23 Oktyabr 2024

Partiya sədrləri Ağdama aparıldı – siyasətçilərin təəssüratları

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə martın 17-də siyasi partiyaların rəhbərləri və bir sıra politoloqlar işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər. Nümayəndə heyətini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edib.

Partiya sədrləri və politoloqlar əvvəlcə rayonun Yuxarı Qərvənd kəndində Kümbəz restoranının hazırkı vəziyyəti ilə tanış olub, Uzundərə ərazisində yerləşən, işğal zamanı erməni vandallarının dağıtdıqları İkinci Şəhidlər xiyabanının dağıntılarına baxıblar.

Bildirilib ki, vaxtilə burada 1000-dən çox şəhid dəfn edilib. Lakin indi həmin məzarlıqdan əsər-əlamət qalmayıb.

Yolboyu hərbi istehkamların olduğu ərazilərlə tanış olan səfər iştirakçılarına həmin qurğuların mürəkkəbliyi barədə məlumat verilib.

Təşkil edilən bu səfər yüksək qiymətləndirilir.

Ancaq Müsavat və AXCP səfərə gedənləri tənqid edir, hətta bəzi hallarda əndazəni aşan ifadələr belə səsləndirirlər.

Partiya rəhbərlərinin səfərlə bağlı təəssüratlarını aldıq.

Partiyaların yalnız adları qalıb... - Tural Abbaslı

Tural Abbaslı: “Qəhrəmanlarımıza hər addımda minnətdar olmalıyıq”

AĞ Partiya başqanı Tural Abbaslı üzləşdiyi mənzərələrdən dolayı üzüntüsünü bu cür bölüşdü: “Düşünmürəm ki, özünü azərbaycanlı sayan hər bir insan burada fərqli bir hisslər yaşasın. Hamı eyni hissləri yaşayır. Burada qəzəb, sevinc var. ”İllərdir niyə biz bu torpaqları azad etmədik ki, bu günlərə qaldı” deyə bir düşüncə yarayır. Erməni faşizmini, cəlladlığını bilirdik. Amma divara, daşa, kəndə, şəhərə qarşı da onların kinini, nifrətini gördük. Çox qarışıq hislər yaşadıq. Ağdam “Ruhlar şəhəri”nə çevrilib. Bir salamat tikili qalmayıb. Biz şəhidlərimiz və qazilərimizin sayələrində bu yerlərə gələ bildik. Qəhrəmanlarımıza hər addımda minnətdar olmalıyıq”.

Partiya başqanı təşkilatçılığa yüksək qiymət verdi: “Bu, ümummilli məsələdir. Küskünlük belə məsələlərdə kənara qoyulmalıdır. Qarabağ məsələsi bu sırada birincidir. Bu məsələdə daxilə və ümumi dünyaya mesaj verilməlidir ki, biz birik, bir yerdə yerdəyik, kimsə bu məsələdə bizi fikir ayrılığına sala bilməz”.

Elşad Musayev: Tofiq Yaqublunun həbsini həddən artıq şişirib  siyasiləşdirmək tam yanlışdır

Elşad Musayev: “Bu vəhşiliyi ilk növbədə beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətimizi davam etdirməliyik”

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: “Burada sanki bir kənd, oba, şəhərin meyitini görürük. Elə bil Ağdam ”Ruhlar şəhəri”dir. İnsanda çox dəhşətli təəssüratlar yaradır. Oranı əyani görəndən sonra görüləcək işləri təsəvvür etmək olur. Bütün ərazilər minalanıb. Ermənilərin törətdiklərini heç Hitler Almaniyası dövründə faşistlər törətməyiblər. Bu vəhşiliyi ilk növbədə beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətimizi davam etdirməliyik. İnsanlarımızı bu barədə maarifləndirmək üçün də işlərimizə ara verməməliyik. Sevinməliyik ki, işğal altındakı torpaqlarımızı azad edə bildik. Bundan sonrakı mərhələ uzun çəksə də, quruculuq mərhələsi olacaq. Xalqımız onun öhdəsindən ləyaqətlə gələcək”.

Partiya sədri təşkil olunan bu səfəri yüksək dəyərləndirdi: “Bu çox müsbət addımdır. Bizim özümüzün dəfələrlə təşəbbüsümüz olub. İndinin özündə də müxalifət olaraq, ciddi şəkildə bərabərlik nümayiş etdiririk. Hazırda Ermənistanda siyasi təşkilatlarla hakimiyyət arasında düşmənçilik münasibəti yaşanır, bu, getdikcə dərinləşir. Belə olan təqdirdə Azərbaycanda siyasi partiyaların Prezident Administrasiyasının təmsilçisi ilə belə təhlükəli əraziyə səfər etmələrini müsbət qiymətləndirməmək mümkün deyil. Təhlükəli ərazi onun üçün deyirəm ki, təsəvvür edin, yol kənarına çıxmaq olmur, ətraf bütün  minalanıb. Eşitdiyimə görə, bura gəlməyən və özlərini real müxalifət sayan bəziləri ağızlarına gələni danışırlar. Dəqiq oxumamışam, AXCP funksioneri Nurəddin Məmmədlinin adını çəkdilər. Bu adamlar təhqiramiz nə deyiblərsə, yeddi qatlarından keçsin. Bura müxalifət gəlib ya yox, buna qiymət vermək bizim işimiz deyil. Amma onların da həddi deyil. O düşərgədə vaxtilə hakimiyyətlə işləmiş, yüz dona girmiş, mükafatlandırılmış, sonradan qovulmuş qaragüruhçular başqalarına dil uzada bilməzlər. Kim təhqir edirsə, onun özü elə təhqirə layiq adamdır. Biz siyasi partiyalar olaraq, bura gəlib bir daha milli məsələ ilə bağlı hakimiyyətlə ortaya ortaq mövqe qoyuruq. Nəyi pisdir?”

Sərdar Cəlaloğlu: "Qurban Məmmədov İsgəndər Həmidovu, İsgəndər Həmidov da  onu agent adlandırdı" - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “Sanki ağaclar onların yiyələrini əvəz ediblər”

ADP sədri Sərdar Cəlaloğlu isə bunları dedi: “Dağlıq Qarabağda Naxçıvandan olan bir oğlan itkin düşmüşdü. Onun meyitini gətirəndə atası qurban kəsmişdi. O, ən ağır itkisini verir, lakin sonda ümid yeri kimi qazanmağın hissini keçirir. Eyni hissləri keçiririk. Faktiki bu ərazilər dağılıb məhv edilib. Amma eyni zamanda bu ərazilərin bizim əlimizdə olduğuna, tezliklə bu yerləri dirçəldəcəyimizə çox böyük ümidimiz olduğuna görə sevinclə kədərin qarşılığından ibarət olan bir hisslər keçiririk. Bundan əvvəl biz məğlub olmuşduq, məhz dağıdılan ərazilər bu məğlubiyyəti göstərir. Amma bu gün qalib gəlmişik, mütləq bu dağıntıların arasından yeni bir həyat, yaşayış yaratmalıyıq. Mənə elə gəlir ki, hər bir azərbaycanlı bu baş verənlərdən tarixi bir dərs götürməlidir. Burada ən çox diqqətimi cəlb edən odur ki, sökülmüş evlərin hər birinin ətrafını ağaclar bürüyüb. Sanki ağaclar onların yiyələrini əvəz ediblər. Evlərin içərisində dam olmadığı üçün ağacların hamısı evlərin içərisindədir. Çox qəribə bir mənzərədir. Sözlə təsəvvür edə bilmirəm”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”