23 Dekabr 2024

Ölkədən “beyin axını” var – səbəblər…

Ekspert: “Düşünən beyinlərini itirən dövlət sosial-iqtisadi sahədə geriləməyə məruz qalır, həyat səviyyəsi aşağı düşür”

Uzun illərdir ki, Azərbaycandan xarici ölkələrə “beyin axını” haqda ən müxtəlif iddialar var. Qeyri-rəsmi statistikaya görə, təkcə son 10 ildə 120 mindən çox ali təhsilli Azərbaycan vətəndaşı ölkəni tərk edərək, xaricə gedib. Mütəxəssislər qeyd edir ki, vəziyyətin bu cür davam etməsi gələcəkdə ölkədə kadr böhranı yarada bilər. Parlamentin ötən həftə keçirilən iclasında deputat Əli Məsimli də bu mövzunu gündəmə gətirib. Deputat bildirib ki, Azərbaycanda işsizlik 7 %-dən çoxdur və  bu da xaricə beyin axınını sürətləndirir.

Bəzi mütəxəssislər qeyd edir ki, əsas səbəblərdən biri Azərbaycanda reytinqli universitetlərin olmamasıdır. Dəfələrlə dünya üzrə reytinqli universitetlərin siyahısı açıqlananda Azərbaycan universitetləri nəinki 1000-ci, heç ən son sırada belə yer almayıb. Nəticədə xaricdə təhsil almaq üçün ölkədən gedənlərin sayı artır.  Ən pis tərəfi isə odur ki, təhsil alan həmin gənclər sonradan ölkəmizə qayıtmaqda maraqlı olmurlar. Azərbaycandan xaricə “beyin axını”nın artmasının səbəbi nədir? Savadlı gənclərin ölkədə qalıb, xidmət etməsi üçün hansı addımların atılması zəruridir?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a belə şərh verib: “İlk növbədə qeyd etmək istəyirəm ki, hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır. Onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır. Xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar. Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları ballar burada ali məktəblərə qəbul olmağa imkan verməyənlərlərdir, bunların da sayı hədsiz dərəcədə çoxdur. 

Kamran Əsədov diplomu tanınmayan məzunlardan danışdı - Günah kimdədir? »  Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Kamran Əsədov 

İkinci kateqoriyadan olanlar isə Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Müəyyən şəxslər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər. Hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Və bu qədər ali təhsil ocağında 187 mindən çox insan təhsil alır. Təəssüf ki, bizim bu qədər universitetin heç biri dünya reytinq cədvəlində yoxdur. Ölkəmizin universitetlərinin çoxunda infrastruktur müasir standartlara cavab vermir. Yeməklər yoxdur.  Tələbə yataqxanaları fəaliyyət göstərmir. Tələbələrin sosial fəaliyyəti yox dərəcəsindədir”.

Ekspert qeyd edir ki, ali təhsil ocaqlarının tədris resursları 80-90-cı illərdən qalmadır: “Mühazirə, ”qayıb” kimi üsullar hələ də istifadə olunur ki, bu da bizim universitetlərin geridə qalmış olduğunu göstərir. Azərbaycan universitetləri ancaq biznes obyekti kimi fəaliyyət göstərir və heç bir tutarlı beynəlxalq layihə həyata keçirilmir. Bu gün də gənclərin xarici ölkələrdə təhsil alması məsələsi geniş miqyas alıb.

Azərbaycanlı gənclərin xaricdə təhsili ölkəmiz üçün yeni bir təcrübə deyil. Azərbaycan “Gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” artıq 99 ildir ki, həyata keçirilməkdədir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə çıxdığımız yolu bu gün müstəqil Azərbaycan Respublikası uğurla davam etdirir. Qeyd edim ki, xarici ölkələrdə təhsil almaq üçün ölkə vətəndaşlarının iki yolu olur, ya dövlət proqramı çərçivəsində dövlətin vəsaiti ilə və ya öz vəsaitləri hesabına. Dövlət proqramı çərçivəsində 2007-2015-ci illər ərzində 3500-dən çox azərbaycanlı gənc xarici ölkələrdə təhsil almağa gedib. Öz vəsaiti hesabına gedənlərin sayı isə 40 minə yaxındır. Bu il də gedənlərin sayı əvvəlki illərlə müqayisədə  azalmadı. Minə yaxın azərbaycanlı gənc xarici ölkələrə üz tutub. Hesab edirəm ki, bu, gələcəkdə ölkəmizə rəqabətədavamlı kadrların qayıtması ilə nəticələnəcək və ölkənin inkişafına müsbət təsir göstərəcək”.

K.Əsədov qeyd edib ki, Azərbaycan dövləti tərəfindən həyata keçirilən xaricdə təhsil dövlət proqramı başa çatandan sonra xarici dövlətlər və onların ali təhsil müəssisələri tərəfindən tələbələrin cəlbi prosesi başlayıb: “Əlbəttə, bu kimi proqramlar iki ölkə arasında bağlanmış müqavilələr əsasında tənzimlənir. Həmin universitetlər bu yolla öz reytinqlərini artıraraq, gələcəkdə həmin ölkələrdə vətəndaşların öz vəsaitləri hesabına tələbə cəlbinə təsir göstərməkdə maraqlı olurlar. Çünki hər bir universitetin beynəlxalq reytinqinə orada təhsil alan xarici ölkə vətəndaşlarının sayı ciddi təsir göstərir.

Azərbaycandan xaricə "beyin axını" - 120 min ali təhsilli ölkədən getdi

Bir məqamı da qeyd edim ki, miqrasiya prosesinin idarəolunmaz tərəfi kimi inkişaf etməkdə olan ölkələrdən intellekt axını, “beyin köçü” və yaxud “beyin axını” göstərilir. “Beyin axını” – yüksək ixtisaslı mütəxəssislərin öz ölkələrində normal yaşam tərzi qura bilməyərək xarici ölkələrə miqrasiya etməsidir. Anlayış elmi ədəbiyyata ilk dəfə Britaniya Kral Cəmiyyətinin hazırladığı hesabatdan sonra daxil olub. Belə ki, 1962-ci ildə mühəndis, texnik və alimlərin Böyük Britaniyadan ABŞ-a miqrasiya etməsindən sonra istifadə olunmağa başlanıb. “Beyin axını” hesabatı bütün dünyada səs-küyə səbəb olmuş və dünya alimləri “Brain Drain” anlayışını eyni mənada işlətməyə başlayıblar. Türkiyənin tanınan alimlərindən Muhammer Kaya hesab edir ki, yüksək təhsil səviyyəsi ilə fərqlənən, öz ixtisası üzrə mütəxəssis hesab olunan insanların vətənini tərk edərək güclü dövlətin ali, elmi, transmilli şirkətlərində səadət axtarması elmi-texniki inkişafa təkan verməklə yanaşı, vətəndaşları olduqları dövlətlərə ciddi zərbə vurur. Onu da əlavə edim ki, “beyin axını”, daha doğrusu, yüksək səviyyəli alimlərin onlar üçün əlverişli yerlərdə yığışması (məsələn, İkinci Dünya müharibəsi ərəfəsində və ondan sonra ABŞ-da toplanması) elmin və texnikanın güclü inkişafına gətirib çıxartdı. Elm və texnika isə elə şeydir ki, bu, yalnız konkret ölkənin malı olaraq qalmır, bütün bəşəriyyət bundan istifadə edir. Misal olaraq kompüterləri, müasir telekommunikasiyanı, İnterneti, müxtəlif maşınları və başqalarını göstərmək olar!”.

Ekspert bildirir ki, “beyin axını” bəşəriyyətin bütövlükdə inkişafına səbəb olur və son nəticədə kasıb ölkələr də bundan yararlanır: “Beyin axını” prosesinin iki konsepsiyasını xüsusilə qeyd edim:

Bilik və təcrübənin paylanması, yaxud dəyişdirilməsi (Brain exchange). Bu konsepsiyaya görə, beyin miqrasiyasına qoşulan insanlar öz əmək və qabiliyyətlərini yeni müəssisə və transmilli şirkətlərlə paylaşırlar. Bu zaman öz mütəxəssislərini başqasına “icarəyə” verən transmilli şirkət “beyin axını” ilə üzləşmir.

Brain Waste – beyin itkisi konsepsiyası. Bu zaman prosesə məruz qalan dövlət öz intellektual potensialını tamamilə itirməli olur. Nəticədə isə öz düşünən beyinlərini itirən dövlət sosial-iqtisadi sahədə geriləməyə məruz qalmaqla yanaşı, həyat səviyyəsinin aşağı düşməsi ilə də üz-üzə qalır. Beyin axını ölkənin iqtisadi tərəqqisini əngəlləyən maneələrdən biridir. Məsələn, Malayziya beyin axını səbəbindən orta gəlirli ölkə səviyyəsindən yüksək gəlirli ölkə səviyyəsinə çıxa bilmir. Dünya Bankının statistikasına əsasən, 25 yaşdan yuxarı xaricdə yaşayan 820 min malayziyalının 31 faizi, yaxud da 260 mini ali təhsillidir. Hindistan isə rəqəmsal infrastrukturu kiyafət qədər yüksək səviyyədə inkişaf etdirib, texnologiya parkları təcrübəsini əsas götürərək beyin axınının qarşısını almağa nail olub. Hələ 1997-ci ildə İranla bağlı aparılan tədqiqatda qeyd edilirdi ki, Amerikadakı universitetlərdə 4 min iranlı professor var. Bu elm adamlarından 500-ü isə ən yaxşı ABŞ universitetlərində təhsil və tədqiqatla məşğul olurlar. Beyin axını əsasən üç səbəbdən arzuedilən deyil. Birincisi, ölkə və millətin vəsaitləri hesabına təhsil alıb ölkəyə qayıtmayan, yaxud da ölkədən gedən vətəndaşlar vergi gəlirlərində itkiyə səbəb olur. Halbuki çox vaxt ali təhsilli kadrlar vergi ödəyicilərinin sayəsində təhsil almaq imkanı əldə edirlər. İkincisi, müəllimlərin və həkimlərin xarici ölkələrə miqrasiyası cəmiyyətin digər təbəqələrinə mənfi təsir göstərir. Gələcək nəsillərin təhsili bundan mənfi təsirlənir. Üçüncüsü, beyin axını savadlı kadrların başqa işlərə istiqamətlənməsi ilə bu elmin itkisinə gətirib çıxara bilir. Məsələn, 2008-ci ildə ABŞ-dakı 1936 fəlsəfə doktoru ünvanı olan miqrantdan 38-nin taksi sürücüsü olduğu müşahidə edilib. Bu, əsasən savadlı miqrantların getdikləri ölkədə dil bilməmələrindən irəli gəlir”.

“Azərbaycandan ”beyin axını” daha çox Rusiya, Türkiyə və Qərbi Avropa istiqamətində olub”, deyən təhsil eksperti əlavə edib ki,  Dünya Bankının, Dünya İnkişaf Hesabatında (World Development Report, 2013) qeyd edilir ki, Azərbaycan iqtisadiyyatına miqrantların göndərdiyi pul köçürmələri, 2000-ci ildə ÜDM-in 5,2 faizini təşkil edirdisə, 2010-cu ildə bu rəqəm, 2,7 faiz olub: “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı beyin axını statistikasını, ali təhsilli miqrantların, ölkədəki cəmi aktiv ali təhsilli əmək qüvvəsinə faiz nisbəti kimi xarakterizə edir. Buna görə, 2000-ci ildə bu göstərici Azərbaycan üçün 1,8 faiz olub. Bununla yanaşı, Dünya Bankının iqtisadçıları tərəfindən Azərbaycanı beyin axınının ən aşağı səviyyədə reallaşdığı ölkələr siyahısına daxil edilib. Bu göstərici ən çox Qana, Mozambik və Keniyada qeydə alınıb. Belə ki, beyin axını bu ölkələrdə 47, 45 və 38 faizdir.

Xaricə getmək çox da narahatlıq yaratmamalıdır, ancaq ölkə üçün əhəmiyyətli alimlər, elmin inkişafı üçün ölkədə olmaları mütləq sayılan şəxslərin xaricə getməsi təhlükəlidir. Bu mənada təhsil sahəsində çalışanların maaşları artırılmalıdır. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, rəqabətədavamlı iqtisadiyyatın formalaşması üçün bu proqramın bərpa olunması vacibdir. Lakin ümid edirəm ki, daha çox Azərbaycanda ehtiyac olan ixtisaslar üzrə gənclər təhsil almağa göndəriləcək. Çünki bir çox ixtisaslar üzrə onsuz da ölkədə kifayət qədər sayda kadr hazırlığı həyata keçirilir. Eyni zamanda xaricdə, nüfuzlu universitetlərdə təhsil almış şəxslərə xüsusi güzəştlər etmək lazımdır”.