23 Dekabr 2024

Prezidentin Gəncə səfərinin əhəmiyyəti – ŞƏRH

Prezident İlham Əliyevin Gəncəyə səfər proqramı məhsuldar qrafiklə yadda qaldı.

Dövlət başçısının səfəri Azərbaycanın hərtərəfli inkişafı konsepsiyasının tərkib hissəsinin bəyanıdır.

Təkcə işğaldan azad edilmiş ərazilərdə deyil, bütün bölgələrin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bütün bölgələr, hər bir layihə şəxsən dövlət başçısının diqqət mərkəzindədir.

Prezident İlham Əliyev Azərbaycanın ikinci böyük şəhərinə 18 dəfə səfər edib.  Bu illər ərzində şəhər elektrik enerjisi ilə tam təchiz edilib. 10 yarımstansiya tikilib və ya təmir edilib. Qazlaşdırma layihəsi tam icra edilib.

Hazırda 800 milyon manat dəyərində içməli su layihəsi icra edilir və bu layihə ilə Gəncənin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq.

Bakı-Gəncə avtomobil yolu və Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb, Gəncədən digər şəhərlərə – Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda əsaslı təmir işləri aparılıb.

Gəncəyə Bakıdan dəmir yolu xətti tam modernləşdirilib və xəttə sürətli qatarlar buraxılıb.

Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl dövlət başçısının təşəbbüsü ilə yenidən qurulub.

Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb.

Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib, tədris korpusu yenidən qurulub.

Dövlət Filarmoniyasının və Dram Teatrının yeni binaları tikilib.

Gəncədəki Yeni ASAN Mərkəzi – daha bir mərkəzin açılışı şəhər sakinləri və ətraf rayonların əhalisinə yeni xidmət səviyyəsində imkan yaradır. “ASAN xidmət” Mərkəzinin işçiləri əsasən şəhid ailəsi üzvləri və qazilərdir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Gəncə lokomotiv deposu istismara verilib. Yeni depoda 75 nəfər işlə təmin olunacaq.

Gəncə İdman Sarayında tikinti işləri gedir. Bu, Azərbaycanda ən böyük idman sarayı olacaq.

Müharibədən sonra raket zərbələri nəticəsində evləri dağıdılmış vətəndaşlara dəstək, evlərin bərpası, yeni evlərlə təminatı da dövlətin sosial prioritetlərində yer alıb.

Gəncə işğaldan azad edilmiş Kəlbəcərə giriş qapısı rolunu oynayır. Prezident bu barədə danışarkən deyib:

“İkinci Qarabağ müharibəsindən sonra Gəncə, eyni zamanda, Kəlbəcər rayonunun inkişafı ilə bağlı öz sözünü deyir və deməlidir. Çünki hazırda bizim Kəlbəcərə yeganə, yəni, rahat gedə biləcəyimiz yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərədir. Rahat deyəndə, biz ancaq yaz-yay mövsümlərində o yoldan rahat istifadə edə bilərik. Çünki qış aylarında yol həm bəzi yerlərdə keçilməz, həm də çox təhlükəli olur. Bu yol faktiki olaraq sovet vaxtında olmayıb, bir cığır idi. Biz qısa müddət ərzində o cığırı genişləndirdik və mən özüm də keçən il o yolla Kəlbəcərə getmişdim, Murov aşırımından keçərək. Hazırda Murov dağının altından böyük – uzunluğu təqribən 12 kilometr olan tunel çəkilir”.

Prezident əlavə edib:

“Kəlbəcərin gələcək inkişafı, vətəndaşların oraya qayıtmaları və Kəlbəcər rayonunun, eyni zamanda, Laçın rayonunun təchizatı böyük dərəcədə bu bölgədən təşkil ediləcəkdir. Ona görə Gəncə və bu zona azad edilmiş torpaqların bərpası, vətəndaşların rahat yaşaması üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda bizim hərbi postlarımıza, bizim sərhəd boyunca yerləşən postlara da əsas təchizat buradan gedir. Ona görə Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaq”.

İlham Əliyev Gəncəyə səfəri zamanı Gəncə Memorial Kompleksinin də təməlini qoyub.

Vətən müharibəsi dövründə Gəncə şəhəri oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak olub, 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumu nəticəsində həlak olan dinc sakinlərin xatirə guşəsinin önünə gül dəstəsi qoyub.

Ermənistanın raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsi isə bu ərazini ziyarətə gələn hər kəs tərəfindən ehtiramla anılır.