24 Dekabr 2024

QMİ: İran Təbrizdə Ermənistan Baş konsulluğunun açılışına hazır olduğunu bəyan edir, bu, arxadan zərbədir

Bölgədə yeni reallıqlar, postmüharibə dövrü hökm sürdüyü bir vaxtda İranın Azərbaycanla sərhədlərində hərbi təlimlər keçirməsi Azərbaycan cəmiyyəti tərəfindən birmənalı mənfi qarşılanır.

Media1.az xəbər verir ki, bu barədə QMİ-nin bəyanatında bildirilir.


“Sual yaranır – İran kimi hədəf alır? Əhli-Beytə məhəbbəti hər zaman ucada olan, tarixən İmam övladlarının pənah gətirdiyi Azərbaycanımı? İran manevrlərdə Arazı necə adlayıb keçməyi planlayırsa, biz bunu necə dəyərləndirməliyik? Budurmu İslami həmrəylik, şiə təəssübkeşliyi? Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi gücü bütün təhdidlərin, o cümlədən, sərhədlərimizdə hər hansı təxribat halının qarşısını almaq qüdrətindədir. Lakin yaxın qonşular, qardaşlar arasında qarşıdurma yalnız düşmənlərin işinə yarayar. Bəşər tarixində ən çox qınanılan ilk qan tökülməsi halının məhz qardaşın qardaş tərəfindən qətli – Habil-Qabil hadisəsinin olduğunu unutmayaq. Haqq iddiasında olan, «şirin quyruğuna» dair moizələr edən İranın ali ruhaniyyəti nədənsə ölkələrinin Azərbaycana hərbi təcavüz etmiş ermənilərlə canfəşanlıqla işbirliyinə dair, üzərində «Ya Hüseyn» yazılan top lülələrinin şiələrin əksəriyyət təşkil etdiyi müsəlman ölkəsini hədəf alması barədə mövqelərini ifadə etmir, bunun islamı dəyərlərlə nə qədər uzlaşdığına dair şərh vermirlər. Bu, Azərbaycan müsəlmanlarının islamı həmrəyliyə olan ümidlərini qırır, məyus edir. İslam dini bizi birləşdirən müqəddəs dəyərdir. Bundan sui-istifadə olunması, insanların həssas hissləri ilə məkrli manipulyasiya əlaqələrimizə yalnız xətər toxundura bilər”, – bəyanatda deyilir.

Bəyanatda vurğulanır ki, Azərbaycan İslam dünyasının ayrılmaz parçası, İslam torpağıdır və bu torpaqların azad olunması yolunda minlərlə azərbaycanlı müsəlman şəhid olub: “İran bu şəhidləri İslam şəhidi adlandırırdı, indi haqq yolunda canını fəda edənlərin qanına bais olanlara bəraət vermək müsəlman ölkəsinə yaraşarmı? İran dövləti müsəlman qardaşını təhdid edən, əli müsəlman qanına bulaşmış tərəfə silah, hərbi yardım söz verirsə, Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə eyniləşdirirsə, bu, Ermənistanı yenidən müharibəyə cəsarətləndirmək, revanşizmə kökləmək yönündə əməli addımdır və Azərbaycanın dövlət mənafelərinə, xalqımıza birbaşa təhdiddir. Tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək dəhliz yolu ilə bağlı təhdidlər səsləndirən İran bu mürəkkəb dönəmdə Qafanda konsulluq açırsa, qədim Azərbaycan şəhəri Təbrizdə Ermənistanın Baş konsulluğunun açılışı üçün hazır olduqlarını bəyan edirsə, bu qətiyyən dost, qardaş addımı kimi dəyərləndirilə bilməz. Bu, İslam məfkurəsinə yaraşmayan hal, müsəlmanın öz müsəlman qardaşına arxadan zərbəsidir”.