22 Dekabr 2024

Sabiq nazirdən Özbəkistan olaylarına dair sensasion açıqlamalar

Tofiq Zülfüqarov: “Orada qarşı duran əsas oyunçular Rusiya və Çindir”

İyunun sonlarında Qaraqalpaq Muxtar Respublikasında Özbəkistan Konstitusiyasına dəyişikliklərə etiraz olaraq keçirilən aksiyaların yatırılması zamanı çox təəssüf ki, çoxlu sayda həlak olan və yaralananlar olub. Özbəkistandan ayrılmaq üçün referendum keçirmək imkanından məhrum ediləcəklərinə qarşı çıxan qaraqalpaqların etirazlarını nəzərə alan prezident Şavkat Mirziyoyev Muxtar Respublikaya gələrək vəziyyətlə yerindəcə tanış oldu, həmçinin konstitiusiya düzəlişlərinə əlavələri ləğv etdi.

Bəs qəfildən nə baş verdi, cari ildə Orta Asiyanın daha bir türk respublikasını qarışdıranlar kimlərdir: Nəzərə alsaq ki, söhbət həm də olduqca həssas sayılan etnik məsələdən gedir. Yəni bumeranq effekti məsələsi indi Özbəkistanda səhnədədir. Maraqlıdır ki, bu hadisələr Özbəkistanın Türkiyə və Azərbaycanla əlaqələrini gücləndirməsi və hətta İlham Əliyevin uğurlu Özbəkistan səfərindən dərhal sonraya təsadüf edir. Hədəf nə dərəcədə Türk birliyinə, ələlxüsus da Türk Dövlətləri Təşkilatına zərbə vurmaq ola bilər? Bütün bu suallarla  sabiq xarici işlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarova müraciət etdik:

– Tofiq bəy, Özbəkistanda nə baş verir, kataklizmlərin müəllifi, körükçüləri kimlərdir, sizcə? 

– Bəzən ənənəvi olaraq Orta Asiya ölkələrinə hansısa təzyiqlər olur. Ukrayna hadisələrindən sonra hamı elə düşünürdü ki, Qazaxıstana, digər hansısa ölkələrə qarşı hər hansı bir həmlələr ola bilər. Amma ənənəvi təzyiqlərdən, “parçala və idarə et” üsulundan həmişə istifadə olunur. Misal üçün qaraqalpaqlara aid müxalif, yaxud xaricdə yerləşən hansısa qurumlar var, indi üzə çıxıblar və s. Yəni çoxmillətli ölkələrdə bu mövzu həmişə istifadə olunur. Bu baxımdan onun təhlükəsi daim olub və olacaq.

– Çoxmillətli ölkələrdə, bəli. Amma burada türk etnosundan söhbət gedir. Eyni soyun daşıyıcılarını üz-üzə qoymaq istəyənlər kimlərdir?

– Onların arasında fərqlər var. Ümumiyyətlə, fərqli bir millətdir və müxtəlif iddiaları var. Türk birliyi ideoloji nəzəriyyəsi indi formalaşır. Yəni uzun müddətdən sonra. Türkçülük hələ keçən əsrin əvvəlində formalaşmağa başlamışdı, amma bir müddət fasilə yarandı və onun davamı olmadı, indi təzədən formalaşma prosesi gedir. Bu baxımdan Özbəkistan ictimaiyyətinin arasında bu fikrin dominant olmasına mən inanmıram. Bəlkə bu ideologiya bölgədə ilkin addımları atır. Amma millətçilik artıq həmişə istifadə olunan məsələdir və indi də istifadə olunur. Biz bu hadisələrə öz prizmamızdan baxırıq. Onlar daha çox Qazaxıstan bölgələri ilə yaxındır. Etnik mənsubiyyət isə o qədər də vacib deyil. Yəni əsas nifaq salmaq üçün hansısa psixoloji baxımdan “biz”, “onlar” məfhumu yaradılır və bunun əsasında sui-istifadə olunur.

– Özbəkistan prezidenti bölgəyə səfər etdi və konstitusiyaya təklif olunan düzəlişləri geri çəkdi. Sizcə, “beşinci kolon”, yaxud başqa qüvvələrin məqsədli şəkildə referenduma çıxartmaq istədiyi məsələ idi bu, yoxsa heç kim proseslərin buraya gətirib çıxaracağını düzgün hesablamamışdı?

– Bundan qabaq olan vəziyyəti ölkə prezidenti hamıdan yaxşı bilirdi. Demək olmaz ki,  bu, təzə bir adamdır. Bu düzəlişlərin konstitusiyaya salınması təklifi təbii ki, onun xəbəri olmadan referenduma çıxarıla bilməzdi. Hesab edirəm ki, bu, bir səhvdir. Hər halda, hadisələr bunun səhv olduğunu göstərir.

– Xarici müdaxilə amilindən danışarkən hansı istiqamətə fokslanmaq olar? Burada Qərb dairələrindən də söhbət gedir, Rusiya “barmağı”ndan da, Çindən də… Sizin ehtimalınız necədir?

– Bunu demək çətindir. Biz sizinlə Orta Asiya mövzusunu müzakirə edəndə bir şeyi qeyd etmişik ki, orada mübarizə və rəqabət mövcuddur. Ənənəvi olaraq “Rusiya zonası” olan Orta Asiyada indi Çinin də ambisiyaları göz qabağındadır. Çünki iqtisadi baxımdan həm Özbəkistanda, həm də Qazaxıstanda Çin şirkətləri çox aktivdirlər. İndi isə Türkiyə faktoru da mövcuddur. Amma açıq deyək, hələlik Çin və Rusiya ilə müqayisə edəndə Türkiyə faktoru o qədər də güclü deyil. Perspektiv baxımdan, türkçülük, Turan ideologiya formalaşandan sonra bəli, Türkiyə potensial olaraq ən güclü oyunçu ola bilər. Amma indiki mərhələdə burada Rusiya və Çinin rəqabətini görə bilirik. Təbii ki, burada Qərbin oyunu da istisna olunmur. Bu baxımdan indiki mərhələdə birmənalı şəkildə Çinin bu məsələni alovlandırdığını demək olmaz.

“Rusiyanın zəifləməsi təkcə Ukraynada baş vermir. Nüfuz dairələri zəifləyəcək, həm Orta Asiyada, həm Cənubi Qafqazda. Bu, tarixi prosesdir, qaçılmazdır”

– Türkiyə və Azərbaycan prezidentlərinin bir müddət öncə Özbəkistana yüksək səviyyəli səfərləri, ən yüksək səviyyədə qarşılanma mərasimləri, qardaşlıq mesajları, imzalanan sazişləri də bir kənara qoya bilmərik. Baş verənlər Türk Dövlətləri Təşkilatı ilə bağlı böyük hədəflərin yolunu kəsməyə yönələ bilərmi? Şübhə etmirik ki, Rusiya və Qərbdə Türk birliyinə qarşı qıcıq mövcuddur. Belə demək olarsa, Türk birliyi əleyhinə fəaliyyət iki qarşı qütbdəki qüvvələri birləşdirən azsaylı hədəflərdəndir. Necə ki, Qarabağ məsələsində də bu qüvvələrin üst-üstə düşən maraqları var. Razılaşırsınızmı?

– Bu, istisna olunmur. Amma yaxın dövrü götürsək, digər ssenari də mümkündür. Qazaxıstan və Özbəkistanı  bu məsələdə toqquşdurmaq. Çünki ənənəvi olaraq bu iki ölkənin rəqabəti mövcud idi. Nazarbayevin və Kərimovun vaxtında bu proseslər var idi, soyuqluq müşahidə olunurdu. Qaraqalpaqların etnik cəhətdən yaxınlığı daha çox qazaxlaradır. Bu baxımdan kimlərsə o faktordan istifadə edə bilər. Tokayevin  Sankt-Peterburqdakı çıxışından sonra çoxları elə fikirləşirdilər ki, dərhal təzyiq üçün hansısa həmlələr ola bilər. Bu baxımdan ən yaxşı üslub iki ölkəni hansısa problemlərlə bağlamaq, sonra öz nüfuzunu daha da gücləndirməkdir. Bunu da istisna etmirəm. Amma Özbəkistan prezidenti vəziyyəti çox dərindən bilən bir şəxsdir. Çünki o, Təhlükəsizlik Xidmətinin rəisi kimi daim bu proseslərin içərisində olub. İstisna etmirəm ki, qısa bir müddətdə bu məsələləri həll edəcək. Çünki bu məsələlərin təhlükəli olduğunu o, daha yaxşı dərk edir.

– Hər halda, bu, bir test oldumu?

– Bəziləri belə fikir söyləyirlər ki, bu məsələ qəsdən rəhbərlik tərəfindən ortaya atılıb, “yatmış” vəziyyətdə olan, potensial təhlükəsi olan müxtəlif müxalif qüvvələr üzə çıxarılsın. Belə versiya da mövcuddur. Təbii ki, prezidentin xəbəri olmadan konstitusiya dəyişiklikləri layihəsinə bu cür təkliflər salına bilməzdi. Bu baxımdan yuxarıdakı arqument də səslənir. Amma hər halda baxarıq. Əslində bu məsələ çox ciddi şəkildə nəzarət altındadır.

– Prezident Şavkat Mirziyoyev Qaraqalpaqıstan parlamentində respublika rəhbərliyini onu vəziyyətlə bağlı vaxtında məlumatlandırmadıqları üçün qınadı. Doğrudanmı ölkənin təhlükəsizlik xidmətinə rəhbərlik etmiş bir lider xəbərsiz olub vəziyyətdən?

– Hər bir işdə səhvlər ola bilər. Bir var siz dövlət başçısı kimi hansısa məsələləri təhlil edir və üzərində işləyirsiniz, bir də var xüsusi xidmət orqanlarında.  Yəni iş üslubu fərqlidir. Bu baxımdan adi səhv də ola bilər. Amma onların dərhal reaksiya verməsi onu göstərir ki, bu məsələnin üstünə düşüb həll edəcəklər.

– Tofiq bəy, necə hesab edirsiniz, Rusiyanın indi elə bir imkanı varmı ki, Ukrayna cəbhəsi ilə paralel, Özbəkistanda “Qazaxıstan modeli” yaradıb, güc nümayiş etdirsin?

– İlin əvvəlində Qazaxıstanda olan hadisələr göstərdi ki, bu məsələdə istər-istəməz Rusiya Çinlə toqquşmalıdır. Yəni bu baxımdan onlar o qədər ağılsızdırlarmı ki, özlərinə Qərblə yanaşı, Çini də düşmən eləsinlər? Düzdür, indi Rusiya rəhbərliyi tərəfindən o qədər məntiqsiz addımlar atılıb, hər cür səhvi gözləmək olar. Amma məntiqə görə, indiki mərhələdə Çinlə qarşıdurmaya getmək ağılsızlıqdır.

– Yəni Rusiya müdaxilə etsə, qarşısında Çini görəcək?

– Ən azı. Çünki Çin çox fəaldır. İstənilən iqtisadi sahəni götürsəniz, görəcəksiniz ki, bir çox hallarda orada Qərb kapitalı ilə yanaşı, Çin kapitalı mövcuddur. Özbəkistanda da Çin kapitalı yetərincə çoxdur. Yəni Çin potensial olaraq bu bölgəyə nüfuz dairəsi kimi baxır. Əslinə qalsa, taliblərin hakimiyyətə gəlməsi Çinin dəstəyi nəticəsində baş verdi. Çünki ən önəmli dəstək verən ölkə Çin idi. Belə fikirlər var ki, Qərbi Əfqanıstanda məğlub edən ölkə məhz Çin olub. Bu baxımdan mən bu prosesləri istisna etmirəm. Yəni biz öz mövqeyimizdən baxanda tələsik olaraq deyirik ki, yox, bunlar hamısı Turana qarşı atılan addımlardır. Amma digər oyunçulara baxanda görəcəyik ki, orada qarşı duran əsas oyunçular Rusiya və Çindir.

– Yeri gəlmişkən, Rusiyanın Özbəkistanı KTMT-yə üzv etmək niyyətini də kənara qoymaq olmaz… Xüsusilə də indiki durumda Putinin tərəfdarlarının sıralarını genişləndirmək marağı var. Bu mənada “rus barmağı”na üstünlük verilə bilərmi?

– KTMT “ölü təşkilat”dır, onun potensialını görmürəm. Özbəkistan GUÖAM üzvü də oldu bir müddət.

– Amma eyni zamanda Ermənistanla diplomatik əlaqələr qurmayan dövlətdir…

– Hə, bu baxımdan Ermənistanla bağlı ən qəti mövqe göstərən Özbəkistandır. Hər halda, orada çox maraqlı proseslər baş verir. Rusiyanın zəifləməsi təkcə Ukraynada baş vermir. Nüfuz dairələri zəifləyəcək, həm Orta Asiyada, həm Cənubi Qafqazda. Bu, tarixi prosesdir, qaçılmazdır. Təbii ki, boşluq olan yerdə digər oyunçular orada fəallaşacaqlar.

– Qaraqalpaqların yaşadığı ərazi həm də böyük ehtiyatlara malikdir. Eyni zamanda vaxtilə ərazi Rusiya Federasiyasının tabeçiliyində olub. Çar Rusiyasının hegemonluq etdiyi ərazilərə iddia irəli sürən Putin Rusiyası Qaraqalpaqstana iddia irəli sürə bilərmi?

– Bu da ritorik bir sualdır. Bilirsiniz nəyə görə? Mən o fikri təkrarlamaq istəyirəm: o qədər məntiqsiz addımlar atılıb ki, Rusiyanın bu məsələdə vəziyyəti gərginləşdirməsi məntiq və imkanlardan kənar bir taktika olacaq. Güclə Ukraynaya da heç nə edə bilmir. Gücləri səfərbər edib, amma real nəticələr istənilən nəticələrdən çox uzaqdır. İndi bu şəraitdə təzə bir bölgəni partladıb, yandırmaq nə qədər məntiqə uyğundur? Coğrafi baxımdan da görəcəyik ki, istər-istəməz orada mövcudluq üçün Qazaxıstan ərazisindən keçməlidir, dənizdən də çıxışı yoxdur. Bu baxımdan vəziyyət o qədər də aydın deyil. İkincisi, miqrant faktorunu da nəzərə almalıyıq. Özbəkistanı partlatmaq üçün qaraqalpak mövzusu o qədər də aktual deyil. Çünki Rusiyada işləyən böyük miqdarda özbəklər var. Onların vasitəsilə vəziyyəti partlatmaq daha asandır. Baxaq, görək nə baş verəcək.

– Yekun olaraq siz proseslərin gedişatını necə proqnozlaşdırırsınız? Gərginlik artcaq?

– Yox, mən hesab edirəm ki, proseslər tezliklə bitəcək. Ümumi gərginlik davam edədəcək. Hesab edirəm ki, bu, ikinci mərhələdə baş verəcək. Çünki Ukrayna mövzusu hələ bağlanmayıb. Hələ məntiqli hansısa yekun yoxdur. Ona görə də bizim dediyimiz o proseslər bəlkə də gələcək üçün aktual olacaq. Hələ ki məndə aydın fikir yoxdur. Amma əminəm, bu, çox təhlükəli məsələ olduğu üçün özbək prezident imkanları tam şəkildə səfərbər edib məsələni bağlayacaq. Yadınızdadırsa, 10-15 il bundan əvvəl də hansısa bölgədə üsyan olmuşdu…

– Bəli, Əndican hadisələri…

– Doğrudur. Ciddi şəkildə qan tökməklə bir-iki həftəyə bu mövzu başlandı. Yəni onların təcrübəsində bu məsələlər var, hansısa hadisələrin qarşısını kəskin şəkildə almaq.

– Elə bu dəfə də sərt tədbirlərə əl atıldı, “beşikdəcə boğmağa” qərar verildi.

– Bəli. Sual olmayacaq ki, silahdan istifadə edim, ya yox? İstifadə edib istənilən hərəkatları yatıracaqlar. Hər halda, çalışacaqlar ki, təxribatçı ünsürləri izolyasiya etsinlər, nəticə əldə olunsun.

– Sanki böyük oyunçular ayrı-ayrı ölkələrdə zəif nöqtələr axtarırlar ki, görsünlər haradan metastaz verir, diqqət edirsinizmi?

– Mənə elə gəlir ki, bu, tarixdə həmişə baş verən hadisələrdir, təzə bir şey yoxdur. Bizim nəsil üçün bir az təəccüblü görünür. Amma daim bu hadisələr baş verib. Bu, tarixin normal axarıdır. Hansısa ölkələrdə proseslər potensial olaraq güclənir, sonra bir yerdə partlayış baş verir.

– Dünya maraqlı olsun deyə?

– (Gülərək) Əlbəttə. Hadisələr baş verəndə maraqlı olanlar da ortaya çıxır. Hər halda, bizdən uzaq olsunlar.

– Türk dövlətlərində sabitliyin olması bizim arzumuzdur.

– Bəli, Özbəkistan bizim üçün çox vacib müttəfiqdir, həmçinin Qazaxıstan. Bu, potensial olaraq çox vacib və aktual istiqamətdir. Xarici siyasəti nəzərdə tuturam. Ona görə də orada sabitliyin olması çox mühümdür. 

Elşad PAŞASOY,
“Yeni Müsavat”