Qarabağ və Şərqi Zəngəzurda kütləvi idman hərəkatı vüsət alacaq
Prezident İlham Əliyevin tapşırığına əsasən, azad edilən şəhərlərimizdə idman qurğuları tikiləcək
Prezident İlham Əliyevin böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlar qazanmalarında mühüm rol oynayır.
Martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən vurğulayıb ki, azad edilmiş torpaqlarda idman inkişaf etməlidir: “Biz indidən bu işlərlə məşğul oluruq. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin baş planlarında da öz əksini tapır. İndidən federasiyalar, Gənclər və İdman Nazirliyi artıq layihələri təqdim etməlidir. Çünki şəhərlərin baş planlarında idman qurğularının yerləşməsi nəzərdə tutulur. Amma bunlar hansı formada olacaq, memarlığı necə olacaq, bunu artıq müvafiq federasiyalar, Gənclər və İdman Nazirliyi təqdim etməlidir.”
Dövlət başçısı İlham Əliyev bundan sonra da Azərbaycanın idman sahəsində liderliyi qoruyub saxlamasını əsas vəzifə kimi qarşıya qoyub. Gənclər və İdman Nazirliyi idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək istiqamətində uğurlu addımlar atır. Bu isə gələcəkdə ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcək peşəkar idmançıların yetişməsinə zəmin yaradır. Ümumiyyətlə, cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçiləndən sonra qarşıya qoyduğu əsas vəzifə idmançılara şərait yaratmaq və onlardan nəticə gözləmək idi. Bu gün də bu iki əsas amil bizim böyük uğurlarımızın əsasını təşkil edir.
Prezident İlham Əliyevin çempion güləşçilərimizlə görüşü zamanı söylədiyi kimi, idman hər bir ölkənin qüdrətini əks etdirir. Çünki əgər beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha da böyük uğurlar qazanırlar. Bu mənada Azərbaycanın idman dövləti kimi beynəlxalq nüfuzu getdikcə daha da artır.
Azərbaycan gəncləri 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində də rəşadətli ordumuzun sıralarında ləyaqətlə, qəhrəmancasına vuruşaraq adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Bu Zəfərdə idmançılarımızın da payı böyükdür. Beynəlxalq arenalarda bayrağımızı yüksəklərə qaldıran gənc idmançılarımız əzəli torpağımız olan Qarabağda və Şərqi Zəngəzurda bayrağımızın dalğalandırılmasında yaxından iştirak etdilər. Onlar idman arenalarında olduğu kimi, gərgin döyüşlərdə də mərdlik, qorxmazlıq və şücaət göstərərək adlarını qızıl hərflərlə zəfər salnaməsinə əbədi yazdılar. Onlar arasında şəhidlik zirvəsinə yüksələnlər, yaralananlar çox idi. Vətən müharibəsində ümumilikdə 988 idmançı iştirak edib ki, onlardan 320-si canlarından keçib. Şəhidlərin 179-u futbolla, 27-si güləşlə, 24-ü isə cüdo ilə məşğul olublar.
Təbii ki, Azərbaycan idmanında böyük uğurlarla yanaşı, müəyyən problemlər də var idi. Bu problemlərlə bağlı Prezident İlham Əliyev iradlarını bildirmiş, onların həlli yollarını göstərmişdir. Dövlət başçısının qərarı ilə Azərbaycanda idmanın yeni inkişaf mərhələsi başlayıb. Fərid Qayıbov gənclər və idman naziri vəzifəsinə təyin olunarkən cənab Prezidentin onun qarşısına qoyduğu konkret vəzifələr yeni islahatların başlanğıcı oldu. Hazırda Azərbaycanın bütün idman federasiyalarında yeni islahatlar həyata keçirilməkdədir. Beləliklə, ölkə idmanı qısa müddətdə genişmiqyaslı inkişaf mərhələsinə qədəm qoyub və bütün bunlar bu sahənin daha da inkişaf edəcəyini söyləməyimizə əsas verir.
İnanırıq ki, idmanda aparılan yeni islahatlar nəticəsində beynəlxalq yarışlarda Azərbaycan bayrağını qaldıran, himnini səsləndirən onlarla yeni gənc idmançımız yetişəcək.