“Şuşa İli”nin işığında
Qarabağın “Dürri yekta”sı kim idi?
Görkəmli qadın şairlərimizdən biri olan Xurşidbanu Mehdiqulu xan qızı 6 avqust 1832-ci ildə Şuşada anadan оlmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. Gözəl şeirlər yazan Xurşidbanu sonralar özünə Natəvan təxəllüsü götürmüşdür. Onun anası Gəncə hakimi Cavad xanın qızı Bədircahan bəyimdir. Ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi оlduğu üçün оnu sarayda “Dürri yekta” (Tək inci), el arasında isə “Xan qızı” çağırmışlar.
Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri оlmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün tanınmış alimlərindən və kamil sənətkarlarından dərs almışdır. Məşğələ zamanı Xurşidbanu “Quran” ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış оlmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda оlaraq dоğma dili ilə bərabər, ərəb və fars dilləri, onun sərfi-nəhvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, оnların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. О, lazımi dərəcədə bilik əldə etdikdən sоnra müntəzəm surətdə mütaliə ilə məşğul оlmuşdur. Şərqin dahi şairlərinin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşidbanunu klassik ədəbiyyata sıx bağlamışdır.
Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında yaxın və uzaq qоhumlarının da əməyi az оlmamışdır. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, elmi-ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə gənc Xurşidbanuda şeirə və sənətə оlan şövq və həvəsi qüvvətləndirmişlər. Xan qızının həyatı atasının hakimiyyətinin çətin dövrünə düşmüşdü.
Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş, bir çox hüquqları əlindən alınmışdı və Xurşidbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. Çar çinovnikləri çalışırdılar ki, yetkin yaşa çatmış xan qızı Rusiya carına yaxın bir şəxslə ailə qursun. Belə bir ehtimal da vardır ki, Vоrоntsоvun şəxsi yavəri Xasay bəy Tiflisdə оnlara mülk iddialarında kömək göstərmiş və bunun müqabilində Xurşidbanuya evlənməyi təklif etmişdir. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gəlib tоy etmiş və Xurşidbanunu Dağıstana — öz doğma kəndinə, оradan da Tiflisə aparmışdır.
Həyatının çiçək açdığı bir dövrdə Xurşidbanu Tiflisdə yaşamalı olmuşdur. Şəhərin səfalı yerləri, təbii mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox vaxtlar tək qaldığı üçün sıxılmış, qəriblik çəkmişdir. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətlərinə qoşulmuş, özü də milli ənənəsi, kübarlara məxsus davranışı və üç dildə sərbəst danışması ilə cəmiyyətdə maraq oyatmışdır. Bir sıra vilayət və şəhərlərə səyahətə çıxması Xurşidbanunun təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün artmasına təkan vermişdir. Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə və Naxçıvana səfəri zamanı o, yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşmüşdür.
1855-ci ildə Xurşidbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlmişdir. Oğlunun adını Mehdiqulu, qızın adını isə Xanbikə qoymuşdular. 1858-ci ildə Qafqaza səyahət edən fransız yazıçısı və səyyahı Aleksandr Düma (ata) Xan qızı ailəsinin qonağı olmuş, səfərindən qayıdandan sonra əsərlərində bu görüş barədə məlumat vermiş, Natəvanı Qarabağın şahzadəsi adlandırmışdır.
Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan biri şairənin soy-köküdür. Yəni, Natəvanda Qarabağda iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər biri dünyaya bir sıra şair gətirmişdir. Məsələn, Cavanşir nəslindən Əbülfət xan Tutinin, Qasım bəy Zakirin, Ziyadoğlu Qacar nəslindən də bir sıra şairlərin adlarını çəkmək olar. Maraqlıdır ki, şair Ziyadi Qarabaği və Musahib Gəncəvi vaxtilə Qarabağ bəylərbəyi olmuşdurlar.
Natəvan yaradıcılığının böyük tədqiqatçısı Bəylər Məmmədov “Natəvanın şair qohumları” kitabında (Bakı, 1989) bu məsələni geniş açıqlayır. Eyni zamanda, Ziyadoğlu Qacar nəslindən çıxan şairlərdən başqa kitablarda da söz açılır. Məhəmməd Füzuli adına Respublika Əlyazmalar İnstitutunun Fondunda Müsahib Gəncəvinin şeir divanı saxlanılır və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparırlar.
Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, həmişə kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir.
Həyat yoldaşı Xasay xanın vaxtsız vəfatından sonra Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxmış Seyid Hüseyn adlı bir şuşalıya ərə getmişdir. Onun bu seçimi yerli bəy və mülkədarları qəzəbləndirmişdir. Onlar Natəvanın ailə üzvləri arasına təfriqə salaraq, oğlu Mehdiqulu xanın evdən baş götürüb getməsinə müvəffəq olmuşlar. Şairə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməmişdir.
Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairəni vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoymuşdur. Ağlamaqdan gözlərinin nuru getmiş, bədəni taqətdən düşmüşdür. Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 1-də vəfat etmişdir və Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunmuşdur.
Ağdam rayonu işğaldan azad olunandan sonra məlum olmuşdur ki, ermənilər tərəfindən Natəvanın məqbərəsi dağıdılmış, qəbiri qazılaraq sümükləri çıxarılıb aparılmışdır. Bu haqda məşhur fransız fotojurnalisti Rza Diqqəti məlumat da dərc etmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də bu faktı təsdiqləmişdir. Şuşa azad ediləndən sonra Natəvanın ermənilər tərəfindən güllələnmiş büstü bərpa olunaraq yenidən Şuşadakı yerində ucaldılmışdır.
Bakıda onun adına küçə, klub, kitabxana və məktəb vardır. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır.
Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulmuşdur.
2016-cı il fevralın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterloo şəhərində Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilmişdir. Bu yaxınlarda isə İtaliyada Natəvanın şərəfinə üzərində onun illüstrativ şəkli olan nəfis parçadan yaylıq istehsalına başlanmışdır. Mesenat xan qızı, görkəmli şairəmiz Xurşidbanu Natəvanın əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.