23 Dekabr 2024

“Paşinyan mesaj verir ki, sülh danışıqları üçün ən münasib siyasətçidir” – Hikmət Babaoğlu

“Azərbaycan Brüssel görüşünə öz lehinə təmin etdiyi strateji üstünlüklərlə gedir. Fərrux kəndi və ətrafındakı mühüm yüksəkliklərdə suveren hüquqlarımızı bərpa etməmiz də görüşöncəsi yatartdığımız daha bir reallıqdır”.

Deputat Hikmət Babaoğlu bu fikirləri 6 apreldə Brüsseldə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçiriləcək İlham Əliyev-Nikol Paşinyan görüşünü Musavat.com-a şərh edərkən söylədi.

H.Babaoğlu hesab edir ki, Azərbaycanın Fərrux yüksəkliyində yaratdığı reallıqlarla yanaşı, digər üstün mövqeləri də var: “Kommunikasiyaların açılması ilə bağlı Ermənistanın qeyri – müəyyən mövqeyinə qarşı olaraq Azərbaycan qonşu İranla bənzər kommunikasiya dəhlizi haqqında razılaşama əldə etməklə Paşinyanın Zəngəzur dəhlizindən təzyiq kartı kimi istifadə etmək cəhdlərini də boşa çıxardı. İndi Ermənistanda daha aydın dərk edirlər ki, ya Zəngəzur dəhlizi üçtərəfli bəyannamədə olduğu kimi, bütün komponentləri ilə, o cümlədən Azərbaycana maneəsiz nəqliyyat keçidi də daxil olmaqla baş tutacaq, ya da ermənilərə sərf edən dəmiryolu kommunikasiyası da aşılmayacaq”.

Deputat hesab edir ki, beləliklə, Ermənistan yenə də qeyri-müəyyən müddətə özünü regional kommunikasiyalardan təcrid edərək, blokadaya salmış olacaq: “Üstəlik, beynəlxalq hüquq, hərbi siyasi və diplomatik üstünlük də Azərbaycanın tərəfindədir. Müharibədən ötən 17 ay ərzində rəsmi Bakı yaratdığı yeni geostrateji reallığı da böyük ölçüdə dünyaya qəbul etdirməyi bacarıb. Ona görə də görüşöncəsi Paşinyanın edə biləcəyi yeganə manevr Tovuz rayonu istiqamətindən mövqelərimizi atəçə tutdurmaq və İrəvanda mitinq təşkil etmək oldu”.

H.Baboğlu Ermənistan revanşistlərinin – parlamentdəki “Şərəfim var” və “Hayastan” fraksiyalarının təşəbbüsü ilə keçirilən 5 aprel mitinqinin arxasında dolayısı ilə hakimiyyətin dayandığını güman edir: “Bununla Paşinyan mesaj vermək istəyir ki, sülh danışıqları üçün mən ən münasib siyasətçiyəm. Azərbaycan Qarabağ məsələsində müəyyən məsələləri nəzərə almasa, radikallar və revanşistlər Ermənistanda hakimiyyətə gələ bilər və regionda vəziyyət gərginləşərək nəzartədən çıxar. Ancaq bu zaman bir şeyi unudur ki, Azərbaycan sülh danışıqlarına hazır olduğu qədər müharibəyə də ən yüksək səviyyədə hazırdır”.