09 Noyabr 2024

Paytaxtda Yeni il yarmarkalarında “əl yandıran” qiymətlər – reportaj

Departament rəsmisi: “Qiymətlər süni artırılarsa, satıcılara xəbərdarlıq edilir”

Yeni ilə hələ 3 həftə qalsa da, artıq paytaxtda bayram əhval-ruhiyyəsi hökm sürür. Bütün mağazalar, iri ticarət mərkəzləri, ayrı-ayrı dükanların piştaxtaları Yeni il bayramının aksesuarları ilə bəzədilib. Əlbəttə, görüntü olaraq şəhərdə gözəl ab-hava yaranıb.  Amma insanlar bildirir ki, qiymətlərin baha olmasına görə bu gözəlliyə yalnız baxıb keçməkdən başqa çarələri qalmır. Bizimlə söhbətdə paytaxt sakini Səkinə İsmayılova deyib ki, hətta bayram üçün açılan yarmarkada belə qiymətlər ucuz deyil.

Dekabrın 2-dən metro stansiyalarının qarşısında bayram yarmarkaları fəaliyyətə başlayıb. Ötən il pandemiya səbəbindən bu yarmarkaların keçirilməsinə icazə verilməmişdi. Nəzərə çatdıraq ki, yarmarkalar əhalinin maddi cəhətdən nisbətən aşağı təbəqəsi üçün nəzərdə tutulub.

İlk üz tutduğumuz məkan isə metronun “Qara Qarayev” stansiyasının qarşısındakı bayram yarmarkası oldu. Yarmarkaya daxil olar-olmaz bir ananın azyaşlı oğluna acıqlanması diqqətimizi cəlb etdi: “Hüseyn, o şaxta babaya əl vurma, çox bahadır, onu sənə  almayacağam. Qiymətlər niyə belə bahadır, balaca ”kukla”ya da 9 manat verərlər? Ay qardaş, bəs bu balaca dovşan neçəyədir?”, – deyə ana hirslə soruşdu.  “8 manat” – satıcı cavab verdi. “Ay aman, ötən il bu dovşan 3 manata idi, necə bahalaşıb” deyərək, qadın övladının əlindən tutub məkanı tərk elədi.  Onu da qeyd edək ki, yarmarka qurulan çadırın bir hissəsində yeni il üçün aksesuarları, digər hissəsində isə meyvə-tərəvəz satılırdı. 

Satıcıya yaxınlaşıb qiymətlərlə maraqlandıq. Bildirdi ki, ən kiçik yolka 8 manatadır. Ən hündür, yəni ölçüsü 1.70 santimetr olan yolka isə 30 manatdır. Balaca Şaxta baba 8 manat, balaca dovşan 7 manatdır. Oyuncaqların ən ucuzu 8 manat, ən bahalısı isə 12 manatadır. Yolka üçün zərlərin ən ucuzu 1 manat, ən bahalısı isə 3 manatdır. Uşaqlar üçün hədiyyələr də 2 manat təşkil edir.

Satıcıdan qiymətlərin niyə baha olduğunu soruşduqda belə cavab verdi: “Çünki bütün mallar bahadır, biz də baha qiymətə alırıq, malın üstünə də az məbləğ qoymuşuq. Özünüz də görürsünüz, insanlar almaqda maraqlı deyillər. Soruşub gedirlər. Belə olanda bizə də sərf eləmir. Ümumi götürəndə digər mağazalarla  müqayisə etsək, qiymətlərdə o qədər də fərq yoxdur, demək olar ki, qiymətlər eynidir”.

Buradan çıxıb metronun “Neftçilər” stansiyası yaxınlığında Yeni il alış-verişi üçün qurulan çadıra getdik. Burada da eyni vəziyyətlə üzləşdik. Yarmarkada çox az müştərinin olduğunu müşahidə etdik, alış-verişə gələnlərin əksəriyyəti isə qiymətlərin baha olduğunu dilə gətirdilər. Burada bayram üçün daha çox bəzək əşyalarının, müxtəlif çeşiddə malların satışa çıxarılması da diqqətimizdən yayınmadı. Qiymətlər də öncəkindən fərqli idi. Məsələn, ölçüsü 1. 80 santimetr olan dekorativ yolka 150 manat, adi yolka isə 55 manatdır. Ən balaca yolka 5 manatdır.

Zərlərin qiyməti 50 qəpikdən 3 manatadək artır. Şaxta babanın ən ucuzu və ən kiçiyi 4 manat, ən bahalısı isə 50 manatadır. Şaxta baba papağını isə 1, ya da 2 manata almaq olar. Kiçik şarların qutusu 1 manatdan başlayır. İçərisində 24 ədəd olan şarın qutusu isə 24 manat təşkil edir. Şam ağacının budaqlarından düzəldilmiş balaca dekorativ çələng 12 manat, böyük çələng isə 18 manatdır.

“Bu bəzək əşyası neçəyədir?”, – deyə alıcılardan biri soruşdu. Satıcı “7 manatdır” dedi. Alıcı isə qiymətin baha olduğunu dedi: “Buradan almaqdansa, gedib 8-ci kilometr bazarından alış-veriş edəcəm. Orada ucuzdur”.  

Satıcı isə hər kəsin imkanına uyğun mal satıldığını bildirdi: “Qiymətlər keyfiyyətə, ölçüsünə görə dəyişir. Hər kəs buradan mal ala bilər, çünki hər qiymətdə mal var”.

Göründüyü kimi, ötən illərlə müqayisədə qiymətlərdə xeyli fərq var. Bəs görəsən, bu il yarmarkalarda qiymətlər niyə fərqlidir? Bu, süni qiymət artımı ilə bağlıdırmı? Məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamenti ilə əlaqə saxladıq. Qurumdan  “Yeni Müsavat”a bildirildi ki, mütəmadi olaraq qiymətlərə nəzarət məqsədilə monitorinq həyata keçirilir: “Qiymətlər süni artıma məruz qaldıqda satıcılara xəbərdarlıqlar edilir. Bir neçə rayonda belə yarmarkalar qurulub. Ümumilikdə, 12 rayon üzrə 20-yə yaxın çadırlar qurulacaq. Məqsəd Yeni ilə aid müxtəlif məhsulların satışının təşkilini həyata keçirməkdir. Bizə müraciət edən sahibkarlar satışını orada həyata keçirir. Qiymətlərə tam nəzarət etmək də bir az çətindir. Sahibkar birinə bir qiymət, başqasına da fərqli qiymət deyə bilər. Qiymətlər digər ticarət obyektlərindən təxminən 10 faizə yaxın ucuzdur”.

UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti — Məmmədov Elşad Yaqub oğlu

Elşad Məmmədov

Bizimlə söhbətdə iqtisadçı-ekspert Elşad Məmmədov qiymət artımı ilə bağlı “Yeni Müsavat” a bunları şərh edib: “Azərbaycanda istehlak bazarında qiymətlərin xeyli dərəcədə bahalaşması ilk növbədə dünya bazarındakı kəskin inflyasiya meylləri ilə bağlıdır. Dünya bazarında hazırda artıq həm təklif, həm tələb inflyasiyası var. Həm təklif sferasındakı problemlərin istehsal və daşınmaz zəncirlərinin xeyli dərəcədə  zədələnməsi ilə bağlı olan qiymət artımı müşahidə edilir. Digər tərəfdən də, dünya iqtisadiyyatında bu proses son aylar ərzində artan pul kütləsi ilə bağlıdır. Ona görə də dünyada yaxın aylarda inflyasiyanın bir qədər də sürətlənməsi qaçılmazdır. Azərbaycanın isə daxili bazarının xeyli dərəcədə idxaldan asılı olmasını nəzərə alaraq yerli istehsalın lazımi səviyyədə formalaşmaması, lokallaşmaması ucbatından ölkəmiz inflyasiyanı idxal etməyə məcbur olur. Digər tərəfdən, əlavə bir amil kimi də Azərbaycanın daxili ticarət şəbəkələrində inhisarçılığın yüksək səviyyədə olmasıdır. Belə ki, inhisarçı qurumlar vəziyyətdən sui-istifadə edərək qiymətlərin bir qədər də artırılmasına süni şəkildə nail olur və bundan mənfəətlərini artırmış olur. Eyni zamanda şübhəsiz ki, bu problemlərin həlli son nəticədə idxaldan asılılığın azaldılması siyasəti, idxalın əvəz olunması siyasətilə öz həllini tapmalıdır. Amma burada da bir məsələ çıxır ki, ölkənin daxili bazarının kifayət qədər geniş olmaması yerli istehsalın inkişafına maneçilik törədəcək. Ona görə də hesab edirəm ki, regional iqtisadi əməkdaşlıq dərinləşməsə, qonşu dövlətlərlə iqtisadi inteqrasiya prosesləri sürətlənməsi isə yalnız daxili bazara yönəlik genişmiqyaslı istehsal proqramlarının reallaşdırılması çətin olacaq. Bir məqama da xüsusilə diqqət yetirməliyik, hətta regional bazarlar formalaşsa belə, ölkədə faktiki olaraq yerli istehsalın rəqabətqabiliyyətli şəkildə formalaşdırılması üçün daxili investisiya institutu inkişaf etməlidir, kredit mexanizmləri, kredit institutları ölkədə real sektora istehsala yönəlik olmalıdır. Çünki bugünkü kredit faizləri ilə ölkədaxili istehsalın reallaşdırılması, zənnimcə, olduqca çətindir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”