22 İyun 2025

Şən və hazırcavablar ölkəsi

Ölkədə hamının hər şeyə lağ elədiyi durum davam edir. Həm gülməlidir, həm də kədərli.

“Lağ etmək” deyərkən… bu, ümumi məfhumdur. Bunun içində kinayə, rişxənd, istehza, ironiya, sarkazm, ələsalma, məzələnmə, hoydu-hoyduya götürmə, fıştırıqlama, zarafatlaşma və sair belə şeylər var. Artıq kim nəyi bacarırsa…

İki satirik-yumoristik kitab, minlərlə felyeton yazmış adam kimi, bu, əslində mənə ləzzət eləyir. Axır ki, yaşayış uğrumda mübarizə apararkən son 10 min ildə ilk dəfə daşdan sözə keçmişik, daha rəqibə daş atmırıq, söz atırıq. Düzdür, bundan əvvəl yaşayış uğrunda mübarizədə sözdən gen-bol istifadə olunub, amma o, yazılı söz olub, çox vaxt da anonim şəkildə olub. Xalqımız isə bunu “donos” adlandırıb və sevməyib.

Rəqibi, düşməni, qeyri-dostu lağlağı hədəfinə çevirmək trendini isə, belə görünür ki, hamı sevir və buna öz töhfəsini verir. Papaq altda nə satiriklər varmış, a kişilər, nə KVN-çilər varmış… Hamısı hazır ssenaristdir, burax, sketç yazsınlar, tamaşaya qoy, milləti güldür. Türkiyə TV-sinin “Güldür-güldür”ü yalan olar.

İntəhası, bir əmma var. Biz artıq hər şeyə, istehza hədəfi olmağa layiq olanlara da, ciddi dəyər verməli olduğumuz şəxslərə də lağlağı edirik – o cümlədən, ən qatı korrupsionerlərə də, ən təmiz adamlara da, dövlətin büdcəsindən milyardlar oğurlayanlara da, imkanı olub büdcədən oğurlamayanlara da, ən bədxah şəxslərə də, çox xeyirxah kəslərə də, odioz-mafioz adamlara da, kasıb-fağır adamlara da, at kimi üzə duran həyasızlara da, özlərini hər zaman abırlı aparanlara da, 45 ilin yaltaqlarına da, 33 ilin mübarizlərinə də, psevdopatriotlara da, gerçək vətənpərvərlərə də və s. və i.a.

Bu üzdəndir ki, at izi it izinə qarışıb, adamlara doğru-dürüst qiymət verə bilmirik.

Bəzən isə lağlağı bütün hədləri aşır. O gün ölkənin tanınmış adamlarından birinin koronavirusa yoluxması barədə xəbər yayılıb. Bir nəfər götürüb bu barədə status yazıb: “Dirən, Əzrayıl”. İndi bu, guya onun adama şəfa arzulamasıdır, Əzrayıla dəstək verir ki, dirən, adamı apar. Hələ statusun şərh bölümündə yazılan şərhlərə baxın: “O, koronovursdan da təhlükəlidir”; “Narahat olma, hacı Nuranla şəkli yoxdur, sağalacaq”; Bəlkə korona Ona yoluxub?; “Hələ çox əzab çəkməlidir”; “O özü elə koronanın bir ştampıdır” və s.

Sözü gedən, adı getməyən adam isə ölkənin müstəqillik qazanması üçün qanını qaşığa qoyan, rus süngüsünün qarşısında aclıq edən, türmələrdə yatan, həyatını xalqına həsr edən, böyük vəzifələrdə işləyəndə xalqın bir qəpiyinə xor baxmayan, imkanlarından istifadə edib övladlarına gün ağlamayan, hökumətin verdiyi və halal haqqı olan evdən imtina edən, eyzən ictimai nəqliyyatda gəzən gözü-könlü tox bir şəxsdir. Bu şəxs vaxtilə ölkənin 3 rəhbərindən biri olub, amma adi məktəb direktoru qədər əmlakı yoxdur, di gəl, permanent səciyyə daşıyan lağlağının hədəfidir. Niyə? Nə üçün? Nə pislik edib o bu xalqa?

Amma belini bükə-bükə yüksək vəzifəli adamların qabağına qaçanlara, xalqın malını-pulunu xarici ölkələrin banklarına daşıyanlara, qohum-əqrəbalarının hamısını rəis, müdir, direktor kimi vəzifələrə düzəldənlərə, kəndindən çıxan başı tərpənənlərin 20-dən 50-yə hamısının çiyninə poqon taxanlara “çörəkverən kişidir” yazırlar.

Belə anlaşılır ki, ağlı olan adam özünü bu camaatın seyr etdiyi vitrinə çıxarmaz. Bizim gücümüz vitrindəkilərə çatır, bir azca o tərəfdəki, kölgədəki haramxorlarla, millətin taleyi ilə oynayan xainlərlə işimiz yoxdur.

Bizimki Müdafiə Nazirliyinin diktoru Abdulla Qurbani ilə məzələnmək idi, həmin nazirliyin diktatoru Sadıkov isə ciddi kadr sayılırdı, ünvanına bir söz deyiləndə müdafiəçiləri çıxıb camaatın başını yarırdı.

İndi də Tahir Kərimli bir videoçıxış yayıb, ölümlə hədələndiyini bildirib, özünəməxsus şəkildə, bir az emosional, bir az da pafoslu üslubda fikir bildirib. Dünəndən sosial şəbəkələr lağlağıdan dağılır. Cəmi 2-3 adam söhbəti ciddiyə alıb rəy bildirib, qalan hamı sanki şən və hazırcavablar klubunun üzvüdür.

Bu il 800 illik yubileyini qeyd etdiyimiz böyük Nizami bu xüsusda nə deyib? Şair deyib ki, bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da.

Dediyim odur ki, qeyri-ciddi söhbətlərə dair polemika açıb saatlarla danışmaq doğru olmadığı kimi, ciddi söhbətləri də lağlağıyla xırdalamaq doğru deyil. Hər şeyin bir şeyi var, yəni çox da şey eləmək olmaz.

P.S. Bax, gördünüzmü, necə ciddi yazı alındı?