14 Mart 2025

Qeyri-neft ixracı: Rusiyaya və Türkiyəyə ixrac artsa da…

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın noyabr sayına əsasən, 2021-ci ilin ilk 10 ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracın dəyəri 2,1 milyard ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 607,2 milyon ABŞ dolları və ya 42 faiz çoxdur.

2021-ci ilin yanvar-oktyabr ayları ərzində ən çox ixrac Şimal qonşumuza həyata keçirilib. Belə ki, Rusiya Federasiyasına 665,4 milyon ABŞ dolları, Türkiyəyə 509,4 milyon ABŞ dolları, İsveçrəyə 184,1 milyon ABŞ dolları, Gürcüstana 131,5  milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Müqayisə üçün deyək ki, 2020-ci ilin yanvar-oktyabr ayları ərzində Rusiyaya 550,6 milyon, Türkiyəyə 285,5 milyon, İsveçrəyə 176 milyon, Gürcüstana 109,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunmuşdu.

Burada diqqətçəkən məqamlardan biri Rusiyaya ixracda qeydə alınıb. Belə ki, bu ölkəyə qeyri-neft məhsulları ixracı əsasən meyvə-tərəvəz məhsulları ilə səciyyəvidir. Lakin ölkədən bu məhsulların ixracında artım olmasa da Rusiyaya ixracın dəyərində  21 faiz artım qeydə alınıb. Söhbət ondan gedir ki, 2020-ci  ilin 10 ayında Azərbaycanın  meyvə-tərəvəz məhsullarının ixracının dəyəri 467 milyon 259,81 min ABŞ dolları olmuşdusa, cari ilin eyni dövründə bu göstərici 464 milyon 76,56 min ABŞ dollarına enib. Əsasən Şimal qonşumuza ixrac olunan və qeyri-neft ixracının ilk üçlüyündə yer alan pomidor ixracında isə 25 faiz azalma olub. 

Bununla belə, müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatların  3,2 dəfə, mis və ondan hazırlanan məmulatlar 2,2 dəfə, pambıq 87,6 faiz, üzvi kimyəvi birləşmələr 40,6 faiz, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 59,2 faiz, alüminium və ondan hazırlanan məmulatlar 61,7 faiz, qiymətli metallar və ondan hazırlanan məmulatlarda isə 4,3 faiz artım qeydə alınıb. Güman etmək olar ki, Rusiyaya qeyri-neft məhsullarının ixracındakı artımda bu məhsulların rolu var.

Həmçinin Türkiyəyə qeyri-neft ixracında 78,4 faizlik artım gözdən yayınmır. Qeyd edək ki, cari ilin mart ayının 1-dən Azərbaycanla Türkiyə arasında imzalanmış Preferensial Ticarət  Sazişi qüvvəyə minsə də, bu amilin qeyri-neft ixracının artmasında ciddi rolunun olduğunu demək çətindir. Söhbət ondan gedir ki, sözügedən güzəştli ticarət sazişi 15 adda məhsulu əhatə edir ki, onlardan yalnız şəkərin ixracında artım olub. Bununla belə güzəşt illik 5 min tona qədər olan ixracı nəzərdə tutur. Azərbaycanın 10 ay ərzində şəkər ixracının həcmi isə bundan 10 dəfə çox olub.

Bununla belə, cari ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft ixracında Rusiyanın payı 7,5 faiz bənd azalıb, Türkiyənın payı 3,9 faiz bənd artıb.