Sülhün şərti
Azərbaycan ordusu Ali Baş Komandandan aldığı əmri ilə 30 illik erməni separatizmini və terrorizmini antiterror əməliyyatı ilə məhv etdi.
Erməni separatçı-terrorçular müxtəlif təxribatlar, terror aktları törətməklə, Azərbaycan dövlətinə “meydan oxumağa” cəhd göstərirdilər. Və son vaxtlar erməni separatçı-terrorçuların təxribatları dözülməz həddə çatmışdı.
Ancaq indi Azərbaycana “meydan oxumaq” niyyətləri boşa çıxdı. Çünki xalqımızın səbri tamamilə tükəndiyi üçün erməni separatizmi və terrorizmi ilə birdəfəlik hesablaşmaq qərarı verildi. Azərbaycan ordusu Qarabağ regionunda “boz zona”nı ləğv etdi.
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə start verildi. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında xüsusi olaraq, vurğulanırdı ki, lokal antiterror əməliyyatının əsas hədəfləri sırasında Rusiya və Ermənistanın da imza atdığı üçtərəfli anlaşmanın müddəalarının icrasının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması da yer alır. Və bu, rəsmi Bakının antiterror əməliyyatlarına məcbur buraxılmasında Rusiya-Ermənistan cütlüyünün davranışlarının da rol oynadığına eyham sayıla bilər.
Digər tərəfdən, Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək, ölkəmizin ərazilərindən çıxarılacağını, onların hərbi infrastrukturunun zərərsizləşdiriləcəyini də vurğulayıb. İşğaldan azad edilmiş ərazilərimizə qayıdan dinc əhalinin, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsinə də nail olunacağını bildirib. Və bütün bunlar rəsmi Bakının Azərbaycan ordusu qarşısında konkret hədəflər qoyduğunu göstərir.
Onu da qeyd edək ki, Azərbaycan ordusu lokal antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqelərini və uzunmüddətli atəş nöqtələrini, eləcə də döyüş vasitələrini və hərbi təyinatlı obyektlərini yüksəkdəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarmışdır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmamış, yalnız legitim hərbi hədəflər vurulmuşdur. Və erməni əhaliyə zərbə endirilən ərazilərdən uzaq durmaları barədə müxtəlif vasitələrlə xəbərdarlıq edilmişdi.
Əsas səbəbsə, erməni separatçı-terrorçuların bütün müzakirələrdən israrla yayınaraq, silahlı təxribatlar törətməsi ilə birbaşa bağlıdır. Erməni terrorçuların silahlı təxribatları isə uzun müddət davam edə bilməzdi. Əvvəl-axır bu silahlı cinayətkarlarla haqq-hesab çəkmək vacib idi. Və hazırda erməni separatçı-terrorçuların onilliklər boyu törətdikləri hərbi cinayətlərə görə cəzalandırılması prosesi başlayıb.
30 il davam etmiş erməni separatizmi və terrorizmi ilə bağlı problemi başqa yolla həll etmək mümkün deyildi. Erməni terrorçularla “dəmir yumruq” vasitəsilə danışmaq yeganə doğru yoldur.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi