23 Dekabr 2024

Şuşa xatirələri – Hərbi ekspert ermənilərin göz dağına çevrilmiş Qala-şəhərdən yazır…

Sentyabrın 5-də və 6-da növbəti dəfə Azərbaycan Əsgərinin azad etdiyi Şuşa şəhərinə səfər etdim. İlk dəfə fevral ayında səfər proqramı əvvəllcədən tərtib edilmişdi. Bu dəfə isə həm müddət baxımından imkanlarımız geniş idi, həm də heyətin tərkibi əvvəlkilərdən daha az idi, bu isə mənə təhlükəsizlik, müdafiə, şəxsi heyətin təminatı və s. kimi sırf özümə maraqlı ola biləcək məsələlərə geniş diqqət ayırmağıma münbit şərait yaradırdı. Növbəti Şuşa səfərimin təşkilində, başda Oktay müəllim olmaqla Azəzrbaycan Könüllü Həkimlər Assosısaiyasının (AHKA) üzvlərinə dərin təşəkkürümü bildirirəm.Səfərdən əvvəl AHKA fəaliyyəti ilə bir qədər tanış olmuşdum, amma mülki bir təşkilatın Silahlı Qüvvələrimzə bu qədər yaxın ola biləcəyini düşünə bilməzdim. Ən azından belə bir fəaliyyətlərdən xəbərsiz ola biləcəyimi düşünmürdüm. Prosesləri ətraflı təsvir etməyə çalışacam.  Bakıdan səhər erkən saatlarda yola düşdük. “Zəfər Yolu” ən azı 90 faiz hazırdır, ayın sonuna qədər tamamlanması mümkündür. Yolda bir neçə ədəd tunel tipli alt keçidlər mövcuddur, yəqin ki, gələcəkdə onlardan yol qovşaqları kimi istifadə edəcək. Yol üzərində 2 ədəd dairə mövcuddur. Dairələin daxili hissəsində abidə üçün boşluq da mövcudur. Bu boşluqlardan birində böyük ehtimalla “Dəmir Yumruq” abidəsi ucalacaq. Şuşada quruculuq işləri böyük sürətlə davam edir. Şuşada SOCAR yanacaqdoldurma məntəqəsi, BRAVO market artıq fəaliyyətdədir, “Qoç ət” isə bitmək üzrədir.  Şəhərin təhlükəsizlik məsələləri gözlədiyimizdən və ehtimal etdiyimizdən daha üstün bir səviyyəyə yüksəldilib. Şuşa ətrafında yerləşən mövqelərimizə həm müxtəlif qoşun növlərinə aid və kifayət qədər ciddi cayda canlı qüvvə, həm də müasir silah sistemləri cəlb olunub. Son ayda Ermənistanın “Xankəndində mobil rabitə susurulub”  hay küyü həqiqətən də əsassız deyilmiş. Ümumilikdə Şuşanın müdafiəsinə cəlb edilən hava hücumundan müdafiə, artilleriya, kəşfiyyat vasitələrinin sıxlığına Azərbaycanın heç bir yerində rast gəlməmişəm. Bunların arasında həm hava məkanına nəzarət vasitələri, həm PUA-ların ələ keçirilməsi üçün qurğular, həm də radioelektron mübarizə sistemləri mövcuddur. Mobil rabitə operatorlarının mülki təinatlı qüllələri xaric, bütün hərbi təyinatlı texniki avadanlıqların hamısı mobil versiyada fəaliyyət göstərir. Onların yerdəyişməsi ən qısa müddətə həyata keçirilə bilir. Bu mövzu kifayət qədər geniş bir mövzudur, yaxında bu barədə ətraflı bir araşdırma aparacam. 

Şuşada bir çox yeni hərbi və mülki təyinatlı dövlət təşkilatları ilə bərabər Müdafiə Nazirliyinin səhra qospital qrupu (STQ) da fəaliyyət göstərir. STQ-nin təminatının və təchizatının gücləndirilməklə bərabər onun qışa hazırlığına diqqətin artırılmalı olduğunu düşünürəm. Xidmətdə olan şəxsi heyətin, o cümlədə Şuşada yerləşənlərin COVİD-19 virusuna qarşı vaksinasiyası mütləq başa çatdırılmalıdır. STQ-də bir həkim briqadası daim cərrahi əməliyyata hazır olmalıdır. Dəyişdirilmə yalnız növbəti həkim briqadası çatdıqdan sonra həyata keçirilməlidir. 

Şuşada bundan başqa özəl və ödənişsiz olan bir klinika da fəaliyyət göstərir. Bəlkə də çoxları üçün inandırıcı gəlməyə bilər. Amma  həqiqətən də müharibə başlayandan bu günə qədər əvvəlcə Əsgərimizin, sonra isə mülki vətəndaşlarımızın yanında olan və onların sağlamlığının keşiyində duran həkimlərimiz var. Onlar hazırda Müdafiə Nazirliyinin Şuşadakı səhra qospital qrupundan 20 metr aralıda, hələ də damında partlayan “Qrad” mərmisi olan 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 3 otaqlı mənzildə fəaliyyət göstərirlər. Bu klinika Azərbaycan Könüllü Həkimlər Assosısaiyasının təşəbbüsü ilə yaradılıb. Şuşada və ətrafında hər bir kəsin, ən yüksək rütbəli məmurların, dövlət güc strukturlarının, o cümlədən ordunun, polisin, daxili qoşunların, xüsusi təyinatlıların, çalışan mülki vətəndaşlarımızın hər birinin yaxından tanıdığı və hörmət etdiyi həkimlər barədə geniş bir material yazıb oxuculara təqdim edəcəm.

Şüşanın müasir aristokrat və mehriban aurasının yenidən formalaşmağa başlayıb. Burada hər şey digər azad olunan ərazilərdən fərqlənir. Əksəriyyət bir birini tanıyır. Bütün dövlət və özəl təşkilatlar, hətta vətəndaşlar belə, əvvəlcə Əsgərimizə, sonra isə bir birinə təmənnasız kömək göstərmək üçün çalışır. Bu təmənnasız yardımın başında duran insanları tanımaq və onlara təşəkkür etmək isə mənim də borcumdur. Odur ki, məqalənin növbəti hissələrində həm erməniləri təccübləndirən texniki vasitələr, həm də Azəzrbaycan Könüllü Həkimlər Assosısaiyasının azad edilən ərazilərdə fəaliyətləri ilə bağlı məlumat verəcəm.  

Ədalət Verdiyev, hərbi ekspert