22 Dekabr 2024

Prezident ÜST-nin Baş direktorunu qəbul etdi – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.

Media1.az xəbər verir ki, Tedros Adhanom Qebreyesus İlham Əliyevi Prezident seçkilərində qələbə və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbrik edib.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyəti qeyd edilib, Tedros Adhanom Qebreyesusun bu tədbirdə iştirakının önəmi vurğulanıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq aləmdə nüfuzunun artdığı bildirilib və bu forumda xeyli sayda qonağın iştirakı bunun yaxşı göstəricisi kimi dəyərləndirilib.

Qonaq Ümumdünya Səhiyyə Təşkilatı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıqdan məmnunluğunu bildirərək bu mərkəzin onun rəhbərlik etdiyi təşkilatın fəaliyyətinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi və Mərkəzin İdarə Heyətinin üzvləri ilə mütəmadi olaraq görüşlər keçirdiyini qeyd edib.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq statuslu qeyri-hökumət təşkilatı olaraq müstəqil şəkildə fəaliyyət göstərdiyini və ölkəmizin də bu təşkilatın işinə dəstək verdiyini vurğulayıb. Dövlətimizin başçısı hər il Bakının ev sahibliyi ilə keçirilən Qlobal Forumun beynəlxalq gündəlikdə duran məsələlərinin müzakirəsi və onların həlli yollarının tapılması baxımından əhəmiyyətli platformalardan biri olduğunu qeyd edib.

Ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarının təqdirəlayiq olduğunu deyən Tedros Adhanom Qebreyesus Azərbaycanda yaradılan icbari tibbi sığorta sisteminin müsbət proses olduğunu və onun yaxşı nəticələrinin artıq özünü göstərdiyini deyib.

Görüşdə COP çərçivəsində Azərbaycan ilə ÜST arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. İqlim dəyişmələrinin dünyada müxtəlif növ xəstəliklərin yayılmasına rəvac verdiyini və bilavasitə səhiyyə ilə bağlı olduğunu vurğulayan Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru bu sahədə də Azərbaycan ilə əməkdaşlıq məsələlərinə toxunub.

***

16:37

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.

Media1.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.