22 Noyabr 2024

SOCAR: “DATA-nın olması kəmərlərlə bağlı dəqiq qərar verməyə imkan yaradır”

“Bilirsiniz ki, SOCAR-ın bütün ölkəni əhatə edən qazpaylayıcı şəbəkəsi var. Bunların içərisində daha iri qazpaylama şəbəkələri var ki, biz onu magistral kəmərlər adlandırırıq”.

“Report” xəbər verir ki, bunu “Dördüncü Sənaye İnqilabında trendlər” tədbirində çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) informasiya texnologiyaları və kommunikasiya idarəsinin rəis müavini Fuad Əliyev deyib.

F.Əliyev əlavə edib ki, bu kəmərlərlə bağlı dəqiq DATA-nın (məlumatların rəqəmsal toplusu) olması kəmərlərlə bağlı dəqiq qərar verməyə imkan yaradır:

“2018-ci ildən etibarən qaz həcmlərinin ehtiyatı ilə bağlı platforma qurmağa başladıq. Hansı ki, sırf uçot məsələsi olaraq hansı nöqtədən nə qədər qaz keçdiyini müəyyən edir. Bu məlumatlar toplandıqdan sonra respublikanın qaz balansı haqqında məlumatları əldə etdik”.

O qeyd edib ki, əvvəl post-faktum data analiz həyata keçirilirdi:

“Yəni 2 saatdan bir öncə hansı həcmdə bir nöqtədən qaz keçdiyini hesablayırdıq. Daha sonra fikirləşdik ki, niyə biz onu anında öyrənib SOCAR-ın digər qurumlarına ötürməyək? Bununla əlaqədar 2019-cu ildən çalışmalara başladıq. Nəticədə bu gün qazın balansından əlavə şəbəkənin monitorinqini həyata keçirən qurumlar üçün məlumatları anında verməyə başladıq”.

F.Əliyev qeyd edib ki, bu təxminən 20 saniyəlik bir müddətdə baş verirdi:

“Bu həm də dördüncü sənaye inqilabının digər komponentləri olan “machine learning”, əşyaların interneti və s. də yol açdı. Hazırda qaz şəbəkəsinin 700-dən artıq ölçü nöqtəsindən bu məlumatları alırıq. Bura əsasən təzyiq, temperatur və cari sərfiyyat kimi əsas məlumatları alırıq. Artıq 466 ədəd cihazın tətbiqini yerinə yetirmişik. Bu bizə qazın şəbəkədə daha dəqiq idarə edilməsi üçün zamanında məlumatları əldə etməyimizə şərait yaratdı. Təbii, gələcək perspektivlərdə də bunun daha böyük miqyasda tətbiqi nəzərdə tutulur”.