21 İyun 2025

Prezident yanında İctimai Nəzarət Palatasının yaradılması təklifinə PA rəsmisindən REAKSİYA

“Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi belə bir təşəbbüslə çıxış etdiyinə görə biz təklif irəli sürdük ki, Müşahidə Şurasında həmin təklifləri bir daha müzakirə edək. Həmin təkliflər içərisində qanunvericiliyə uyğun olanı da, onun tələblərinə cavab verməyini də ola bilər”.  

Bunu Publika.az a açıqlamasında bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev deyib. 

Sədr müavini bildirib ki, təkliflərdən hansı qanunvericiliyə uyğun olarsa və indiki halda reallaşması mümkündürsə, onları aidiyyəti dövlət qurumlarına, Prezident Adminstrasiyasına təqdim edəcəyik: “Yox, əgər verilən təkliflərin üzərində bir qədər də işləmək, çalışmaq lazımdırsa, o bir qədər vaxt aparacaq. Belə olan halda, biz işçi qrupu yaradacağıq. Bugünkü tədbirin sonunda işçi qrupunun yaradılması və bu istiqamətdə işlərin aparılmasına ehtiyac olacaq”. 

O, Əliməmməd Nuriyevin Prezident yanında İctimai Nəzarət Palatası yaradılması təklifinə də münasibət bildirib: “Təbii ki, belə bir təklif əvvəllər də səsləndirilib. Ümumiyyətlə, Prezident yanında olmasa da, ictimai şuraların bir çətir altında toplanması təklifləri olub. Təbii ki, belə bir təklif qarşı tərəfdən səsləndiyi üçün təqdim olunacaq. Onun reallaşıb-reallaşmayacağı təbii ki, Prezidentin səlahiyyətindədir. Həmin təklif əsaslandırılmış şəkildə təqdim ediləcəksə, əgər ehtiyac olarsa, qəbul ediləcək”.