23 Dekabr 2024

Prezident Torobayevi qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevi qəbul edib.

Media1.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Bakıda keçiriləcək iclasına toxunaraq, bu formatın iqtisadi və digər sahələrdə qarşılıqlı fəaliyyətin möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvarlığını bildirdi.

İkitərəfli əlaqələrdən danışan dövlətimizin başçısı yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin genişləndirilməsinə verdiyi töhfəni qeyd etdi. Bu baxımdan Qırğız Respublikasının Prezidentinin bu il ölkəmizə səfəri zamanı əməkdaşlığın geniş gündəliyi ilə bağlı səmərəli danışıqların aparıldığını və dövlət başçıları arasında çox yaxşı şəxsi təmasın qurulduğunu dedi. Prezident İlham Əliyev bildirdi ki, səfər çərçivəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarda əməkdaşlıq, Azərbaycanın Qırğızıstana investisiya qoyuluşu və əməkdaşlığın digər sahələrini əhatə edən məsələlərlə bağlı müzakirələr aparılıb.

Ölkəmizdə şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradıldığını qeyd edən dövlətimizin başçısı Azərbaycanın beynəlxalq nəqliyyat potensialına digər ölkələrin, o cümlədən Mərkəzi Asiya ölkələrinin getdikcə daha böyük maraq göstərdiyini bildirdi, eyni zamanda, Mərkəzi Asiya regionunda da Xəzər dənizi hövzəsinə çıxan yeni dəmir yolu şəbəkələrinin yaradılması ilə bağlı planların da əhəmiyyətini vurğuladı.

Bakıt Torobayev ilk növbədə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş etdi.

Qonaq qeyd etdi ki, tarixi, mədəni köklərə söykənən Azərbaycan-Qırğızıstan münasibətlərinin müasir dövrdə əsası dünya səviyyəli tarixi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyevin dəstəyi ilə strateji tərəfdaşlıq səviyyəsinə qalxıb.

Söhbət zamanı humanitar və təhsil sahələrində əməkdaşlığın önəmi qeyd edildi, kənd təsərrüfatı, energetika, investisiya qoyuluşu ilə bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olundu.

xxx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevi qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.