Su çərşənbəsi: Novruzun ilk müjdəçisi

Yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz gəlir. Ta qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir.
Rəvayətə görə, Tanrı ilk insanı – Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün tarix boyu onları müqəddəsləşdirərək, hərəsinə bir gün ayırıb. Beləcə, yazın – Novruzun müjdəçiləri olan Su, Od, Yel, Torpaq çərşənbələri yaranıb. Bu il Azərbaycanda baharın müjdəçisi olan ilk çərşənbə – Su çərşənbəsi fevralın 22-də, Od çərşənbəsi martın 1-də, Yel çərşənbəsi martın 8-də, ilaxır olan Torpaq çərşənbəsi isə martın 15-də qeyd ediləcək.
Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir. Bu çərşənbə suya tapınma ilə başlayır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur.
Lakin su çərşənbəsi ilə bağlı unudulmuş bəzi inanclar da var. Məsələn, su çərşənbəsində evin damına buğda atırlar ki, bərəkət artıq olsun, un çuvalının ağzını açıq qoyurlar ki, bərəkət paylananda bağlı qalmasın, axar suyun qabağını kəsmək olmaz. Kəssən, sənə xətər toxunar. Bu da qədim azərbaycanlı atamızın suyu müqəddəs görməsinə dəlalət edir. Əvvəllər su üstündən atılma adəti də olub. Təbii ki, axar, saf su nəzərdə tutulur. Üç dəfə atılandan sonra həmin axar suyun uzaq yerində bir saxsı qab sındırıb “Nə dərd-bəlamız varsa, bu saxsıynan getsin” deyərdilər. Su çərşənbəsi axşamı süfrəyə mütləq bir qabda su qoyulmalıdır. Şirniyyat, quru meyvələr düzülməlidir. Həmin axşam adətən, mərci plov bişirilməlidir. Çünki Su çərşənbəsində süfrənin bəzəyi lobyalı xörəklər sayılır. Bu gün insanlar bir-biri ilə mehriban davranmalı, arzulamalıdırlar ki, növbəti çərşənbələri də şad, xürrəm keçirsinlər.
Beləliklə, atalar əbəs yerə su çərşənbəsini Novruz çərşənbələrinin gözəli adlandırmayıblar. Bu çərşənbədə yuxuda su görmək, dəryada üzmək, dənizə düşmək, çaydan keçmək, ümmanlarda qərq olmaq aydınlıqdır. Belə xeyirli yuxular, xoş yozumlu röyalar, günəşli səhərlər arzulayırıq sizlərə! Su Çərşənbəniz mübarək olsun! Ömrünüz su qədər saf, təmiz və aydınlıq içində keçsin!