QHT-lər BMT-nin Baş katibinə müraciət edib
Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT sədri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşə müraciət göndərib.
media1.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (UNDP) işçi kimi çalışan ermənilərin Azərbaycana qarşı apardıqları nifrət zəminində fəaliyyətinin qarşısının alınması ilə əlaqədar keçirilən tədbirdə bildirilib.
Müraciətdə deyilib ki, müstəqilliyin ilk illərində BMT-nin ölkəmizdə oynadığı mühüm rolu bir çox azərbaycanlı bu gün də xatırlayır:
“Azərbaycan 90-cı illərin əvvəllərində çoxsaylı çətinliklərlə üzləşib, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%-dən çoxu işğal olunmuş, 1 milyon azərbaycanlı isə qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Belə çətin dövrdə BMT-nin bir çox qurumlarının vaxtında etdiyi yardım xalqımız tərəfindən həmişə minnətdarlıqla xatırlanır, çünki ehtiyac olan zaman gələn dost həqiqi dostdur”.
Bəyanatda bildirilib ki, Azərbaycandakı vətəndaş cəmiyyəti təşkilatlarının BMT ilə uzun və səmərəli tərəfdaşlıq təcrübəsi var. BMT-nin qurumlarından biri – BMTİP – ölkədə QHT prinsip və mexanizmlərinin tətbiqində mühüm rol oynayıb:
“BMT-nin müxtəlif institutları bir çox mühüm inkişaf və humanitar məsələlər də daxil olmaqla Azərbaycandan olan geniş spektrli tərəfdaşlarla sıx əməkdaşlıq edir. Ancaq təəssüf ki, bu mesaj tərəfdaşlıq və uğur haqqında deyil. BMT-də yeri olmayan bir məsələyə diqqətinizi çəkmək üçün sizə ürək ağrısı ilə yazırıq. Biz hər zaman qəbuledilməz olan fanatizm, nifrət nitqi, ayrı-seçkilik və ləyaqəti alçaldan rəftar barədə məlumat verməyə borcluyuq”.
Bəyanatda deyilib ki, bu cür əməllərlə məşğul olan şəxslərin sülhü humanizm təbliğ edən bir qurumda olması ağrıdıcıdır:
“Biz BMT-nin İnkişaf Proqramının bir qrup erməni əməkdaşını – Armen Qriqoryan, Narine Sahakyan, Meri Tavoukjian və Stepan Marqaryanı nəzərdə tuturuq ki, onlar öz sosial şəbəkədəki səhifələrini nifrət platformasına çevirərək, təkcə Azərbaycana deyil, bütün türk xalqlarına qarşı böhtan, təhqir və söyüşlər səsləndirir və separatizmi açıq şəkildə təbliğ edirlər. Bunlar BMT-nin bayrağından, BMT-nin əməkdaşı statusundan sui-istifadə edərək türklərə və azərbaycanlılara, ölkəmizə və Prezidentimizə hücum edən şəxslərdir.”
Müraciətdə qeyd olunub ki, bu şəxslər beynəlxalq mülki qulluqçuların bütün əsas prinsiplərinə və etik normalarına məhəl qoymurlar. “Onların davranışı Birləşmiş Millətlər Təşkilatının prinsipləri və idealları üçün utancvericidir:
“Çoxsaylı müraciətlərə baxmayaraq, BMTİP-in niyə bu çirkin davranışı dayandırmaq üçün tədbir görmədiyini anlamırıq. Üstəlik, həmin əməkdaşların bəziləri vəzifələrində yüksələrək hazırda “sülh və inkişafa xidmət edirlər. Təbliğ etməyə borclu olduqları dəyərləri sarsıtdıqlarını nəzərə alsaq, bizim üçün maraqlıdır ki, görəsən bu şəxslər hansı təmsilçilik təklif edə bilərlər.
BMT-də işləməyin vacib elementlərindən biri məsuliyyətlilik, hesabatlılıqdır. İnsanlar öz əməllərinə görə məsuliyyət daşımalıdılar. Sizdən xahiş edirik ki, Birləşmiş Millətlər Təşkilatının nüfuzunu Azərbaycanda qoruyasınız və tək Azərbaycanda deyil BMT-nin öz prinsiplərinə hörmət etdiyini və buna əməl etməyənlərə qarşı tədbir görməyə hazır olduğunu göstərəsiniz” – müraciətdə vurğulanıb.