23 Dekabr 2024

Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm xüsusiyyətlərini özündə birləşdirir.

Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında ən öncül yerlərdən birini tutur.Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır.Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına,tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın fundamental əsaslarını təşkil edir.Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması,sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması,möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması,ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın gerçəkliklərini təşkil edir.Heç şübhəsiz,bütün bu nailiyyətlərin əsasında güclü lider fenomeni dayanır.

Cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.Şübhəsiz,sosial-siyasi sabitliyin qorunmasının,mövcud iqtisadi inkişafın,hərtərəfli tərəqqinin təməlində Ümummilli liderin inkişaf strategiyası,Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki,Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub.Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası,siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.

Liderin gücü,nüfuzu həm də onun təsir imkanlarının coğrafi əhatə dairəsi ilə ölçülür. Güclü siyasi liderin fəaliyyətinin təsir dairəsi bir ölkə ilə məhdudlaşmır,bütövlükdə regional,hətta qlobal əhəmiyyət daşıya bilir.Bu baxımdan,bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda gedən siyasi,iqtisadi proseslərin axarına həlledici təsir göstərir.Məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb,fəal aktorlardan birinə çevrilib.Azərbaycan Avropa ilə Asiya qitələrini siyasi,iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir.Azərbaycanın lideri,Prezident İlham Əliyev ölkəni lider dövlətlər sırasına yüksəldib.

Ümummilli lider Heydər Əliyevin  əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə və əbədi mövcudluğuna, Azərbaycan xalqının rifahına,firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb. Ulu öndərin müəyyənləşdirdiyi yol aydındır və xalqımız bu yolun ölkəni hansı gələcəyə apardığını yaxşı bilir.

Məhz bu səbəbdəndir ki,Azərbaycan xalqı Ümummilli liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi özünün Prezidenti kimi gördü və zaman göstərdi ki, xalq öz seçimində yanılmayıb.Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri,ölkənin hər yerində abadlaşma,müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib.

O da məlumdur ki,bu müddət ərzində Azərbaycanı yolundan döndərməyə,xalqı aldatmağa yönələn cəhdlər,ölkənin inkişafına yaradılan süni maneələr də olub.Lakin Dövlət başçısının liderlik xüsusiyyətləri, siyasi iradəsi, möhkəm dövlət-xalq birliyi,vətəndaşların Prezidentin ətrafında sıx birləşməsi və ümumi gücün vahid məqsədə yönləndirilməsi sayəsində ölkəmiz bütün sınaqlardan uğurla çıxıb.Bu səbəbdəndir ki, Azərbaycan öz yolunda sürətlə irəliləyir və ölkənin nailiyyətlərinin miqyası daha da genişlənir.Bütün uğurlarla yanaşı,qarşıda hələ görüləcək işlərin də çox olması hazırkı daxili və xarici siyasət xəttinin davam etdirilməsinə zərurət yaradır.

Cavid Mustafayev

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı