Sabah magistraturaya qəbul imtahanı keçiriləcək
Fevralın 20-də Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirəcək.
Mərkəzdən “İki sahil”ə verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 imtahan binasında aparılacaq.
Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.
İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.
İmtahanın müddəti 3 saatdır. İmtahan başa çatdıqda və ya iştirakçı tərəfindən yekunlaşdırıldıqda cavab kartı ilə yanaşı, sual kitabçası da nəzarətçiyə təhvil verilir.
COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək vacibdir.
İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. Bədən hərarəti 37 dərəcə və ya ondan yuxarı olan iştirakçılar imtahana buraxılmır. İmtahan zallarında bakalavrların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.
Xatırladaq ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 1 dən 10-dək aparılıb. İmtahanda iştirak etmək üçün 17 min 97 bakalavr ərizə təqdim edib. Onlardan 15 min 653 nəfəri Azərbaycan bölməsi, 1444 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 10 min 307-si cari ilin, 6 min 790-ı əvvəlki illərin məzunlarıdır, 33 nəfər isə xarici ölkə vətəndaşıdır. Magistraturaya qəbul olmaq istəyən ən cavan bakalavr 2003-cü il, ən yaşlı bakalavr isə 1963 cü ildə anadan olub.
Qəbul imtahanı Bakıda 50, Sumqayıtda 5, Abşeronda 3, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 12 min 307, Naxçıvanda 558, Gəncədə 1418, Sumqayıtda 1208, Abşeronda 698, Mingəçevirdə 574, Lənkəranda 334 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 271 imtahan rəhbəri və ümumi rəhbər, 1590 nəzarətçi-müəllim, 146 buraxılış rejimi əməkdaşı cəlb olunacaq.
Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 14-dən etibarən DİM-in internet saytına daxil olub “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.
Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:
– Şəxsiyyəti təsdiqləyən sənədin əslini;
– “İmtahana buraxılış vərəqəsi”ni.
– “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və bakalavr tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).
Göstərilən sənədlər arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.