23 Dekabr 2024

Prezident İlham Əliyev Rusiya ilə münasibətlərin təməl prinsiplərini, reallıqları açıqladı

Rus dilinə münasibət Rusiyanın qonşulara münasibətində ciddi faktor rolunda

Azərbaycan Prezidenti İlham Əliyev “Hakimiyyət formulu” proqramında tanınmış rusiyalı jurnalist Mixail Qusmanın Rusiya lideri ilə münasibətlərin hazırkı səviyyəsi ilə bağlı maraqlı açıqlama verib. Prezidentdən sitat: “Biz Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə həm Rusiyada, həm də Azərbaycanda tez-tez görüşürük. Ona görə də bizim ünsiyyətimiz, görüşlərimiz qarşılıqlı fəaliyyətimizin inkişafına (iki dövlət arasında – red.) çox müsbət təkan verir. Və bizim qarşılıqlı siyasi fəaliyyətimiz çox yüksək səviyyədədir”

İlham Əliyev humanitar forumların, xüsusilə Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə Bakıda keçirilən mədəniyyətlərarası dialoq forumunun əhəmiyyətini qeyd edib. Prezident vurğulayıb ki, pandemiya şəraitində bu forumların bundan sonra da keçirilməsi imkanları məhduddur: “Lakin əsas odur ki, əməkdaşlığın məzmunu və müsbət təcrübəsi qorunsun. Azərbaycanla Rusiya arasında humanitar sahədə əməkdaşlıq belə münasibətlərə nümunədir. Rusiya Azərbaycanda rus dilində tədris olunan 330-dan çox məktəbin, eləcə də ölkədə Rusiyanın aparıcı ali məktəblərinin filiallarının olmasını yüksək qiymətləndirir. Biz daimi əlaqə saxlayırıq, yaxın dost və tərəfdaş kimi işləyirik”. 

Siyasi analitiklər hesab edir ki, Prezident İlham Əliyev Rusiya ilə münasibətlərin təməl prinsiplərini, reallıqlarını açıb. Rusiya-Azərbaycan münasibətlərinin anatomiyasını izah edib.

Buradan çıxan nəticələr:

Putinlə Əliyevin münasibətləri rəsmi deyil, dostcasınadır.

İki ölkə münasibətlərində razılaşdırılmayan heç nə qalmayıb. Hər məsələdə, hər mövzuda razılıq əldə olunub.

Azərbaycanda Rusiyanın ən həssas maraqları nəzərə alınır, himayə edilir. Bura 330-dan çox rus dilində orta məktəblərin olması da daxildir. Bu arada, Azərbaycanda rus dilinin az qala ikinci ana dili kimi işlədilməsi, insanların rusdilli məktəblərə meylli, həvəsli olması da bu konsepsiyanın tərkib hissəsidir…

Rusiya ilə Azərbaycanın münasibətləri son 30 ildə ən doğru və etibarlı şəkildədir. İlham Əliyev bu nəticəni əldə etmək üçün uzun yol qət edib. Rusiya ilə münasibətlər ən doğru şəkildə qurulub  davam etdirilir. Dövlətlər arasında qarşılıqlı münasibətlərdə həm də Azərbaycanın marağı yüksək səviyyədə təmin edilir. 44 günlük müharibədə Rusiyanın tutduğu neytral mövqe, Putinin Ermənistana heç bir dəstək verməməsi, müharibədən sonra proseslərin ölkəmizin xeyrinə cərəyan etməsi, Zəngəzur dəhlizinin açılmasında və başqa məsələlərdə rəsmi Moskvanın tutduğu yol bunları deməyə əsas verir.

Bu barədə politoloq Azad Məsiyev “Yeni Müsavat”a şərhində bildirdi ki, Rusiya dünyanın ən böyük ərazisi olan, nəhəng resurslara malik ölkəsidir. Yaxın qonşuluğumuzda yerləşən belə bir ölkə ilə münasibətlərin yüksək səviyyədə qurulması son dərəcə zəruridir: “Rəsmi Bakı bu zərurəti tam düzgün olaraq bilir və qarşılıqlı münasibətlərin yüksək səviyyəyə çatması istiqamətində gərəkən siyasəti yürüdür. Postsovet məkanında rusdilli məktəblərə necə şərait yaradılması, rus dilinə münasibət Rusiyanın həmin ölkələrə münasibətinə ciddi təsir faktorlarından biridir. Azərbaycanda rus dilində məktəblərin çoxlu sayda olması, Rusiyanın ali məktəblərinin filiallarının açılması Rusiyanın Azərbaycana münasibətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Rusiya prezidenti Vladimir Putin bu məqama çıxışlarında xüsusi yer ayırıb, Azərbaycanda rus dilinə önəm verildiyini, rus dilində məktəblərin olduğunu xüsusi vurğulayıb və bildirib ki, bu amil ölkələrimizi, xalqlarımızı bir-birinə daha da dostlaşdırır. Azərbaycanın dövlət maraqları Rusiya ilə yaxın münasibətlərin qurulmasını daim diktə edir. Prezident İlham Əliyev bu siyasəti çox uğurla həyata keçirir, ölkəmizin maraqları qorunur. Rus dilinə Azərbaycanda münasibət Azərbaycan-Rusiya münasibətlərində son dərəcə mühüm təsir gücünə malikdir”.