02 İyul 2025

Putin mütəxəssislərin Zaporojye AES-ə gəlməsinə razılıq verdi-SON DƏQİQƏ

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) missiyasının Ukrayna ərazisindən keçməklə Zaporojye AES-ə gəlməsinə razılıq verib. 

Musavat.com bu barədə dünya mediasına istinadən bildirir ki, bu, böyük fəlakətin qarşısını ala bilər. 

Onu da bildirək ki, Ukraynanın Zaporojye şəhərində Avropanın ən böyük atom elektrik stansiyasına son günlərdə artan hücumlar dünyanı yeni Çernobıl fəlakətinin astanasına gətirib.

Musavat.com dünya mediasına istinadən bildirir ki, Rusiya və Ukrayna hücumlarda bir-birini günahlandırsa da, Birləşmiş Millətlər Təşkilatı (BMT) obyektin “tamamilə nəzarətdən çıxdığını” və hər an dünyaya təsir edəcək nüvə qəzasının baş verə biləcəyini qeyd edib.

Ukrayna Dövlət Nüvə Tənzimləmə Qurumunun yüksək rütbəli üzvü, nüvə enerjisi və nüvə təhlükəsizliyi sahəsində ekspert Olqa Koşarna qeyd edib ki, nüvə sızması Qara dəniz ölkələrinə, o cümlədən Avropaya ciddi təsir göstərəcək.

İngiltərənin “Daily Express” qəzetinə danışan Koşarna, “belə bir ssenaridə radioaktiv sızma Bolqarıstan, Rumıniya və Qara dənizdən keçərək 23 saat ərzində Türkiyəyə çatacaq” deyib. Küləyin əsəcəyi istiqamətdən asılı olaraq Rusiyanın qərbinin də təhlükə altında olduğunu qeyd edən Koşarna, sızmanın Avropaya (Çexiya, Macarıstan və Polşa) qədər gedə biləcəyinə diqqət çəkib.