23 Dekabr 2024

Qarışıq dünya siyasətində kompramisə gəlmək üçün Türkiyə guşəsi – TƏHLİL + FOTO

Rusiya-Ukrayna münaqişəsində Qərb dövlətləri vasitəçilik və sülh təkliflərinə etinasız yanaşdığı halda, həm Rusiya, həm də Ukrayna liderləri Türkiyə dövlət başçısının çağırışına səs verir, ona inanır, böyük etimad göstərirlər.

Mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik:

Bir aya yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi hər iki tərəfdən minlərlə insanın həyatına son qoyub. Ukraynanın bəzi yaşayış məntəqələri işğal olunub, şəhərlər, qəsəbə və kəndlər, infrastruktur artilleriya atəşinə məruz qalıb. Böyük insan tələfatına yol açan bu müharibənin dayandırılması üçün ABŞ, İngiltərənin dövlət başçıları, Avropa ölkələrinin rəhbərləri Rusiya Prezidenti Vladimir Putinlə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə təmaslar qurur, hər iki tərəfi danışıqlar masası ətrafında müzakirələrə cəlb etmək istəyirlər. Türkiyə və Azərbaycan prezidentləri də vasitəçilik təklifləri ilə çıxış ediblər.

İsrarlı vasitəçilik təklifləri

Hələlik Putinlə Zelenskinin bir araya gəlməsi baş tutmayıb. Rusiya-Ukrayna nümayəndə heyətlərinin Belarus və Polşa sərhədi yaxınlığında, həmçinin videoformatda keçirdiyi görüşlər də real nəticə verməyib. Yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın israrlı təkliflərindən, hər iki tərəflə təmaslarından sonra Antalya şəhərində Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirlərinin yüksək səviyyəli görüşü keçirilib. Bundan əvvəl martın 6-da isə Rusiya və Türkiyə liderləri arasında telefon danışığı olub. Antalya Diplomatik Forumu çərçivəsində martın 10-da Sergey Lavrov, Dimitro Kuleba və Mövlud Çavuşoğlu arasında keçirilən görüş 1,5 saat davam edib. Ardınca tərəflər mətbuat konfransı keçirib, jurnalistlərin suallarını cavablandırıblar. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu görüşdən iki gün sonra bəyan edib ki, Prezident V.Putin həmkarı R.T.Ərdoğanla telefon danışığı zamanı Ukrayna lideri V.Zelenski ilə görüşə qarşı olmadığını söyləyib. O, Türkiyənin Rusiya və Ukrayna liderlərinin görüşünü təşkil etməyə çalışdığını vurğulayıb. Hələ müharibə başlamazdan əvvəl də Türkiyənin belə səylər göstərdiyini xatırladan M.Çavuşoğlu bildirib ki, Ukrayna tərəfi belə bir görüşə hazırdır.

Hələlik Putinlə Zelenskinin bir araya gəlməsi baş tutmayıb. Rusiya-Ukrayna nümayəndə heyətlərinin Belarus və Polşa sərhədi yaxınlığında, həmçinin videoformatda keçirdiyi görüşlər də real nəticə verməyib. Yalnız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın israrlı təkliflərindən, hər iki tərəflə təmaslarından sonra Antalya şəhərində Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirlərinin yüksək səviyyəli görüşü keçirilib. Bundan əvvəl martın 6-da isə Rusiya və Türkiyə liderləri arasında telefon danışığı olub. Antalya Diplomatik Forumu çərçivəsində martın 10-da Sergey Lavrov, Dimitro Kuleba və Mövlud Çavuşoğlu arasında keçirilən görüş 1,5 saat davam edib. Ardınca tərəflər mətbuat konfransı keçirib, jurnalistlərin suallarını cavablandırıblar. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu görüşdən iki gün sonra bəyan edib ki, prezident V.Putin həmkarı R.T.Ərdoğanla telefon danışığı zamanı Ukrayna lideri V.Zelenski ilə görüşə qarşı olmadığını söyləyib. O, Türkiyənin Rusiya və Ukrayna liderlərinin görüşünü təşkil etməyə çalışdığını vurğulayıb. Hələ müharibə başlamazdan əvvəl də Türkiyənin belə səylər göstərdiyini xatırladan M.Çavuşoğlu bildirib ki, Ukrayna tərəfi belə bir görüşə hazırdır.

Türkiyəyə bəslənən böyük etimad

Bir neçə gün bundan öncə isə BMT-nin baş katibi Antonio Quterreşlə Türkiyə prezidenti R.T.Ərdoğan arasında telefon danışığı baş tutub. Baş katib Rusiya və Ukrayna arasında vasitəçiliyə görə Türkiyə prezidentinə təşəkkür edib. R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə Rusiya-Ukrayna münaqişəsində atəşkəsə nail olmaq, sülhün bərqərar olması, eləcə də Ukraynaya humanitar yardımın göstərilməsi və insanların bu ölkədən çıxarılması üçün intensiv səylər göstərir. Bütün bu sadalanan faktlar Türkiyənin gücünü, prezident R.T.Ərdoğanın regionda və dünyada artan nüfuzunu bir daha nümayiş etdirir. Qərb dövlətlərinin vasitəçilik və sülh təkliflərinə etinasız yanaşdığı halda, həm Rusiya, həm də Ukrayna lideri Türkiyə dövlət başçısının çağırışına səs verir, ona inanır, böyük etimad göstərirlər.

Barışdırıcı mövqe

Politoloq Toğrul İsmayıl mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında deyib ki, Ukrayna-Rusiya gərginliyinin müharibəyə çevrilməməsi üçün rəsmi Ankara ilk gündən diplomatik və siyasi səylər göstərib, müxtəlif danışıqlar aparıb. Onun sözlərinə görə, R.T.Ərdoğan müharibə başlamazdan əvvəl Ukraynaya səfər edib, V.Zelenski ilə görüşüb, Rusiya lideri V.Putinlə danışıqlar aparıb: “Bu cəhdlərə rəğmən, Rusiya öz ağlı çərçivəsində siyasətini davam etdirib. Halbuki Türkiyə Moskva-Kiyev gərginliyinin müharibəyə çevrilməməsi üçün maksimum səviyyədə əlindən gələni edib. 2014-cü ildə Krım böhranı yarananda ardınca Luqansk və Donetskdə proseslər baş qaldıranda da Türkiyə barışdırıcı mövqe sərgiləyib. Rəsmi Ankara problemin Avropa İttifaqı, ümumən Qərblə Rusiya arasında olduğunu vurğulayaraq, Moskva və Kiyev arasında maksimum səviyyədə vasitəçilik edib. Ortadakı gərginliyin danışıqlar masası ətrafında, diplomatik üsulla həllinə tərəfdar olub. Türkiyə daim beynəlxalq hüquq prinsiplərinə üstünlük verib. Məhz buna görə də Krım Muxtar Respublikasını Ukraynanın ərazisi kimi tanımaqda davam edib. Türkiyə Ukraynanın ərazi bütövlüyünə dəstək verib”.

Dialoq üçün açıq qapı

Politoloq söyləyib ki, Türkiyənin Rusiya ilə münaqişəli məsələləri böhrana çevirməmək kimi təcrübəsi var. Onun fikrincə, ən çətin və problemli məsələlərin həllində belə, bir araya gəlmək, diplomatik qaydada çıxış yolu tapmaq kimi təcrübə var: “Belə olan halda Türkiyənin həm Ukrayna ilə strateji müttəfiqliyi, həm də Rusiya ilə yüksək səviyyəli iqtisadi, siyasi əlaqələri hər iki ölkə üzərində təsir imkanlarını artırır. Türkiyə kimsədən asılı olmadan müstəqil siyasət həyata keçirir, ölkələrarası münasibətlərdə beynəlxalq hüquq prinsipini, qarşılıqlı və bərabərhüquqlu maraqların təmin edilməsini üstün tutur. Misal üçün, Qərb dövlətləri, xüsusən də Avropa İttifaqı və NATO üzvü olan ölkələr Rusiyaya qarşı tətbiq edilən iqtisadi, siyasi, hüquqi sanksiyalara qoşulsalar da, Türkiyə bu sırada yer almayıb. Türkiyə öz hava məkanını da Rusiya üçün açıq saxlayıb. Bu, dialoq üçün açıq qapının saxlanılmasıdır və müsbət haldır”.

Prezidentlərin görüşü üçün zəmin

T.İsmayıl bildirib ki, Rusiya üçün Türkiyə bir növ dünyaya açılan qapı, vasitə və yoldur: “Bu kimi səbəblərdən Türkiyə diplomatiyası öz gücünü işə salaraq başqalarının edə bilmədiyini etdi. Antalyada Rusiya və Ukrayna xarici işlər nazirlərinin yüksək səviyyədə görüşünü keçirdi. Bu görüşdən dərhal nəticə gözlənilməsə də, perspektivdə dövlət başçılarının bir araya gəlməsi baxımından vacib addım idi. Xarici işlər nazirləri əsas qərarverici şəxs deyillər. Amma onların görüşü prezidentlərin görüşü üçün zəmindir. Mətbuata açıqlamalardan göründüyü kimi, artıq dövlət başçıları görüşməyə qarşı olmadıqlarını bəyan ediblər. Bu hadisə Türkiyənin son illərdə bölgəsəl gücə, dialoq mərkəzinə çevrildiyini növbəti dəfə nümayiş etdirir”.