qapılarının işi yenidən müəmmaya büründü – azərbaycanlı və gürcü nazirlərdən fərqli açıqlamalar…

Uzun əsrlərdir Gürcüstanın Kutaisi şəhərində yerləşən Helat monastırında saxlanılan Gəncə qapılarının Azərbaycana qaytarılması illərdir müzakirə olunsa da, hələ də buna müvəffəq ola bilməmişik. Fevralın 3-də Gəncədə səfərdə olarkən jurnalistlərə açıqlama verən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirmişdi ki, Gəncə qapılarının Gürcüstandan Azərbaycana qaytarılması məsələsi artıq dövlətlərarası komissiyada müzakirə olunur.

Gürcüstan tərəfi isə məsələyə fərqli yanaşma sərgiləyir. Yayılan məlumatlara görə, Gürcüstanın Kutaisi şəhərinin Helat monastır kompleksində saxlanılan Gəncə qapılarının bir tayının mühafizəsi üzrə tədbirlər gücləndirilib. Bildirilir ki, qapının yaxınlığında 4 müşahidə kamerası və siqnalizasiya quraşdırılıb. Bununla yanaşı, Kutaisi şəhərinin 6 polis inspektoru da mühafizəyə cəlb olunub.

Azərbaycanın mədəniyyət naziri Gəncə qapılarının bizə qaytarılması məsələsinin gündəlikdə olduğunu desə də, Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mari Narçemaşvili bunun əskini bildirib. Gürcüstan XİN-in sözçüsü qeyd eidb ki, Gəncə qapıları məsələsi Azərbaycanla ikitərəfli münasibətlərin gündəliyində yer almayıb.

Göründüyü kimi, Gəncə qapıları məsələsi yenə də müəmmaya bürünüb və məsələ ilə bağlı Azərbaycan və Gürcüstan rəsmilərinin açıqlamaları bir-birinə ziddir.

  • “Güman etmirəm ki, biz Gəncə qapısını qaytara bilərik”

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarixi abidələr üzrə mütəxəssis Faiq İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu məsələ dövlətlərarası komissiyada müzakirə edilsə də, buna qərar vermək hökumətin səlahiyyətində deyil. F.İsmayılovun sözlərinə görə, ola bilsin, bu məsələdə dövlətlərarası komissiyada qeyd edilib, amma Gürcüstan hökuməti Gəncə qapılarının Helat monastırında saxlanılan tayını Azərbaycana qaytarmaq ixtiyarına malik deyil. “Bu məsələ Gürcüstanın və Azərbaycanın dövlətlərarası müvafiq komissiyasında müzakirə edilə də, hətta deyək ki, buna Gürcüstan dövləti razılıq da verə bilər, amma Gəncə qapısının bir tayını Azərbaycana qaytarmaq dövlətin səlahiyyətində deyil. Çünki bu məsələ dövlətlərarası məsələ deyil və odur ki, siyasi müstəvidə həll edilə bilməz. Buna yalnız Gürcüstanın katolikos-patriarxı II İlya qərar verə bilər.  Ona görə ki, həmin Gəncə qapısı onun himayəsindədir. Din dövlətdən ayrı olduğuna görə Gürcüstan hökümətinin əllində belə bir bəhanə var və ona görə də təziyq göstərə bilmirlər. Azərbaycan tərəfin dövlət səviyyəsində orada danışıqlar aparması, bu məsələni müzakirə etməsi tam mümkündür, bu ola bilər. Amma Gəncə qapısının qaytarılmasına Gürcüstanın dini lideri qərar verə bilər. Yəni bu məsələnin siyasi müstəvidə, dövlət səviyyəsində həll edilməsi mümkün deyil”.

Əgər Azərbaycandan QMİ, yaxud Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsu tərəfindən Gürcüstanın dini liderinə müracət olunarsa, Gəncə qapısını qaytarmağa müvəffəq ola bilərikmi? Sualımızı cavablandıran F.İsmayılov hesab edir ki, buna heç bir ümid yoxdur və bu mümkün olan iş deyil: “Güman etmirəm ki, biz Gəncə qapısını qaytara bilərik. Qapıların qaytarılması ilə bağlı Azərbaycanın cəhdlərinin baş tutacağını güman etmirəm. Bu heç bir halda mümkün deyil Yəni bu məsələ ilə bağlı siyasi müstəvidə danışıqlar aparıla, nazirliklər arasında müzakirələr gedə bilər, amma bu qapının qaytarılması mümkünsüz görünür” – deyə F.İsmayılov qeyd etdi.

İradə SARIYEVA