23 Dekabr 2024

“Qarabağ Media İnkubatoru” yekunlaşıb

Bərdədə dekabr ayından icrasına başlanan “Qarabağ Media İnkubatoru” layihəsi başa çatıb.

“Qarabağ Media İnkubatoru” layihəsi fevralın 5-də müsabiqə qaliblərinin mükafatlandırılması və layihə iştirakçılarının sertifikatlandırılması ilə başa çatdı. Layihə müddətində yazı, məqalə, foto və video jurnalistika və media hüququ sahəsində peşəkar təlimçilər tərəfindən keçirilən təlimlərin yekununda ən yaxşı foto, məqalə və video jurnalistika materialı nominasiyaları üzrə müsabiqə elan edilib eyni zamanda təlimlər bitdikdən sonra iştirakçılar Gəncədə fəaliyyət göstərən regional Kəpəz TV-yə səfər ediblər.

Qeyd edək ki, layihə rəhbəri Namaz Kərimovun bildirdiyi kimi, yazı və ya məqalə, foto və video jurnalistika sahəsində təlimlərin keçirilməsi planlaşdırılan layihənin məqsədi 2 ay müddətində praktik seminarlar vasitəsilə Bərdə, Tərtər, Agdam və Yevlax rayonlarından online media sahəsində çalışan 15 nəfərin məqalə, foto və video xəbər hazırlamaq bacarıqlarının artırılmasına töhvə verməkdir. “Son dövrlər ölkədə, o cümlədən regionlarda media sahəsində bir sıra fiziki və hüquqi şəxslər fəaliyyət göstərməyə başlayıblar. Ancaq onların fəaliyyətini əngəlləyən bir sıra amillər var ki, bunlardan biri də bu sahədə çalışan insanların bilik və bacarıqlarının kifayət qədər olmamasıdır” deyən layihə rəhbəri, eyni zamanda bildirib ki, bu, regionlardan yayımlanan xəbərlərin, işıqlandırılan problemlərin ictimailəşməsinə əngəllər yaradır.

Xatırladaq ki, layihədə 15 nəfər jurnalistika sahəsində çalışan və jurnalistikaya həvəsi olan şəxslər iştirak ediblər.