23 Dekabr 2024

Ön cəbhədə olmasa da arxa cəbhənin, sözün həqiqi mənasında, əsgəri olub – Bərdə rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Teymur Kərimov

Teymur Kərimov Bərdə rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisidir.Vətən müharibəsinin çətin anlarında ön cəbhədə olmasa da arxa cəbhənin, sözün həqiqi mənasında, əsgəri olub. 44 günlük müharibə ərzində təhsil müəsisələrində sığınacaq almış məcburi köçkünlərin yerləşdirilməsində yaxından iştirak etmişdir. O günlərin ağırlığını , çətinliyini yaxından görmüş təhsil işçisi kimi Teymur Kərimovla müharibə təəssüratlarını bölüşürük.

“Tovuz hadisələrindən sonra xalqımızda düşmənə qarşı hiddətini görürdük. Demək olar ki, cəmiyyətin müharibə tələbi var idi. Sentyabrın əvvəllərindən hərbi komissarlıqlara könüllülərin axışması bizi müqəddəs müharibəyə günbəgün yaxınlaşdırırdı. 27 sentyabrın açılan səhərində isə yaxınlığımızdakı cəbhə xəttindən gələn top,qrad səslərindən anladıq ki, müharibə gedir. Artan gurultulu səslər getdikcə vəziyyətin daha da ciddiləşməsindən xəbər verirdi.”-deyə Teymur Kərimov müharibənin başladığı günü belə xatırlayır.

Teymur Kərimovun bildirdiyinə görə 27 sentyabr gecəsindən  Ağdam , Tərtər bölgələrindən sakinlər atəş altında olduğundan evlərini tərk edib, arxa cəbhəyə çəkilməyə məcbur olublar. Bərdə rayon Təhsil Şöbəsinin əməkdaşı kimi məktəb direktorları ilə birgə köçkünlərin yerləşdirilməsi və onların qayğıları ilə məşğul olmağa başlayıblar.

“51 məktəbdə 17 minə yaxın məcburi köçkün yerləşdirdik.Köçkünlərin yataq dəsti, geyimi, qidalanması, xəstələrə dərmanların çatdırılması kimi işlərdə fəal iştirak etmişik. Müharibə dövründə hər gün məcburi köçkünlərin yanında olmuşuq.Prezident aparatının Bərdədə yerləşən qərərgahının üzvü kimi məktəblərdə məskunlaşdırılan ailələrə  gündə üç dəfə yemək, pandemiya dövrü olduğundan dizinfeksiya məhlulları, təmizləyici vasitələr  çatdırmışıq.”- deyə Teymur Kərimov görülən işlərdən danışıb.

Teymur müəllimlə söhbət edərkən məlum olur ki, həmin günlər istirahət etməyə, ayaqlarının dincliyini almağa, gözlərini çimir eləməyə, belə, çox vaxt  macal olmayıb.

Müharibənin ilk günlərində hadisələrin inkişafından narahatlıq keçrdiyini deyən Teymur Kərimov ordumuzun parlaq qələbələrindən ruhlandığını qeyd edir. Bildirir ki, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz irəlilədikcə , kənd və şəhərlərimiz düşməndən azad edildikcə möhtəşəm sevinc hissi keçiriblər.Cənab prezidentin Şuşanın azad olunmasını barədə canlı efirdən xalqa çatdırdığı xəbəri eşidincə əvəzolunmaz hisslər yaşayıblar.

 44 günlük müharibədə Teymur Kərimovun həm qardaşı, həm də övladı vətənin keşiyində dayanıb. “ Qardaşım inkluziv tipli internat məktəbin direktoru Seymur İslamov da könüllü olaraq vətənin çağrışına qoşularaq cəbhəyə yollandı. Zabit kimi komandir vəzifəsini icra edib.5 zabit , 97 əsgərə rəhbərlik edib.Təbii ki, nigaran olduğumdan hər gün onunla əlaqə saxlamağa çalışırdım.Hətta elə gün olurdu ki, əlaqə yarada bilmirdik.Qardaşımla yanaşı oğlum da cəbhə bölgəsində xidmət edirdi. Bir insan kimi hər ikisinə görə gərginlik yaşamalı olurdum.Ancaq, buna baxmyaraq arxa cəbhənin əsgəri kimi qarşımıza qoyulan vəzifəni , üzərimizə düşən vətəndaşlıq borcunu layiqincə yerinə yetirə bildik”-deyir Teymur müəllim.

Bərdənin raket atəşinə tutulmasından danışan Teymur Kərimov o günü də xatırlamalı olur. Həmin anda Təhsil Şöbəsinin yuxarı mərtəbəsindən şəhərdəki dəhşətli mənzərəni müşahidə edirmiş. Yanan maşınları, qan gölünə dönən şəhərdə baş verənləri öz gözləri ilə görüb.Hətta şəhid olanlar arasında tanıdığı adamlar da olub. O, günləri unutmağın mümkün olmadığını deyir. Hesab edir ki, ona qədər müharibənin dəhşəti aydın hiss olunmurdu.

“27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır.Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.”-deyə sonda Teymur Kərimov vurğulayır.

Musa Muradlı