22 İyun 2025

Odessa sakini şəhərdəki vəziyyətdən danışıb: “Dinc əhaliyə necə atəş açmaq olar?!” – FOTO

“Bu gün səhər saat 10:30 radələrində Odessada hava hücumu xəbərdarlığı elan edilib. Belə hallar üçün mən və qonşularım yeraltı dayanacaqlarda xüsusi yerlər təchiz edib sığınacaq kimi istifadə edirik. Odessada bu gün Ukraynanın digər şəhərlərinə nisbətən sakitlikdir. Ancaq buna baxmayaraq, biz də partlayışlar, uğultu və səslər eşidirik …”

Bu barədə Media.Az-a Odessa sakini Yelizaveta Qavrilova məlumat verib.

Onun sözlərinə görə, rus hərbçiləri indi bütün qüvvələrini Kiyev və Xarkovu ələ keçirmək üçün cəmləyiblər. Odessa sakinləri şəhəri müdafiə etməyə hazırlaşır.

“Rusiya müharibəni xüsusi sülhməramlı əməliyyat kimi təqdim edir. Ancaq fevralın 24-də səhər saat 04:00-da Rusiya qoşunları İkinci Dünya Müharibəsi zamanı olduğu kimi Ukraynanı bombalamağa başlayandan sonra sülhməramlı əməliyyatdan danışmağa dəyməz. Bilirsiniz, Müharibənin ilk günlərində insanlar bunun mümkün olduğuna qətiyyən inanmırdı. İndi başa düşürük ki, hər şey ciddidir, paltarda yatmaq artıq qəribə görünmür və çölə çıxanda evdən uzağa getməməyə çalışırıq ki, həyəcan vəziyyətində sığınacaqlara qaça bilək” – deyə qadın göz yaşları içində deyir.

Qavrilovanın indi istədiyi yeganə şey müharibənin bitməsidir.

“Biz bunun dayandırılmasını istəyirik… Müharibə dayandırılmalı və rus qoşunları Ukraynanın suveren ərazisini tərk etməlidir”, – o, bəyan edib.

Xanımın sözlərinə görə, Rusiya mətbuatında yayımlanan videolar inanılmazdır. “Amma demək istəyirəm ki, “rus dünyası” bizə heç bir şəkildə lazım deyil. Ukrayna torpaqlarında heç kim Rusiya hərbçilərini gözləmir. Mülki insanlara necə atəş açmaq olar, bu necə mümkündür?! İlk gündə Müharibədən insanlar çox qorxdular, çoxları dərhal şəhəri tərk etdi, amma sonra biz bir araya gəldik və indi şəhərimizi müdafiə etməyə hazırıq”, – deyə o bildirib.

Qavrilova qeyd edib ki, Rusiya mətbuatında aparılan təbliğat bəzən o qədər gülünc görünür ki, təəccüblənirsən. Ən pisi isə bəzi ruslar buna inanırlar.

“Rusiyadan olan qohumlarınız və tanışlarınız sadəcə olaraq sizə inanmayanda, ayıbdır. Müharibənin üçüncü günü onların bəziləri nəhayət başa düşdülər ki, Rusiya aktiv döyüşlərə başlayıb, müharibə gedir. ..”, -deyə xanım bildirib.

Qadın haqlı olaraq qeyd edir ki, Azərbaycan xalqı ukraynalıları heç kəs kimi başa düşür.

“Siz bu yaxınlarda müharibədən keçdiniz, bizi hamıdan yaxşı başa düşürsünüz. Dəstəyinizə görə təşəkkür edirik! Yalnız həqiqəti deməklə bu vəziyyəti dəyişmək olar. İndi ukraynalılar maksimum özünüdərk, milli identifikasiyanı yaşayırlar. Biz gücləndik, birləşdik. Biz qorxmalıyıq…” – deyə o, fikrini tamamlayıb.