23 Dekabr 2024

“QHT ziyarətləri” layihəsi başladı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT ziyarətləri” adlı yeni layihənin icrasına başlayıb.

Məqsəd qeyri-hökumət təşkilatlarını və imkanlarını daha yaxından öyrənmək, həmin qurumların işçi heyəti və fəalları ilə görüşmək, həyata keçirdikləri layihə və proqramları yerində nəzərdən keçirmək, habelə onları qayğılandıran məsələləri və vətəndaş cəmiyyətinin gələcək inkişaf prespektivlərini birgə müzakirə etməkdir.

Layihənin qısa müddətdə həm paytaxt, həm də regionlarda fəaliyyət göstərən QHT-ləri əhatə etməsi nəzərdə tutulur.

İlk ziyarət Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinə edilib.

Adları çəkilən QHT-lərin rəhbərləri Novella Cəfərova, Səadət Bənənyarlı və Səidə Qocamanlı qonaqları salamlayaraq, Azərbaycanda ilk dəfə belə bir ideya ilə çıxış edildiyinə görə ziyarətin təşkilatçılarına minnətdarlıqlarını bildirərək, qonaqları rəhbərlik etdikləri təşkilatların fəaliyyəti ilə ətraflı tanış ediblər. Onlar QHT sektorunun inkişafı istiqamətində qarşıya çıxan problemləri və onların həlli üçün bir sıra təkliflərini səsləndiriblər.

Görüşdə iştirak edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova və Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı ziyarət olunan təşkilatlarla bağlı onları maraqlandıran sualları cavablandırıblar. Qonaqlar hər 3 vətəndaş cəmiyyəti qurumunun maraqlı ideyaları ətrafında müzakirələr apararaq təklifləri dinləyib və müvafiq tövsiyələr veriblər.

Daha sonra ziyarət Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə təşkil olunub. Qonaqlara 86 mindən çox üzvü olan təşkilatın fəaliyyəti barədə geniş məlumat verilib və onları mərkəzi aparatın iş şəraiti ilə tanış ediblər. İctimai Birliyin sədri Füzuli Rzaquliyev və qurumun digər rəhbər heyəti veteranları qayğılandıran bir sıra məsələlər barədə fikirlərini bölüşərək konkret təkliflər səsləndirirblər.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin qiymətləndirilməsi baxımınndan belə səfərlərin əhəmiyyətini qeyd edib.

Mənbə: Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT ziyarətləri” adlı yeni layihənin icrasına başlayıb.