Rusiya Türkiyə qarşısında geri çəkilir: Ərdoğan Putinə şans verəcəkmi
Rusiya xarici işlər nazirinin ABŞ-ı Suriyada bəzi terror təşkilatlarını dəstəkləməkdə suçlaması Kremlin Türkiyənin antiterror əməliyyatlarına qarşı çıxmayacağını göstərir… Sergey Lavrovun “Biz Cənubi Qafqazda necə fəaliyyət göstərəcəyimiz barədə anlaşma əldə etdik” deməsi də, Rusiyanın bu regionda Türkiyənin geopolitik iradəsinə müqavimət göstərməyəcəyini də biruzə verir…
Rusiya Türkiyə ilə normal münasibətlərin mövcudluğundan maksimum səviyyədə yararlanmağa çalışır. Rəsmi Ankaranın beynəlxalq vasitəçilik potensialı hazırda Kremlin bəzi problemləri həll edə bilməsinə yol aça bilər. Və bu səbəbdən də Rusiya Türkiyə ilə siyasi-diplomatk təmasları daha da intensivləşdirməyə həvəslidir.
Təbii ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri Kremlin Ukrayna savaşı ilə bağlı düşdüyü əlverişsiz situasiyadan çıxış yolu axtarışı prosesinin tərkib hissəsidir. Prezident Vladimir Putin xarici işlər nazirini Ankaraya müəyyən manevrlər məkanı açmaq üçün göndərdiyini düşünmək olar. Çünki, hazırda Kreml Ukrayna savaşı, Suriya, Cənubi Qafqaz və “3+3” formatı üzrə atıla biləcək istənilən addıma həssas yanaşır.
Əslində, Türkiyə və Rusiya arasında kifayət qədər ortaq maraqlar mövcuddur. Eyni zamanda, bu iki ölkənin maraqları arasında kəskin ziddiyyətlər də var. Hazırda Rusiya və Türkiyənin əsas mənafeləri Ukrayna savaşı ətrafında uzlaşmış vəziyyətdədir. Çünki, rəsmi Ankaranın həm Rusiya, həm də Ukrayna ilə strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ən əsasısa, Ukrayna savaşı Türkiyənin maraqlarına qətiyyən cavab vermir. Rəsmi Ankara bu savaşın mümkün qədər tez sona çatmasına cəhd göstərir. Və beynəlxalq vasitəçilik missiyasını da öz üzərinə götürməyə hazırdır.
Rusiya isə Ukrayna savaşında qarşıya qoyulan heç bir hərbi-siyasi hədəfini reallaşdıra bilməyib. Əksinə, beynəlxalq sanksiyalar Rusiyanı zəiflədir, Ukrayna savaşında məğlub dövlətə çevrilmə ehtimalını artırır. Ona görə də, Kreml Ukrayna savaşınının məhz indi, Rusiya üçün daha sərfəli şərtlərlə dayandırılmasında maraqlıdır. Belə vəziyyətdə Türkiyənin vasitəçilik missiyası Rusiya üçün yeganə məqbul variantdır.
Ancaq Rusiyanın Türkiyə ilə bu məsələlər ətrafında uzlaşa bilməsi üçün Kreml rəsmi Ankaraya müəyyən güzəştlər etməyə məcburdur. Xüsusilə də, rəsmi Ankara Türkiyənin Suriyada keçirtməyə hazırlaşdığı antiterror əməliyyatlarına Rusiyanın tolerant yanaşmasını gözləyir. Xarici işlər naziri Sergey Lavrovun Ankarada verdiyi açıqlamada Kremlin Türkiyəni dəstəkləyə biləcəyinə yönəlik dolayısı eyham var.
Belə ki, S.Lavrov vurğulayıb ki, ABŞ Suriyada bəzi terror təşkilatlarını dəstəkləyir. Rusiya xarici işlər naziri bu barədə danışarkən, heç şübhəsiz ki, ABŞ-ın PKK/YPG-yə verdiyi dəstəyi nəzərdə tutur. Halbuki, S.Lavrovun Ankaraya səfərindən bir qədər öncə Rusiya Xarici İşlər Nazirliyi Türkiyənin Suriyada reallaşdıracağı antiterror əməliyyatlarını bu ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn addım kimi dəyərləndirdiyini bəyan etmişdi.
İndisə, S.Lavrovun açıqlaması Rusiyanın mövqeyinin dəyişmək üzrə olduğunu göstərir. Yəqin ki, Türkiyə və Rusiya xarici işlər nazirləri arasında keçirilən qapalı görüşdə bu məsələ ilə bağlı müəyyən anlaşmalar əldə olunub. Ümumiyyətlə, Kreml Rusiyanın tərk etmək ehtimalı olan bölgələrin ABŞ və Qərbin deyil, məhz Türkiyənin nəzarətinə keçməsində daha çox maraqlıdır. Və bu, Rusiyanın öz hərbi kontingentinin bir hissəsini artıq çıxartdığı Suriyada da baş verə bilər.
Digər tərəfdən, Cənubi Qafqazda da eyni prosesin ön plana keçə biləcəyi qətiyyən istisna deyil. Belə ki, Rusiya Cənubi Qafqazı tərk etdikcə, Türkiyə bu regionda boşalan mövqeləri doldurmağa başlayacaq. S.Lavrovun “Biz Cənubi Qafqazda necə fəaliyyət göstərəcəyimiz barədə anlaşma əldə etdik” deməsi də, Rusiyanın bu bölgədə geri çəkiləcəyini və Türkiyənin geopolitik iradəsinə müqavimət göstərməyəcəyini biruzə verir.
Əslində, hazırda Rusiya hansısa prosesə müqavimət göstərmək imkanlarını böyük sürətlə itirməyə başlayıb. İndi elə vəziyyət yaranıb ki, hətta Bolqarıstan, Qaradağ və Şimali Makedoniya kimi kiçik dövlətlər Rusiya xarici işlər nazirinin Serbiyaya səfərini bloklamağa belə, cəsarət edirlər. Türkiyə isə Rusiya rəsmilərinin sərbəst səfər edə biləcəyi bir neçə ölkənin sırasına daxildir. Və Kreml indiki taleyüklü mərhələdə Türkiyəni özündən narazı salmaz.
Ona görə də, hazırda Rusiya Türkiyə ilə “3+3” formatı üzərindən də daha sıx əməkdaşlıq etməkdə maraqlıdır. Çünki “3+3” formatı Rusiya üçün ABŞ və Qərbin Cənubi Qafqaza yerləşməsinin qarşısını ala biləcək olduqca önəmli platformadır. Bu səbəbdən də, Kreml “3+3” formatı üzrə fəaliyyətin aktivləşdirilməsində xüsusi can-fəşanlıq edir.
Ancaq bütün bunlara baxmayaraq, hazırda Rusiya üçün daha böyük əhəmiyyət daşıyan Ukrayna savaşının sülh danışıqları prosesi ilə dayandırılması istiqamətində Türkiyənin rolu o qədər də perspektivli görünmür. Çünki Ukrayna birmənalı şəkildə ABŞ və Böyük Britaniyanın təsiri altındadır. Bu iki dövlət icazə vermədən rəsmi Kiyev Rusiya ilə heç bir məsələdə anlaşmaz. Rəsmi Kiyev bu mərhələdə hələlik yalnız sülh danışıqlarından imtina etmədiyini bəyanlamaqla, kifayətlənir. Eyni zamanda, Rusiyanın qəbul etməyəcəyi şərtləri gündəmə gətirməklə, sülh danışıqları prosesini müvəqqəti də olsa, bloklamağa çalışır.
Ona görə də, mövcud situasiyada Ukrayna savaşı ilə bağlı Türkiyə və Rusiya arasında aparıla biləcək danışıqlar yalnız taxılın ixracına şəraitin yaradılması mövzusuyla məhdudlaşacaq kimi görünür. Rəsmi Ankara Ukrayna taxılının dünya bazarlarına çıxarılması prosesində əsas vasitəçi dövlət missiyasını öz üzərinə götürüb. Kreml isə taxıl məsələsini Rusiyasnın istifadə edə biləcəyi yeni “silaha” çevirməyə çalışır. Bu baxımdan, Türkiyə və Rusiya arasında Ukrayna taxılının ixracı mövzusunda danışıqların müəyyən ziddiyyətlərlə qarşılaşa biləcəyi də qətiyyən istisna deyil.
Ancaq Kremlin Rusiya xarici işlər nazirinin Türkiyəyə səfərinə böyük ümidlərlə baxdığı da şübhə doğurmur. Hər halda, Kreml indi Rusiyanın mövqeyini beynəlxalq məkana daşımaq üçün Türkiyədən başqa “diplomatik pəncərə”yə malik deyil. Ona görə də, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana güvəndiyini gizlətməyən prezident V.Putinin Rusiya xarici işlər nazirinin Ankara səfərindən ümidverici nəticələr gözlədiyini də ehtimal etmək olar. Kreml sahibinin bu ümidlərinin hansı səviyyədə doğrulacağı isə yəqin ki, Rusiyanın Türkiyəyə edəcəyi güzəştlərin təsiri ilə hadisələrin sonrakı inkişafı sayəsində aydınlaşmağa başlayacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu