22 Dekabr 2024

Talıbovun və Naxçıvanın statusunun taleyi necə olacaq – referendum gəlir?

Muxtar respublikanın mərkəzi hakimiyyətə tam tabe etdirilməsi, sonra isə…; politoloq: “Bütün bunları konstitusiya dəyişikliyi ilə həll etmək mümkündür”

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən mərkəzləşdirmə prosesləri dərinləşir. Azərbaycan müstəqillik qazandıqdan sonra Naxçıvan faktiki olaraq qapalı bir rejim idi və Vasif Talıbov oranı özünün qaydaları ilə idarə edirdi. Təbii ki, burada əsas diqqət dövlət büdcəsindən fantastik məbləğləri oğurlamağa da yönəlib.

Üzə çıxan faktlar heyrət doğurur: Talıbovlar Gürcüstanda, Dubayda, Türkiyədə fantastik mülklərə sahibləniblər, böyük biznes şəbəkəsi qurublar. Təbii, zamanla onların milliləşdirilməsi prosesi də baş verəcək.

Hələlik MR-in mərkəzi hakimiyyətə tam tabe etdirilməsi prosesi gedir. Bugünədək MR-də DTX, DGK  ləğv edilib. Qarşıdakı günlərdə digər qurumlarla bağlı da oxşar qərarların veriləcəyi bildirilir.

Yeri gəlmişkən, yeni yaradılan Naxçıvan Gömrük Baş İdarəsinə müvəqqəti rəhbərlik də yerli məmura tapşırılmayıb. Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyevə tapşırılıb…

Şübhəsiz ki, bütün bu məsələlər Prezident İlham Əliyevə hər detalına qədər məruzə edilərək, onun iradəsi və göstərişi ilə həyata keçirilir, Naxçıvanda şəffaf idarəetmə qurulur.

Daha sonra isə Naxçıvanın muxtariyyət statusunun ləğv olunacağı da müzakirə mövzusudur.

Realist və dövlətçi düşüncəli şəxslər bunu zəruri sayır. Ona görə ki, konstitusiyaya görə, Azərbaycan unitar dövlətdir, digər tərəfdən, Naxçıvanın statusunun ləğvindən sonra Qarabağ ermənilərinin də hansısa bir status iddialarına bəhanələri qalmayacaq.

Politoloq Qabil Hüseynli mediaya verdiyi açıqlamasında “Proseslər onu göstərir ki, Naxçıvanın statusu dəyişdiriləcək. Çünki Naxçıvanda Azərbaycan Konstitusiyasında nəzərdə tutulan dövlətin unitar quruluşu tamamilə gözdən çıxarılıb. Bu müddəaya əməl edilməyib” – deyə bildirib.

O qeyd edib ki, kifayət qədər strateji bir mövqedə yerləşən bir ərazimiz demək olar, Bakının nəzarətindən çıxmaq üzrə idi: “Görülən tədbirlər nəticəsində Azərbaycanın mərkəzi hakimiyyətinin yerlərdəki təmsilçiliyi möhkəmləndirilir, onların statusu dəyişdirilir. Səhiyyə və Nazirlər Kabinetinin digər strukturlarında da ciddi dəyişikliklər olacaq. Naxçıvanda vəziyyətin idarəolunmaz vəziyyətə gəlib çıxmasında İranın da rolu var. İran uzun müddət idi ki, orada vəziyyəti qızışdırırdı”.

Naxçıvanda Bakıya mərkəzi tabeçilik prinsipinin ciddi sürətdə pozulduğunu deyən politoloq prosesin hələ iki-üç il bundan əvvəl başlandığını vurğulayıb: “Naxçıvanda vəziyyətin gərgin olduğunu, bu proseslərin getdiyini iki-üç ildir hamı görür, ancaq niyə bu qədər gec hərəkətə keçildiyini demək mümkün deyil. Ola bilsin müharibə, pandemiya, müharibədən sonrakı vəziyyət mərkəzi hakimiyyət orqanlarını müəyyən qədər gec qərar verməyə vadar etdi. Amma vəziyyət elə bir yerə gəlib çatdı ki, burada proseslər nəzarət altına alınmasaydı, ölkə daha ciddi problemlərlə qarşı-qarşıya qalacaqdı. Ona görə də həbslər başlayıb, idarəetmə strukturlarının forması dəyişdirilir və konstitusiyanın unitar dövlət quruluşu haqqında müddəalarına ciddi riayət edilməklə bunlar həyata keçirilir. Ehtimal ki, bu fonda Naxçıvanın muxtar respublika statusu da Naxçıvan Muxtar Vilayəti statusuna qədər endirilə bilər. Amma bu, sadəcə, proqnozdur. Olub-olmayacağını gələcək göstərəcək”.

Fəzail Ağamalı:

Fəzail Ağamalı

Milli Məclisin deputatı Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Naxçıvanla bağlı baş verənlərdə kimlərinsə işdən çıxarılması və ya həbsi mövzusundan çox struktur dəyişiklikləri məsələsinə diqqətin ayrılmasını daha vacib hesab edir: “Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvanda da korrupsiya və rüşvətxorluq kimi qanunsuz hallara qarşı qanuni mübarizə aparılır. Həbslər də bununla bağlıdır. Mən diqqəti daha çox struktur dəyişikliklərinə yönəltməyi düzgün sayıram. Naxçıvanın idarəçiliyi ilə bağlı struktur dəyişiklikləri aparılır. Bu da ölkəmizin Prezidenti cənab İlham Əliyevin xeyli müddətdir ölkəmizdə başlatdığı islahatların mahiyyətinə söykənir. Naxçıvan ölkəmizin tərkib hissəsidir. Çox arzulayıram ki, atılan addımlara bu kontekstdən yanaşılsın. Naxçıvanın muxtar respublika statusu məsələsinə gəlincə, bu məsələ olduqca mürəkkəb məsələdir və burada ciddi konstitusiya tələbləri var. Konstitusiyada Naxçıvana ayrıca bir münasibət əksini tapır, qanunvericilik tələbləri var. Konstitusiyada istənilən dəyişiklik isə referendumla həll edilir. Bu nəzərə alınmalıdır. Eyni zamanda Naxçıvanın statusu həm də beynəlxalq səviyyə daşıyan Qars müqaviləsi ilə tənzimlənir. Ona görə də mən Naxçıvan Muxtar Respublikasının statusu məsələsində geniş fikir söyləməyi özümə rəva bilmirəm. O mənada ki, bu məsələ barədə sırf mütəxəssislərin, məsələn, Ziyafət Əsgərov, Nizami Cəfərov kimi mütəxəssislərin rəyləri daha doğru və peşəkar olar. Mənim yanaşmam peşəkar olmaya bilər”.

Əziz Əlibəyli: "Azərbaycana qarşı sanksiyalara hazırlıq var"

Əziz Əlibəyli 

Sosial Tədqiqatlar Mərkəzinin rəsmisi Əziz Əlibəyli isə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın unitarlaşması sürətləndirilir. Bu isə birbaşa təhlükəsizlik faktoru ilə bağlıdır: “Söhbət həm regional, həm də qlobal təhlükəsizlik qayğılarının artmasından gedir. Qarşıda bir sıra tarixi ciddi mərhələlər dayanır. Bəzi hədəfləri reallaşdırmalıyıq. Onların sırasında daha güclü Azərbaycanın inşa olunması var. Yeni reallıqlar hətta yeni milli təhlükəsizlik konsepsiyasının vacibliyini doğurdu. Ölkəyə yeni bir milli təhlükəsizlik konsepsiyası lazımdır. Federallaşma, separatizm, mərkəzi hakimiyyəti zəiflədəcək digər idarəetmə formaları silinməlidir. İdarəetmə rentabelli hala gəlməli, mərkəzlə sıx bağlantılı olmalıdır. Ona görə də Azərbaycan birincisi, konstitusiyada dəyişiklik üçün referenduma getməlidir və Naxçıvanın muxtariyyəti məsələsi qoyulmalıdır. İkincisi, əgər kimsə deyirsə ki, 1921-ci ildə bağlanan Moskva müqaviləsi və 5 ölkə arasında bağlanan Qars müqaviləsi Naxçıvanın muxtariyyətinin ləğvinə imkan vermir, bu yanlış fikirdir. Həmin müqavilələr Naxçıvanın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqləyir. Azərbaycan Respublikası isə öz tərkib hissəsi olan bir ərazi ilə bağlı qərarlar qəbul etmək, addımlar atmaq, statusunu, idarəetməsini dəyişdirimək hüququna malikdir. Odur ki, Naxçıvanın muxtariyyət statusunun ləğvi də, dəyişdirilməsi də mümkündür. Bütün bunları konstitusiya dəyişikliyi ilə həll etmək mümkündür. Qars müqaviləsi Naxçıvana xarici təhlükə olacağı halda Türkiyənin müdaxilə etməsinə yaşıl işıq yandırır”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI - en son xeberler 2022, xeberler bu gun 2022

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, məsələnin hüquqi tərəfinin dəqiqləşdirilməsinə ehtiyac duyulur, ancaq Naxçıvanın muxtar statusunun ləğvinə ehtiyac var: “Bu, yalnız Naxçıvanda baş verən qanunsuzluqlar, korrupsiyanın geniş miqyas alması və İranla şübhəli əlaqələrlə bağlı deyil. Naxçıvanın birbaşa Bakıya tabe etdirilməsi və statusunun ləğvi Qarabağ məsələsində əlimizi gücləndirəcək. Dövlət başçısı İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq aləmə və ermənilərə dəfələrlə mesaj göndərib ki, bölgənin heç bir statusu olmayacaq. Buna istinad edərək Azərbaycanın digər heç bir ərazisinin də fərqli statusu olmamalıdır ki, beynəlxalq aləm və ermənilər Naxçıvanın muxtar statusunu bəhanə edib bizdən Qarabağ üçün də eynisini tələb edə bilməsinlər”.

Bəzi şəxslər isə iddia edir ki, Naxçıvanın muxtar respublika statusunun dəyişdirilməsi sadə proses deyil. Bunu belə əsaslandırırlar ki, Qars müqaviləsində Naxçıvanın statusu müəyyən olunub və 5 ölkə Naxçıvanın təhlükəsizliyinə zəmanət verib. Həmçinin Naxçıvan muxtar respublika olaraq Azərbaycan Konstitusiyasında qeyd olunub.

Bəs Qars müqaviləsində Naxçıvanın statusu ilə bağlı konkret olaraq nə nəzərdə tutulur? Əslində Qars müqaviləsi muxtariyyəti mütləq etmir. Söhbət burada təhlükəsizlikdən gedir. Bunu müqavilənin imzalanmasına hazırlıq prosesi, müqavilədə nələrin nəzərdə tutulduğuna diqqət etdikdə də görmək olur.

1921-ci il oktyabrın 13-də imzalanan və Moskva müqaviləsindəki müəyyənləşdirilmiş müddəalarla üst-üstə düşən Qars müqaviləsi ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında digər məsələlər, xüsusən də ərazi-sərhəd problemi həll olunub.

Moskva müqaviləsinin 3-cü maddəsinə əsasən Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilib. Müqavilənin şərtlərinə görə, Azərbaycan onun protektoratını üçüncü dövlətə verə bilməzdi. Bu şərt Türkiyə tərəfinin təkidi ilə qəbul edilmişdi və gələcəkdə Naxçıvanın Ermənistana verilməsinin qarşısını almaq məqsədi daşıyırdı. Moskva müqaviləsinin imzalanmasının böyük tarixi əhəmiyyəti vardır. Bu müqavilə Azərbaycanın bütövlüyünü qoruyub. Sovet Rusiyası ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi ilə Cənubi Qafqaz respublikaları arasında mübahisəli olan bir çox məsələlər öz hüquqi həllini tapıb. 1920-1921-ci illərdə Cənubi Qafqazın tam sovetləşdirilməsi və bu respublikalarda siyasi hakimiyyətin faktiki olaraq Sovet Rusiyasının nəzarətinə keçməsi Türkiyəni Sovet Rusiyasının təklif etdiyi formatda müqavilə imzalamağa məcbur edib. Aparılan diplomatik danışıqlar və yazışmalardan sonra Türkiyə ilə üç Cənubi Qafqaz respublikası arasında Rusiya nümayəndəsinin iştirakı ilə konfrans 1921-ci il sentyabrın 26-da Qars şəhərində keçirilməsi razılaşdırılıb. Qars konfransı 1921-ci il sentyabrın 26-dan oktyabrın 13-dək keçirilib. Nəhayət, Sovet Rusiyası nümayəndəsinin iştirakı ilə Türkiyə üç Cənubi Qafqaz respublikası arasında 13 oktyabr 1921-ci ildə Qarsda müqavilə imzalayıb. Müqavilə 20 maddə və 3 əlavədən ibarət idi. Bu müqavilənin bir sıra müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə uyğun idi. Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlı idi. Burada yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit edilmişdi. Beləliklə, Moskva və Qars müqavilələri Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq müqavilələrlə tam şəkildə həll edib. Qars müqaviləsi müddətsiz imzalanıb. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilib və həmin il sentyabrın 11-dən qüvvəyə minib. Qars müqaviləsində muxtariyyətin əsası qoyulub, 1924-cü il fevralın 9-da Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb. 1926, 1937 və 1978-ci illərdə Naxçıvan MSSR-in konstitusiyaları qəbul edilib. Bu konstitusiyalarda Naxçıvan MSSR-in siyasi, hüquqi və iqtisadi sisteminin əsasları müəyyən edilib. Azərbaycanın müstəqilliyi dövründə isə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyası qəbul olunub. Bu konstitusiyada və Azərbaycan Respublikasının Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının statusu “Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır” şəklində təsbit olunub.

Konstitusiyada Naxçıvanın muxtariyyətinin ləğvinə gediləcəyi halda böyük ehtimalla bununla bağlı referendum keçiriləcək. 2023-cü ilin büdcəsində də həmin il üçün seçki (referendum) xərclərinin ayrılması da bu ehtimalı artırır.

Etibar SEYİDAĞA