22 Noyabr 2024

Rusiyanın qısnadığı Avropa üzünü Azərbaycana tutur – böhranın diktəsi

İlham Şaban: “Fevralın 4-də TAP-ın genişlənməsi məsələsi müzakirə olunacaq…”

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib ki, Avropa İttifaqı (Aİ) Azərbaycanla qaz tədarükünün artırılması imkanları ilə bağlı danışıqlar aparır. O qeyd edib ki, fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi üzrə nazirlər səviyyəsində görüşdə, fevralın 7-də isə Vaşinqtonda Aİ-ABŞ Enerji Şurasının iclasında iştirak edəcək.

Aİ yetkililəri ilə yanaşı, ABŞ hökuməti də Avropaya qaz tədarükünü artırmaq üçün hərəkətə keçib. Prezident Co Bayden ABŞ-ın maye qaz tədarükçülərini Avropaya yönəltmək üçün zəruri addımların atıldığını bəyan edib. Eyni zamanda, bu ay onun Qətər əmiri ilə görüşəcəyi və yaxınmüddətli dövrdə Avropaya qaz satışını artırmaq yollarını müzakirə edəcəyi gözlənilir. Aİ və ABŞ-ın qaz bazarında belə aktivləşməsi Ukraynaya mümkün müdaxilə halında Rusiyadan qaz nəqlinin dayanmasına hazırlıq kimi qiymətləndirilir. Çünki Avropanın bu qış qaz təchizatı ilə bağlı yaşadığı böyük böhran ötüşməmiş onun Ukrayna ətrafında gərginliyin yaranması onun daha da dərinləşməsinə rəvac verə bilər.

Dünən “Financial Times” öz mənbələrinə istinadən Avropa İttifaqı, Böyük Britaniya və ABŞ-ın mümkün müharibə halında Rusiyanın bütün yeni qaz layihələrini dayandıracaq sanksiyalar hazırladığına dair məlumat yayıb. Sanksiyalar müharibə başlayacağı təqdirdə Rusiyada qaz hasilatı, emalı və nəqlini nəzərdə tutan bütün layihələr üçün zəruri olan texniki avadanlıqların satışına qadağa qoyulmasını nəzərdə tutur. Bu isə yaxın onillikdə yalnız boru deyil, maye qaz bazarında da önə çıxmaq planları quran Rusiyaya çox ağır zərbə vura bilər. Düzdür, “Financial Times” sanksiyalar tətbiq olunacağı halda, Avropanın Rusiyanın qaz sektorunda işləyən bp, Total, Shell şirkətlərinin də zərər çəkəcəyini yazır. Lakin bu perspektiv Qərbin sanksiya planından çəkilməsi üçün yetərli səbəb hesab olunmur.

Maraqlıdır ki, sanksiyaların Rusiyanın energetik sektorundan kənardan keçməsini arzulayan Almaniyanın xarici işlər naziri Annalena Berbok bəyan edib ki, ölkəsi “Şimal Axını-2″ layihəsini də sanksiya dairəsinə daxil etməyə hazırdır.

Bir çox analitik mərkəzlər hesab edirlər ki, Qərbin sanksiyaları nə qədər ağır olsa da, energetika sektoruna toxunmasa, Rusiya Avropaya qaz nəqlini dayandırmayacaq. Çünki bu halda Rusiya hasilatı sürətlə kəskin şəkildə azaltmalıdır ki, bu da faktiki olaraq mümkün deyil. Düzdür, bəlkə də müharibə perspektivini hesablayaraq Rusiyanın “Qazprom” şirkəti Avropadakı ehtiyat anbarlarına indiyədək görünməmiş səviyyədə az qaz vurub – 20-30 faizə qədər. Güman olunur ki, Avropa sərt sanksiyalara əl atdığı təqdirdə Rusiya hasilatı yataqlara, quyu və infrastruktura zərər vurmadan azaldana qədər çıxarılacaq qaz həcmlərini anbarlara yığa biləcək. Lakin anbarların tutumu ən yaxşı halda 10 günlük nəql həcmlərini depolamağa imkan verir. Hasilatın zərərsiz azaldılması üçün 4-5 həftədən bir neçə ayadək vaxt tələb edir.

Hətta Rusiya Avropaya qaz nəqlini dayandırmasa belə, satdığı məhsulun pulunu almaq kimi problemlə üzləşə bilər. Belə ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Layen dünən CNN-ə bəyan edib ki, Aİ Ukraynaya müdaxilə olduğu təqdirdə Rusiyanın SWIFT beynəlxalq köçürmələr sistemindən çıxarılması imkanını müzakirə edir. Layenin sözlərinə görə, Avropa Rusiyaya çox böyük zərər vurmaq imkanlarına malikdir, çünki ölkənin ən böyük alıcısı Avropadır.

Rusiyadan Polşa ərazisi Ilə Avropaya Qaz Nəqli Dayandılıb

Hazırda Avropada qış keçən ilkindən xeyli mülayim keçir. Bu isə qaza tələbatı da aşağı salır. Ötən il kəskin  qışdan Avropa son 5 ildə ən aşağı qaz ehtiyatları ilə çıxdı. Yaz, yay və payız dövründə Rusiya anbarları dolduracaq qədər qaz satmaqdan imtina etdi. Asiyada pandemiyadan sonrakı iqtisadi bərpanın sürətlənməsi nəticəsində tələbat və təbii qazın qiyməti yüksək olduğuna görə maye qaz tankerləri Avropaya deyil, Asiyaya üz tutdu. Asiya ilə qiymət rəqabətinə girişməyən Avropa isə son nəticədə, qışa keçən ilkindən 15 faizə qədər az qaz ehtiyatı ilə daxil oldu. Bu isə noyabr-dekabr aylarında qaz bazarında qiymətlərin hər 1000 kubmetr üçün 1500-2000 dollara qədər bahalaşmasını şərtləndirdi. Lakin yanvar ayının əvvəlindən havaların mülayimləşməsi qiymətin 1000 dolların altına düşməsinə, həm də anbarlardan daha az qaz götürülməsinə səbəb olub. Eyni zamanda Avropada qiymətlərin yüksəlməsi, Asiyada azalması maye qaz tankerlərinin qoca qitəyə istiqamətlənməsinə gətirib çıxarıb. Hesablamalara görə, dünyanın ən böyük maye qaz ixracatçısı olan ABŞ-dan çıxa maye qaz tankerlərinin noyabrda 48 faizi, yanvarın əvvəlində isə yarıdan çoxu Avropaya gedib. Bu da qiymətlərin azalmasına təsir edən amillərdən biridir. Eyni zamanda bu, Avropa ölkələrinə anbarladan daha az qaz götürməyə imkan verib. Lakin buna baxmayaraq, Rusiyadan nəql dayanarsa, Avropa hazırkı ehtiyatlarla qışdan çıxmağı bacarmaya bilər. Hər halda, “Qazprom” şirkətinin açıqladığı məlumat belə deməyə əsas verir. Belə ki, yanvarın 25-nə olan məlumata əsasən Avropanın qaz anbarlarındakı ehtiyatlar keçən ilin eyni dövründəkindən 26,9 faiz – 14,9 milyard kubmetr az olmaqla cəmi 44 milyard kubmetrdir. Hazırda anbarlar 40,9 faiz doludur. Almaniya və Fransada isə bu,39 faizdir. Ukrayna anbarlarında qalan qazın həcmi 11,8 milyard kubmetr təşkil edir. Rusiya anailitikləri bu həcmlərin Avropanı qışdan çıxarmaq imkanında olmadığını iddia edirlər. Qərb mərkəzləri bunun belə olmadığı qənaətindədirlər. Bildirilir ki, mövcud ehtiyatlar, həmçinin digər mənbələrdən idxalın artırılması hesabına Avropa Rusiya qazı olmadan qışdan çıxa bilər. Lakin bu, anbarların demək olar ki, tamamilə boşalmasına gətirib çıxaracaq. Rusiyadan nəql bərpa olunmazsa, növbəti istilik mövsümünə qədər anbarlarda zəruri həcmdə qaz toplamaq mümkün olmayacaq ki, bu da növbəti mövsümdə də qitənin problemlə üzləşməsinə səbəb olacaq.

Hətta Rusiya Ukraynaya müdaxilə etməsə, sanksiyalar olmasa belə, artıq Avropa İttifaqı Moskvadan enerji kimi strateji məsələdə asılılıqda qalmağın nə qədər təhlükəli olduğunu tam kəskinliyi ilə öz üzərində hiss edib. Buna görə alternativ mənbələrdən qaz tədarükünü artırmaq üçün Avropa İttifaqı təcili fəaliyyətlərə başlayıb. Belə mənbələrdən biri, əlbəttə, Azərbaycan, həmçinin onun üzərindən olmaqla Türkmənistandır.

Sonuncunun qaz satış bazarını genişləndirmək planları kifayət qədər ambisiyalıdır. İki gün əvvəl Türkmənistan Mərkəzi Bankı qaz hasilatını artırmaq işlərini maliyyələşdirmək üçün 67,11 milyon dollar vəsait ayırıb. Hazırda Çinə ildə 40 milyard kubmetr qaz ixrac edən Türkmənistanın öz məhsulunu Hindistana, həmçinin Avropaya çıxarmaqda çox maraqlı göründüyü açıq hiss olunur. Aşqabad həm Çinə ixracı artırmaq üçün yeni xəttin inşasına başlayıb, həm Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərinin tikintisi üzrə işləri sürətləndirməyə nail olub. TAPI adlanan bu kəmərin illik ötürücülük gücü 33 milyard kubmetr təşkil edəcək. Əfqanıstanda Taliban hakimiyyətə gələndən sonra taleyi sual atlına düşən kəmərin tikintisinə Taliban rəhbərliyi tam təhlükəsizlik zəmanəti verib. Türkmənistan kəmərin Əfqanıstan ərazisindən keçən hissəsinin mart ayından başlanacaq tikintisini özü maliyyələşdirəcək, sonradan Taliban kəmərdən əldə etdiyi gəlirlə borcunu qaytaracaq.

Türkmənistan həmçinin İran vasitəsilə Azərbaycana, faktiki olaraq oradan Avropaya qaz ötürməyə başlayıb. İldə 1,5-2 milyard kubmetr, əlbəttə, kiçik həcmdir. Lakin yaxın perspektivdə bu həcmin artması da real perspektiv hesab olunur. Eyni zamanda “Dostluq” neft-qaz yatağının Azərbaycanla birgə işlənməsi layihəsi çərçivəsində işlər də sürətləndirilir. “Dostluq”dan çıxarılacaq neft və qazın Azərbaycan üzərindən Avropaya ötürülməsi nəzərdə tutulur. Bunun üçün yataqdan Azərbaycana məxsus “Azəri-Çıraq-Günəşli” yatağına qədər 12 km-lik sualtı boru xəttinin çəkilməsi planlaşdırılır. Bundan əlavə, ABŞ şirkətləri Türkmənistan sahillərindən “Azəri-Çıraq-Günəşli”yə qədər – 42 km-lik qaz kəmərinin çəkilməsini nəzərdə tutan layihə üzərində işləyirlər. Bu kəmər Xəzər dənizini tam keçmədiyi üçün digər dövlətlərdən razılıq alınmasına ehtiyac qalmayacaq. Artıq Rusiya mətbuatında bu layihə ilə bağlı müzakirələr genişlənməkdədir. Rusiyalı analitiklər Türkmənistan, hətta İran qazının Avropaya çatdırılması sahəsində ABŞ və Avropaya yeganə dəstəyi Azərbaycanın verə biləcəyini, bu məsələdə həlledici sözün Bakıda olduğunu bildirirlər.

İlham Şaban: “İlin ikinci yarısıneftə tələbatın artacağını göstərir”

İlham Şaban

Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, Azərbaycanın Avropaya qaz ixracını artırmaq imkanları var: “Azərbaycan qazı 2020-ci ilin dekabrında Avropaya çatıb. 2021-ci ildə Avropa Azərbaycandan proqnozda nəzərdə tutulandan 60 faiz çox – 5 milyard kubmetrə qarşı 8 milyard 150 milyon kubmetr qaz alıb. 2022-2023-cü illərdə Avropaya qaz ixracımız daha da artacaq. Bunu Azərbaycan Prezidenti İtaliya mətbuatına müsahibəsində bəyan edib. Bu il Avropaya 9 milyard, gələn il isə 11 milyard kubmetr qaz nəql olunması nəzərdə tutulur. Soruşa bilərsiniz ki, bəs TAP-ın ötürücülük gücü 10 milyard kubmetrdir, 11 milyardı necə ötürəcək? Məsələ burasındadır ki, böyük kapital sərf etmədən TAP-ın ötürücülük gücünü 10 faiz artırmaq mümkündür. Fevralın 4-də Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 8-ci toplantısında çox önəmli qonaqlar iştirak edəcək. O cümlədən Avropa İttifaqının enerji komissarı. Məqsəd Azərbaycandan Avropaya qaz ixracının artırılması yollarını müzakirə etməkdir. Azərbaycan Prezidenti bildirib ki, toplantıda TAP-ın ötürücülük gücünün ikiqat artırılması müzakirə olunacaq”.

Ekspert bildirir ki, Azərbaycan qazı Cənubi Avropa və Balkan ölkələrinə çatır: “Çünki infrastruktur buna hesablanıb”.

Qeyd edək ki, Cənubi Avropada, Balkanlarda təminat güclənərsə, ora digər mənbələrdən yönələcək qaz həcmlərinin Avropanın digər ölkələrinə çatması mümkün olacaq. Bu isə Azərbaycanın Avropanın enerji təminatında rolunun daha da güclənməsi demək olacaq.