“Son yumşaldılmalar iqtisadiyyata müsbət təsir edəcək”
Ölkəmizdə karantinlə bağlı son yumşaldılmalar, bir sıra qadağaların götürülməsi iqtisadiyyata müsbət təsir edəcək.
Bunu Trend-ə iqtisadçı ekspert Eyyub Kərimli bildirib.
Onun sözlərinə görə, götürülən qadağalar iqtisadiyyatın əsasən ictimai iaşə və xidmət sektoruna aid idi:
“Məhdudiyyətlər həmin sahələrin tam işləməsinə imkan vermirdi. Bu da həmin sektorlarda çalışanların gəlirlərinin azalması ilə nəticələnirdi. Buna əsasən şadlıq evlərini, mərasim evlərini, qəlyanxanalarda çalışanları misal göstərmək olar. Bəzi məkanlara vaxt məhdudiyyəti qoyulmuşdu. İndi vaxt məhdudiyyəti də aradan götürülüb. Bütün bunlar gəlirlərin artması və əlavə iş yerlərinin yaranması deməkdir. Belə olduğu təqdirdə vergi və sosial ödəmələr artacaq. Şadlıq evlərində qonaq limitinin götürülməsi dolayı yolla bir çox sahələrə müsbət təsir edəcək. Əsasən kənd təsərüfatında, gözəllik salonlarında, toyla bağlı digər biznes sahələrində çalışanlar bunun bəhrəsini görəcək. Məhdudiyyətlərin götürülməsi əsasən kiçik və orta sahibkarlıq subyektlərinin gəlirlərinə müsbət təsir göstərəcək”, – deyə ekspert bildirib.
Qeyd edək ki, ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edilib.
2022-ci il martın 6-dan aşağıdakı məhdudiyyətlər ləğv edilib:
mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar da daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti;
dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti;
şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsi ilə bağlı vaxt və say məhdudiyyəti;
ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət;
pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları;
10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətlərinin həyata keçirilməsi məhdudiyyəti