22 Dekabr 2024

Rusiya Azərbaycanın neft-qaz kəmərlərini nəzarətə götürür – sərhəddə böyük müəmma

Kreml Azərbaycanla müttəfiqlik münasibətlərinə zidd addıma gedir; Bakıdan etirazlar

Bir aydan çoxdur ki, Ermənistanın Dilican vilayətinin Berd rayonunun Ayqepar kəndi yaxınlığındakı keçmiş hava limanının ərazisində aktiv tikinti işləri aparılır. Yayılan məlumata əsasən, burada Rusiyanın yeni hərbi bazasının yerləşdirilməsi gözlənilir.

Məsələ ilə bağlı “Azatutyun” radiosu bildirir ki, hələ ötən ay hökumət “Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşdirilmə məntəqələri haqqında” protokola dəyişiklik edilməsinə başlayıb. Hökumətin saytında yerləşdirilən əsaslandırmaya görə Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşdirmə məntəqələrinin ünvanları dəyişdiriləcək. Bununla əlaqədar torpaq sahələri ilə də bağlı dəyişikliklər edilməsi zərurəti yarandığı qeyd edilir. Əsaslandırmanı müdafiə naziri Suren Papikyan təqdim edib. Beləliklə, Ermənistan ərazisində Rusiya hərbi bazasının yerləşdirmə məntəqəsinin dəyişməsi gözlənilir. Hökumətin artıq müvafiq qərarı var, lakin prosesə başlanılması üçün müqavilə hazırlanmalı və nəhayət, parlamentdə ratifikasiya edilməlidir.

Ermənistan Müdafiə Nazirliyinin bu xüsusda dərc etdiyi paketdə ünvanlar, torpaq sahələrinin xüsusiyyətləri və digər rekvizitlər göstərilməyib. Amma gözləntilər bundan ibarətdir ki, rus hərbçiləri Berd rayonuna köçürüləcək. Artıq Berddə tikinti gedir. Yerli sakinlərin dediyinə görə, tikintiyə rəhbərlik edənlər arasında ruslar da var. Burada nə qədər rus hərbçisinın olacağı və onların hansı missiya yerinə yetirəcəyinə Ermənistan Müdafiə Nazirliyi hələ ki cavab vermir. Berd icmasının sədr müavini Samvel Hovsepyanın sözlərinə görə, hava limanının ərazisi icmaya aid deyil, onların işi yalnız tikintiyə icazə verməkdən ibarət olub: “Yəqin ki, ərazi Nəqliyyat və Rabitə Nazirliyinə məxsus olub, lakin qədim zamanlardan bura aeroportun ərazisi olub, icma mülkiyyəti deyil”. Burada bir maraqlı məqamı qeyd edək ki, Berd rayonunun Ayqepar kəndi Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndindən bir kilometr aralıda yerləşir. Ermənistanın buradakı hava limanının ərazisi də Azərbaycan Ordusunun nəzarətindədir. İndi ermənilər Rusiya hərbçilərinin sərhədin bu hissəsində olmasını təhlükəsizliyin təminatı hesab edirlər. Maraqlıdır, sərhəddə rus ordusunun sayı nə qədər olacaq və hansı missiyadan söhbət gedir? Hələlik Ermənistan Müdafiə Nazirliyi bu suallara cavab vermir. 102-ci hərbi baza isə Gümrü şəhərində qərar tutur. Əsası 1992-ci ildə qoyulan hərbi bazanın hava komponenti paytaxt İrəvandadır. Razılaşmaya əsasən, baza bu ölkədə 2044-cü ilədək qalmalıdır.

Bu yerdə qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı Rusiya hərbi bazasının yeni dislokasiya məntəqəsinin Azərbaycan üçün təhlükəli olduğunu yazıb: “Tovuz rayonunun Əlibəyli kəndindən 1 kilometr məsafədə tikilən hərbi məntəqə Azərbaycandan keçərək Gürcüstana, Türkiyəyə, oradan da Avropaya gedən neft-qaz kəmərləri də daxıl olmaqla, bütün beynəlxalq kommunikasiyalara nəzarət imkanı əldə edə bilər. Həmin ərazidə Rusiya hərbi bazası yalnız Azərbaycan və bölgə dövlətləri üçün deyil, həm də beynəlxalq təhlükəsizliyə təhdid kimi qiymətləndirilməlidir. Azərbaycan hökuməti məsələni beynəlxalq müzakirəyə çıxarmalı, bu hərbi bazanın tikintisinin dayandırılmasına nail olmalıdır”.

Situasiyanı necə şərh etmək olar? Rusiyanın məqsədi nədir?

Qafar Çaxmaqlı: “Zəngəzur dəhlizi gələcək nəsillərə buraxacağımız ən böyük  hədiyyəmiz olacaq”

Qafar Çaxmaqlı 

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Gümrüdəki 102-ci bazanı saxlamaqla, Ermənistan ərazisində ikinci hərbi bazanın yaradılması Rusiyanın çoxdankı planıdır: “Bu bazanın Azərbaycan sərhədlərinə yaxın ərazidə yerləşdirilməsi isə Rusiyanın Cənubi Qafqazda kommunikasiya xətlərinə nəzarət etmək planına daxildir. Zaman-zaman hətta 102-ci bazanın Ermənistandan çıxarılması tələblərinin səsləndirilməsi isə İrəvanın Rusiyaya təzyiqi olub. Bu tələblər Rusiyadan bəzi güzəştləri qopartmaq məramından qaynaqlanıb”. Q.Çaxmaqlı hesab edir ki, Rusiyanın bölgədə söz sahibi olması üçün belə bir hərbi bazaya ehtiyacı var: “Arada üçüncü bazadan da söhbət açılır, Qərbi Zəngəzurda da hərbi varlığını sürdürmək üçün Rusiyanın cəhdlər edəcəyini gözləmək olar. Rusiya buradan keçəcək dəmir yoluna, bütün beynəlxalq kommunikasiyalara nəzarət etmək üçün imkanlar əldə etmək istəyir. Bütün bunlar Azərbaycanın maraqlarına ziddir. Bu səbəbdən yeni bazanın tikintisinin dayandırılması üçün tədbirlər görülməlidir. İlk növbədə beynəlxalq etiraza nail olmaq lazımdır”.

Uzeyir Ceferov ordudan ehtiyata buraxildi

Üzeyir Cəfərov 

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov hesab edir ki, Azərbaycan sərhədlərinin bir addımlığında baş verənlər çox təhlükəli və olduqca narahatedici hadisələrdir: “Kimsə bunu Ermənistanın və onun əbədi yiyəsi olan Rusiyanın daxili işi hesab edirsə, çox böyük yanlışlığa və səhvə yol verir. Baş verənlər Azərbaycana  yönəlik addımdır və biz buna öz qəti etirazımızı bildirməliyik. Ortaya sual çıxır: necə olur ki, bu ilin fevralında Azərbaycanla guya müttəfiqlik sazişi imzalayan bir dövlət sərhədlərimizin cəmi min metrliyində özünə hərbi hissə tikir və bu haqda bizə ən azından etika baxımından heç bir bilgi və məlumat vermir? Və bu tikilən hərbi infrastrukturun məqsədi və məramı nədir? Onsuz da Ermənistanın istənilən nöqtəsi Rusiya ordusu tərəfindən sərbəst və rahat istifadə olunur. Bəs bu addım nəyə hesablanıb?” Ü.Cəfərov əmindir ki, Rusiyanın məqsədi birdir: “Əlbəttə ki, qərb istiqamətindən keçən iqtisadi layihələri hədəfə almaq və lazım olanda o çirkin təzyiq üsulundan istifadə etmək. Bunu başa düşmək üçün hansısa dərin biliyə və savada malik olmaq tələb olunmur. Orada digər xoş olmayan məqsədlər də var ki, onlar haqqında geniş yazmıram ki, düşmənlər elə bilməsinlər ki, bizim bu haqda bilgimiz yoxdur. Daha sonra ortaya bir başqa sual da çıxır ki, axı Ermənistan Azərbaycanla hansısa sülh müqaviləsi haqqında danışırdı. Bəs bunu necə başa düşmək olar ki, məhz ən həssas nöqtədə Ermənistan bizə qarşı yönəlik bir xoş olmayan qərara icazə verib? Yəni bu ideya və təklif Rusiya tərəfindən gəlsə də, ən azından bölgədə sülh, normal qonşuluq istəyən Ermənistan ruslara deməliydi ki, siz bu addımınızla bizi pis vəziyyətə qoyursunuz. Bəlkə bu, elə deyil, cənablar və yoldaşlar?! Axı 2020-ci ilin iyulunda baş vermiş məlum silahlı toqquşma məhz o istiqamətdən keçən enerji xətlərinə yaradılmış təhlükələrdən dolayı olmuşdu. İndi də bu addım, onu deməyə əsas verir ki, Rusiya hələ də bölgədə sabitliyin bərqərar olmasını istəmir və buna mane ola biləcək addımlar atır”. Polkovnik qeyd etdi ki, bu məsələ təkcə Azərbaycan üçün deyil, beynəlxalq aləm üçün də narahatlıq yaratmaq üçün Rusiya tərəfindən xaincəsinə düşünülən addımdır: “Ona görə də rəsmi Bakı bu məsələdə bir qədər sərt üzünü göstərməli və etirazını dilə gətirməlidir. Burada görülən işlər bir müddət sonra bizə xeyli başağrısı gətirəcək. Rusların atdıqları addım heç də xoşməramlı deyil və təzyiq etmələri üçün daha bir plandır. Mən vəziyyəti belə görürəm”.

Soçi Bəyanatı diplomatik qələbələrimizin davamıdır”- Tural İsmayılov

 Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov isə qeyd etdi ki, burada çox incə məqamlar var: “Rusiya hələ Sərkisyan hakimiyyəti dövründə Ermənistandakı hərbi mövcudluğunu genişləndirmək barədə razılığa gəlmişdi. Hədəf Gümrüdəki hərbi bazanı ana qərargah edib əsas istiqaməti Ermənistanın sərhəd bölgələrində olan yeni Rusiya alayı, yaxud kazarmaları yaratmaq idi. Sərkisyan bu məsələdə ilkin razılıq da vermişdi. Sorosun Ermənistanda hakimiyyətə gəlməsi Rusiyanın planlarını bir qədər axsatdı. Amma Paşinyan forpost ölkəni heç bir zaman Rusiya mülkiyyətindən çıxara bilmədi. Və indi Paşinyan komandası özü Rusiyaya hərbi mövcudluğunu gücləndirməsi üçün bir növ yalvarır. Mənə elə gəlir ki, ilkin mərhələdə Berd ərazisində böyük sayda olmayan rus hərbçiləri yerləşəcək. Buraya Rusiya Silahlı Qüvvələrinin bir çox sahələr üzrə ixtisaslaşmış kadrlarının göndəriləcəyini də güman edirəm. Say tərkibi Gümrüdəki hərbi bazanın yarısı qədər ola bilər. Nəzərə alaq ki, Suren Papikyan Azərbaycanın qorxusundan uzun müddətdir Rusiyaya Gümrü bazasının başqa şəhərə köçürülməsi üçün yalvarır. Bu baxımdan bütövlükdə 102-ci hərbi bazanın dislokasiya edilməsi ehtimalı da realdır”. T.İsmayılovun qənaətincə, situasiya həm də göstərir ki, Ermənistan delimitasiya prosesindən sonra öz təhlükəsizliyini qoruyacaq gücdə olmadığının fərqindədir: “Nəticədə Əlibəyli ilə sərhədi Rusiyaya təhvil verərək bir növ özünə qarantiya qazanmağa çalışır. Həm də daxili auditoriyada sərhədlərin daha təhlükəsiz və etibarlı ”olmağı” haqqında təbliğat fonu da yaradır. Rusiya Ermənistan ərazisində genişlənməklə bir neçə məqsədinə nail olur. Əvvəla, Ermənistan sərhədlərinə cavabdehlik daşıdığını həm Qərbə (Sorosa), həm də Azərbaycan və Türkiyəyə “nümayiş etdirir”. İkincisi, Rusiya Ukrayna savaşı fonunda əlinin altında ölkələrdə daha geniş areallara yayılmaqla manevr imkanları qazanmağa cəhd edir. Bu gün Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətləri də yüksələn xətlə inkişaf etdiyi üçün Berddəki mövcudluğunun bizə hansısa bir təhdid yaradacağını güman etmirəm. Müvəqqəti olaraq rus sülhməramlıları Qarabağın kiçik hissəsində yerləşdiyi üçün və Rusiya rəsmilərinin Azərbaycana sıx səfərlərini nəzərə alanda hansısa yeni bir diplomatik gərginlik ocağının yaranacağını güman etmirəm”.

Bəzi müşahidəçilərinsə qənaətincə, delimitasiya və demarkasiyadan sonra Ermənistan sərhədlərini ruslar qoruyacaqlar. Digər tərəfdən, Zəngəzur dəhlizinin təhlükəsizliyinə də onlar cavabdehdirlər, tikinti də bu məqsədlə aparıla bilər. Rusiya prezidenti Vladimir Putinin 6 iyunda Nikol Paşinyana zəng etməsi və müzakirə olunan məsələlər sırasında delimitasiya və demarkasiya məsələlərinin olması da bu ehtimalı gücləndirir və Rusiyanın yeni hərbi baza ilə bağlı planlarına müəyyən qədər işıq salır. Lakin bu bazanın Azərbaycanla sərhəddə, özü də strateji əhəmiyyətli bölgədə tikilməsi narahatlıq yaradır. Xatırladaq ki, 2020-ci ilin iyulunda bu istiqamətdən Tovuz bölgəsi hücuma məruz qalarkən də hədəf neft və qaz kəmərləri idi. O zaman Türkiyə lideri “bu, Ermənistanın boyunu aşan hücumdur”- demişdi, haqlı olaraq. Azərbaycanla müttəfiqlik münasibətlərində olan Rusiyanın cidd-cəhdlə Ermənistanı “qorumaq” üçün yeni baza qurması anlaşılmaz vəziyyət yaradır. Ermənistana kim hücum edir ki, Rusiya Azərbaycanla sərhəddə baza qurur?..

Elşad PAŞASOY
“Yeni Müsavat”