23 Dekabr 2024

Rusiya yalnız ruslar üçün? – Öldürülən azərbaycanlı gənclə zəncinin tale oxşarlığı

Azərbaycanın bir qrup tanınmış ictimai xadimi Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Onların arasında rus millətindən olan bir neçə nüfuzlu şəxs də var.

Müraciətdə Putindən az öncə Novosibirskdə yol polisi Aleksanr Qusev tərəfindən 19 yaşlı azərbaycanlı Vəkil Allahverdiyevin vəhşicəsinə güllələnərək qətlə yetirilməsi ilə bağlı cinayət işinin obyektiv aparılması, günahkarların layiqli cəza alması istənilir. Təbii ki, bu çağırışa biz də qoşuluruq. Çünki son vaxtlar Rusiyada öz təsir dairəsini genişləndirən ksenofobik çevrələr, “qeyri-slavyanlar”a anti-patiyası olanlar məsələdə az qala, söz sahibi kimi görünürlər, nəinki Rusiyanın konstitusiyası, qanunları.

Yəni qənaət hasil olur ki, əgər öldürülən gənc tutaq ki, azərbaycanlı yox, rus və ya slavyan olsaydı, o zaman cinayət törətmiş polis əməkdaşına bu şəkildə qahmar çıxılmayacaq, hətta telejurnalist, hakim “Vahid Rusiya” partiyasından deputatlığa namizəd, şovinist Mariya Butina kimilər qatil polisi mükafarlandırmaq kimi arsız təklif verməycəkdilər…

İnsan üçün ən qiymətli olan şey əlbəttə ki, onun həyatı, yaşam haqqıdır. Bundan o yanası yoxdur. Odur ki, bu ali dəyərə insan saçının rənginə, dilinə, dininə görə qiymət qoymaq, ən yumşaq şəkildə desək, əxlaqsızlıqdır, mağara təfəkkürünün təzahürüdür. Belə düşüncəni deputat mandatına iddialı birisi daşıyırsa, ikiqat pisdir, Rusiya dövləti adına isə utancvericidir. Hansı əsrdə yaşayırıq? Axı Rusiya çoxmillətli dövlətdir. Özü də o millətlərin hamısı tarixi vətənlərində yaşayır, heç də ordan-burdan gəlmə deyillər. Gəlmə, istilaçı varsa da, onların adını hamı yaxşı bilir.

Sözü ona gətiririk ki, Rusiyadakı köklü xalqların əsası var düşünsün ki, sabah bir çeçenin, başqırdın, tatarın, kəsəsi, qeyri-slavyanın başına belə şey gəlsə, o zaman da süçlü ağına-bozuna baxılmadan həmin o çeçen, tatar, başqırd olacaq, nəinki silahını yalnız müstəsna hallarda, özünü-müdafiə məqsədilə istifadə eləməli olan rus polisi. Əgər bu gün qatil Qusev azadlığa buraxılırsa, sabah digər polislər niyə də eyni əməli törətməyə həvəslənməsin?..

Diqqət edin, Rusiya telekanalları, bütövlükdə Rusiyanın təbliğat maşını hələ də ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən boğularaq öldürülməsi olayını Amerika demokratiyası və insan haqlarına ləkə, üz qarası kimi təqdim edir. Bu haqda sonuncu geniş süjet ötən həftə qətlin ildönümü (27 mat 2020) ilə bağlı ORT-nin (“1-ci kanal”) efirində getdi. Qiymətləndirmə ilə razıyıq, həmin olay amerikalı ağ dərili polisin öz səlahiyyətini aşmasının, daha dəqiqi, irqçi davranışının nəticəsi idi.

Ancaq həmin amerikalı qatil polis artıq layiqli cəzasını alıb. Bəs Novosibirskdəki faciəvi olay? ABŞ-dakından çoxmu fərqlənir görəsən? Nədən polis zabiti Qusev azad edildi? Niyə Rusiya telekanalları eyni prinsipiallıqla polisin aşırı qəddarlığını tənqid eləmir, olayla bağlı obyektiv süjet hazırlamır, əksinə, cinayət törətmiş polisin əməlinə susqunluq nümayiş etdirir? Yaxşı olmazmı ABŞ-ın gözündə “tük” axtaranlar öz gözlərində “tiri” də görsünlər?

Ümid eləmək qalır ki, insidentlə bağlı təhqiqat ən yüksək səviyyədə nəzarətə götürüləcək, günahkar(lar) layiqli cəzalarını alacaqlar. Çünki söhbət arıq iki ölkə arasında 44 günlük müharibədən sonra kifayət qədər həssas dönəm yaşayan münasibətlərə xal düşmə riskindən gedir. Axı bu da Şuşaya atılan “İsgəndər” raketləri ilə bağlı müəmma deyil ki, cavablandırmaq çətin olsun. Yeri gəlmişkən, “İsgəndər” olayı ilə əlaqədar Rusiya səfirliyinə müraciət indiyədək cavabsız qalır…

Nəhayət, mono-etnik dövlətə çevrilən Ermənistandan Rusiyanın hansısa fərqli olmalıdır, ya yox. İnsafən, bu yaxınlarda Putin çıxışlarının birində demişdi ki, “mağara millətçiliyi Rusiya dövlətini məhvə aparan yol olardı”. Novosibirsk olayının obyektiv istintaqı həm də Rusiyanın öz imici üçün, miqrantların təhlükəsiz yaşaması, güvəndə olması üçün ölkədə bütün şəraitin yaradıldığını sübut eləmək üçün vacibdir. O miqrantlar ki, hazırda rusların özləri də etiraf edir ki, Rusiyaya çox lazımdır. Təkcə ucuz işçi qüvvəsi kimi yox, həm də əhalisi sürətlə azalan ölkənin demoqrafik göstəricisini yaxşılaşdırmaq üçün…

Zahid SƏFƏROĞLU