23 Dekabr 2024

“Omikron’’ Azərbaycanda da Yeni il qapanmalarına səbəb ola bilər

“Əgər bu ştammın ölkəmizdə yayılmasını istəmiriksə…” – infeksionist

COVİD-in yeni ştammları dünyanı yenidən təhdid edir. Yeni virus variantı sürətlə yayılmaqdadır, əsasən də Avropa ölkələrində aşkarlanır. Elə bu səbəbdən də artıq bir neçə ölkə karantin rejimlərini daha da sərtləşdirib.

Baxmayaraq ki, ölkəmizdə rəsmi qurumlar yeni ştammın hələ ki aşkarlanmadığını bildirirlər, bununla belə, Azərbaycanda da bu sahədə narahatlıqlar var. Hələlik Azərbaycanda ‘’Omikron’’ ştammı qeydə alınmayıb.

“Yeni Müsavat”a verilən məlumatlara görə, hazırda ölkənin qərb rayonlarının kəndlərində COVİD ciddi şəkildə yayılıb. Lakin kənd əhalisinin çoxu test vermir, qeydiyyata düşmür və evdə müalicə olunmağa üstünlük verirlər. Onların xəstə olduqları isə artıq hər kəsə bəlli olan məşhur simptomlardan aydın olur…

Yeni ildə sərt karantin rejimi tətbiq oluna bilərmi?  “Omikron” ştammının ölkəmizdə yayılmasının qarşısını necə ala bilərik? Bu və digər suallarla bağlı mütəxəssislərə müraciət etdik.

Həkim-infeksionist Mərdan Əliyev mövzu ilə bağlı belə şərh verib: “Koronavirus infeksiyası artmaqda davam edir. Ölüm saylarının çox olması xəstələrin həkimə gec müraciət etməsi ilə bağlıdır. İnsanlarda  virusa qarşı biganəlik var. Xəstə olduqları zaman həkimə gec – ağırlaşmış formada müraciət edirlər. Belə halda da onları bu vəziyyətdən çıxarmaq olmur. Bu da ölüm saylarının artmasına səbəb olur. Yoluxma sayı da indi kifayət qədər çoxdur. Amma sabitdir, aktiv xəstə sayı sabit olaraq qalır. Yoluxma və sağalanların sayı təxmini olaraq bir-birinə yaxındır. Buna görə hazırda virusla bağlı epidemioloji vəziyyət ölkədə sabit sayılır. Yeni ildə isə qapanmaların olacağını düşünmürük. Çünki yoluxma sayında kəskin artım adətən yaydan payız fəslinə keçəndə müşahidə edilir. Amma payızdan qışa keçəndə bunun şahidi olmuruq. Buna görə belə qapanmalara gedilməsi, məhdudiyyətlərin olacağını düşünmürük. Amma mütləq xaricə gediş-gəlişlə bağlı qadağalar olmalıdır. Yaxud da qapanmalar olmasa da, heç olmasa müəyyən ciddi yoxlamalar olmalıdır, karantin qaydaları tətbiq edilməlidir. Əgər ”Omikron”un ölkəmizdə yayılmasını istəmiriksə, bunlara mütləq əməl olunmalıdır. Yeni ştammların ölkədə yayılmasının qarşısını almaq üçün bunu etmək lazımdır”.

Payızda virusun artacağı, qapanmalara gediləcəyi gözləniləndir” -  infeksionist

Mərdan Əliyev 

İnfeksionist qeyd edir ki, “Omikron” variantının spayk proteinində daha böyük mutasiyalar baş verib: “Spayk proteini həm virusun yoluxduruculuq qabiliyyətinə cavabdehdir, həm də vaksinlər spayk proteinə görə hazırlanır. Belə olan halda virusun yoluxduruculuq qabiliyyətində artım, ya da azalma qeydə alınmalıdır. Vaksinlərin də təsirinin azalacağı düşünülür. Əgər təsirinin azalması sübut olunsa, vaksinlərdə modifikasiyalar yeni variantlara uyğunlaşdırıla bilər.

“Omikron” variantında yeni mutasiyalar spayk proteininə bağlı olduğu üçün klinik gedişində və simptomlarda elə bir dəyişiklik yoxdur. Amma bizdə olan məlumata görə, xəstəlik “Delta” ştammından daha yüngül gedişatlıdır. Bütün bu məlumatlar Cənubi Afrikadan gələn informasiyalar əsasında əldə olunur. Onların verdiyi məlumata görə, bu virus yalnız peyvənd olunmayan şəxslərdə müşahidə edilib və “Delta” ştammından daha yüngül keçib. Təbii ki, ölkədən-ölkəyə, müəyyən coğrafi mövqedən asılı olaraq dəyişilir. Misal üçün, ola bilsin orada yüngül keçən virus bizdə daha ağır keçə bilər. Amma ümumi “Delta” ştammından yüngül keçdiyi məlumdur. Bu da ümid verir ki, bu ştammın ölkəmizdə də yüngül forması olar“.

Nilufər Məmmədova: “Qarşıdakı 2 həftə ərzində yoluxma sürətlə artacaq”

 Nilufər Məmmədova

Mövzu ilə bağlı “Yeni Müsavat” a Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist Nilufər Məmmədova da fikirlərini bildirib: “”Omikron” variantı yunan  əlifbasından götürülərək belə adlandırılıb. Bu variant bu günə kimi meydana çıxan variantlar arasında ən çox mutasiyaya uğrayan variantdır. Xüsusən də spayk proteinində 32  mutasiyanın olması müəyyən edilib ki, bu da həmin variantı kifayət qədər təhlükəli vəziyyətə gətirib. Əslində bu variantdan qorxma səbəblərimizdən biri də məhz elə bu mutasiyaların nələrə səbəb ola biləcəyini öncədən müəyyənləşdirə bilməməyimizdir. Amma bunlar üzərində ciddi işlər gedir, hətta vaksinlərin mutasiyaya qarşı effektivliyi ilə bağlı ciddi işlər gedir. Gərəkli olduğu halda  vaksinlərin tərkibi yenidən nəzərdən keçirilərək bu ştamma qarşı effektiv hala gətiriləcəyi planlaşdırılır”.

İnfeksionist əlavə edib ki, yeni virus variantı payız-qış aylarına təsadüf etdiyi üçün digər yuxarı tənəffüs yolu xəstəliklərinin də artması qaçılmazdır: “Xüsusən xəstəliyin ilkin günlərində. Ona görə də regionlarda, hətta şəhərin özündə belə yuxarı tənəffüs yollarına məxsus simptomları olan insanlar bunu koronavirusla deyil, başqa viral xəstəliklərlə, soyuqdəymələrlə  əlaqələndirir, test verməkdən yayınırlar. Təbii ki, bizdə də virus aşkarlanarsa, bunun bütün ölkədə yayılmasına gətirib çıxaracaq.

Qorunma qaydaları isə  olduğu kimi qalır. Üzə düzgün qaydada taxılan maskaların istifadəsi, sosial məsafənin gözlənilməsi, qapalı məkanların tez-tez havasının dəyişdirilməsi, insanların sıx toplaşdığı məkanlardan bacardıqca uzaq durması lazımdır.  Hətta Ümumdünya Səhiyyə Təşkilatı məsləhət görür ki, ehtiyac olmadıqca evdən çıxılmasın. Xüsusən də virusun gedişatının necə olacağı bilinmədiyi üçün bu iki həftə ərzində xüsusilə diqqətli olmalıyıq.  Peyvənd olunmayanlar vaksinasiyadan mütləq keçməlidir və üçüncü doza vaksinin zamanı çatıbsa, buster dozanı mütləq qəbul etməlidir ki, immun sistem bu xəstəliyin ağır gedişinə qarşı qoruyuculuğunu artırmış olsun. Yeni variantın meydana çıxmasından çox az bir zaman keçib və bu gün üçün təəssüf ki, əminliklə deyə biləcəyim nə isə yoxdur. Yaxın günlərdə Ümumdünya Səhiyyə Təşkilatının və digər rəsmi qurumların cavabına əsasən biz də əhaliyə müraciət edəcəyik”.

Yeri gəlmişkən, ABŞ-ın “Johnson&Johnson” (J&J) şirkəti koronavirusun “Omikron” ştammına qarşı peyvənd hazırlamağa başlayıb.