22 Noyabr 2024

Qlobal inflyasiya böhranı dərinləşir: Azərbaycan hansı addımlar atacaq?

Dünyada ərzaq inflyasiyasının sürətlənməsi orta hesabla iki aydan bir daxili istehlak qiymətlərinin artımında özünü göstərir. Qlobal miqyasda inflyasiyanın sürətlənməsinə həm də qlobal tədarük zəncirinin qırılması şəraitində məhsul təklifinin çatışmazlığı və beynəlxalq daşımaların, ilk növbədə konteyner daşımaları tarifinin artması təsir edib. Bundan başqa, enerji məhsulları da bahalaşır.

Azərbaycanda orta illik inflyasiya 6,7 faiz, ərzaq inflyasiyası 8,1 faiz, qeyri-ərzaq inflyasiyası 5,1 faiz, illik inflyasiya isə 12 faiz təşkil edib.

Ölkədə inflyasiyanın artımının fəsadlarının yumşaldılması üçün ardıcıl addımlar atılır. 2021-ci ildə daxili bazarda satılan hər bir ton un və un məmulatları üçün subsidiyaların həcmi artırılıb, un, çörək istehsalı və satışı 2024-cü ilədək ƏDV-dən azad edilib, iri buğda idxalatçılarına isə Mərkəzi Bankın vəsaitləri hesabına güzəştli kreditlər verilib.

Dünya ərzaq bazarlarında əsas məhsulların qiymətinin artımı nəzərə alınaraq, ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət ayrılır.

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, Azərbaycan ərzaq təhlükəsizliyinin və təminatının formalaşmasına xüsusi önəm verən ölkələrdəndir. Ərzaq təhlükəsizliyi xüsusən də ərzaq məhsullarına olan tələbin yerli istehsal hesabına ödənilməsi, xüsusi yığımların, rezervlərin formalaşdırılması mənasına gəlir.

“Bu istiqamətdə də xüsusən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırılqarı əsasında hökümət tərəfindən artıq xüsusi strategiya hazırlanıb, icra olunur. 2022-2026-cı illəri əhatə edəcək yeni strategiya isə ərzaq təhlükəsizliyinin formalaşması, yerli istehsalın artırılması əsas prioritetlərdəndir. Bu baxımdan, ərzaq təhlükəsizliyi və təminatı, xüsusən, pandemiya dövründə daha da aktuallaşır. Nəzərə alsaq ki, 2021-ci ildə dünya bazarında ərzaq məhsullarının qiyməti təxminən 38 faiz yüksəlib, bu, bütövlükdə son 10 ildə ən yüksək qiymət artımı kimi xarakterizə olunur. Eyni zamanda, digər tərəfdən isə ərzaq məhsullarına dünya bazarında tələb artıb”, – deyə o qeyd edib.

Deputat, həmçinin bildirib ki, təklifin azalması fonunda tələbin artması nəticə etibarilə qiymətlərə təsir göstərir. Bu da təbii ki, qlobal olaraq ərzaq təminatı və təhlükəsizliyi məsələsini gündəmə gətirir.

“Bu baxımdan, Azərbaycan da həm qlobal trendlər, həm də dünya bazarında təklifin azalması fonunda daha çox yerli istehsal hesabına ərzaq təhlükəsizliyinin formalaşmasını prioritetləşdirib. İşğaldan azad olunan ərazilərimizin torpaq fondu, xüsusən də həmin torpaqların məhsuldar olması, eyni zamanda, ərzaq təhlükəsizliynin formalaşmasına imkan verir. Qiymətlənləndirmələr göstərir ki, həmin ərazilərimizdə yenidənqurma prosesindən sonra əkinçiliyin bərpa edilməsi bütövlükdə illik olaraq 1 milyard manatlıq əkinçilik məhsullarının istehsalına gətirib çıxara bilər.

Növbəti illərdə də ərzaq təhlükəsizliyinin formalaşması ölkəmiz üçün əsas prioritetlərdən biri olacaq. Biz daha çox istehlakın tələbinin yerli istehsal hesabına ödənilməsini müşahidə edəcəyik ki, bu da təbii ki, idxaldan asılılığın aradan qaldırılması baxımından vacib hesab olunur”, – deyə V.Bayramov vurğulayıb.

Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini, Azərbaycan İqtisad Universitetinin professoru Elşad Məmmədov isə Trend-in sualına cavabında bildirib ki, Azərbaycan hökuməti inflyasiyanı cilovlamaq üçün vaxtında təcili tədbirlər görüb.

“Bu gün inflyasiya həm milli, həm dünya iqtisadiyyatı baxımından ən iri problemlərdən biridir. İdxaldan asılılıqla əlaqədar olaraq, Azərbaycan dünya iqtisadiyyatında sürətlə yayılan həmin inflyasiyanı idxal edir. Bu isə əsasən, dünya iqtisadiyyatında struktur problemlərlə və nəqliyyat-logistika istehsal zəncirində qırılmalarla bağlıdır”, – deyə o qeyd edib.

“İnflyasiya ilə ilk növbədə istehsalı artırmaqla mübarizə aparmalıyıq, bunun üçün isə investisiyaları artırmaq lazımdır. Fikrimcə, antiinhisar xidməti qiymətlərin həm ticarət, həm də müəyyən mənada istehsal sferasında süni artırılması ilə mübarizə baxımından daha fəal işləməlidir. İnflyasiya ilə mübarizə baxımından milli valyutanın məzənnəsinin qorunması çox vacibdir. Valyutanın dalğalanması da manata əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər. Ümumilikdə, hesab edirəm ki, antiinflyasiya tədbirləri primitiv xarakter daşımalı və sistemli olmalıdır. Gördüyümüz kimi, inflyasiya dalğası güclənir və onu cilovlamaq üçün sistemli tədbirlər lazımdır”, – E.Məmmədov vurğulayıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda un və çörəyin qiymətinin süni şəkildə artırılmasının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülüb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri daha da gücləndirilib, respublikanın 68 rayon və şəhərində unun satışı ilə bağlı hər gün monitorinqlər aparılır. Dünya ərzaq bazarlarında əsas məhsulların qiymətinin artımı nəzərə alınaraq, ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət ayrılır. Azərbaycanın iqtisadi inkişafı üçün azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialı vacib əhəmiyyət daşıyır və bu istiqamətdə dövlət başçısının tapşırığı ilə həmin ərazilərin 100 min hektarında əkin işlərinin aparılması, eləcə də kənd təsərrüfatı məhsullarının emalının işə salınması bu sektorda artımı dəstəkləyəcək.