21 İyun 2025

“Səngər adamları” kitabının təqdimatı keçirilib

Dekabrın 27-də “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə “Səngər adamları” adlı kitabın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov bildirib ki, Azərbaycan jurnalistikası 44 günlük Vətən müharibəsində kifayət qədər mütəşəkkil təmsil olunub. Vətəndaşlarımızın, Ordumuzun, dövlət qurumlarının müharibəyə ciddi və məsuliyyətli şəkildə kökləndikləri kimi, kütləvi informasiya vasitələri də bu səfərbərliyə adekvat yanaşma ortaya qoyub.

Sonra çıxış edən BAMF-ın prezidenti Umud Mirzəyev bildirib: “İstər Birinci Qarabağ savaşında, istərsə də Qələbəmizin rəmzi olan 44 günlük müharibə dövründə canını fəda edən, sağlamlığını təhlükə altına ataraq həqiqətlərin carçısına çevrilən, qanından, canından şərəflə keçən media mənsubları haqqında bir toplu, kitab hazırlamaq, səngər adamları olan jurnalistlərə bir borcumuz idi. Bu kitab jurnalistikamızda önəmli yer tutacaq”.

Digər çıxış edənlər kitabla bağlı fikirlərini bölüşüb, nəşrin Qarabağ müharibələrində iştirak etmiş jurnalistlərimizin fədakarlığının və qəhrəmanlığının daha geniş auditoriyaya çatdırılması, eyni zamanda, gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, kitabın ideya müəllifi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev, redaktorları Cahangir Məmmədli, Mübariz Piri, tərtib edən Şöhrət Eyvazov, məsləhətçi Rey Kərimoğludur.