“Şuşa mədəniyyətinin inciləri” – Yuxarı Gövhər Ağa məscidi
Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat qala-şəhərimizin Yuxarı Gövhər Ağa məscidinə həsr olunub.
Şuşada tarixi-dini mədəniyyət abidələrindən biri də Yuxarı Gövhər Ağa məscidi və ya Şuşa Cümə məscididir. Bu, şəhərin mərkəzi meydanında tikilmiş ən qədim məsciddir. Yuxarı Gövhər Ağa məscidi ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.
Yuxarı Gövhər Ağa məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilib. İndiki məscidin yerində hələ Şuşa şəhərinin əsasını qoymuş (1752) Pənahəli xanın dövründə qarğı və qamışdan inşa edilmiş məscid olub. Pənahəli хanın tikdirdiyi bu məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla yenidən inşa edilib.
Daha sonra bu məscidin yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuxarı Gövhər Ağa məscidi kimi tanınan həmin bina inşa olunub.
1992-ci ilin mayında Şuşanın mənfur qonşularımız tərəfindən işğalı nəticəsində məscid erməni vandalizminə məruz qalıb və qismən dağıdılıb, minarələrinin dekoru zədələnib və çadırvarı örtükləri sıradan çıxarılıb. Təmir-bərpa işləri adı altında məscidin daxili interyerində ciddi dəyişikliklər edərək tariximizi saxtalaşdırmağa çalışıblar.
Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edildi. Qələbəmizdən qısa müddət sonra mədəniyyət paytaxtımızda genişmiqyaslı yenidənqurma və abadlıq işlərinə başlanıldı. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva azad Şuşaya ilk səfərlərində Yuxarı Gövhər Ağa məscidinə də baş çəkdilər. Dövlət başçısı Məkkədən gətirilmiş “Qurani-Kərim”i məscidə bağışlayıb.
Hazırda şəhərdə erməni vandalizminə məruz qalmış bir sıra tarixi-mədəni abidələrdə, o cümlədən Yuxarı Gövhər Ağa məscidində bərpa işləri aparılıb.