24 Dekabr 2024

Nikolay Kulbaka: “Rusiyada inflyasiya artacaq, işdən çıxarılmalar başlayacaq…” – ÖZƏL

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar hələ ən yüksək zirvəsinə çatmayıb. Ekspertlər bildirirlər ki, sanksiyaların əsas məqsədi Rusiya iqtisadiyyatını tam çökdürməkdi.

Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Elmlər İnstitutunun Siyasi və İctimai Kommunikasiyalar kafedrasının dosenti, iqtisadçı Nikolay Kulbaka Oxu.Az-a açıqlamasında Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bu ölkəyə və qonşu dövlətlərə hansı mənfi təsirlər vuracağına fikir bildirib.

O qeyd edib ki, Rusiyaya qarşı indiki sanksiyaların əsas məqsədi onun keçirdiyi hərbi əməliyyatları dayandırmaqdır:

“Bundan sonra son hadisələrə reaksiya verən və Rusiya bazarını tərk etməyə üstünlük verən şirkətlərin hərəkətlərinə diqqət yetirmək lazımdır. Onlar Rusiyada qala bilməzlər, çünki nüfuzlarını itirəcəklər. Belə olan halda sanksiyaların ikiqat zərbəsi baş verir: biri dövlətlərdən, digəri isə öz çıxarlarını düşünən şirkətlərdən gəlir”.

İqtisadçı Rusiyadakı boş piştaxtaları, şəkər üçün yaranan növbələri isə belə qiymətləndirib:

“Bu, hələ instinktiv reaksiyanın nəticəsidir: hər hansı bir anlaşılmaz vəziyyət yarananda mağazaya gedirsən və çoxlu ərzaq alırsan. Məsələn, bizdə qəfildən mağazalarda kəskin şəkər qıtlığı yarandı. Amma bu çox qəribədir. Rusiyada şəkərlə əlaqədar hər şey yaxşı olacaq. Bu, öz istehsalımızdır və şəkərlə hər şeyin pis olma ehtimalı sıfıra yaxındır. Bu məhsulu almaq irrasional hərəkətdir, lakin insanlar bunu edir. Bu panikanın təzahürüdür. Sonra inflyasiya olacaq, bu qaçılmazdır. İşdən çıxarılmalar başlayacaq (hələ belə hallar yoxdur). Məhz o zaman bu barədə hələ düşünməyən sadə insanlar sanksiyaları hiss edəcəklər”.

Nikolay Kulbaka Rusiyanı gözləyən defolt ehtimalı barədə də danışıb.

“Gəlin ondan başlayaq ki, Rusiyanın düşdüyü şəraitdə defolt bizə dəyəcək zərərin hələ ən zəif tərəfidir. Defolt özlüyündə o demək olacaq ki, Rusiya borclarını ödəyə bilmir. Ölkə daxilində bununla əlaqədar heç nə dəyişməyəcək, əhali bunu hiss etməyəcək. Rusiyanın özünü Çin və inkişaf etməkdə olan ölkələr vasitəsilə problemlərini həll etməyə çalışdığı bir şəraitdə defolta az adam diqqət yetirəcək. Bu, sırf texniki prosedurdur, Rusiya valyuta ehtiyatlarına qənaət etmək üçün bunu özü də elan edə bilər. Bunu valyutamıza çıxışımızın (sanksiyalara görə – red.) bağlanması ilə izah etmək olar”.

Bu böhran postsovet məkanı ölkələrinə, Rusiyanın qonşularına, o cümlədən Azərbaycana necə təsir göstərəcəyinə isə Nikolay Kulbakanın açıqlaması belə oldu:

“Başa düşmək lazımdır ki, böhran Rusiya ilə böyük iqtisadi əlaqələri olan ölkələrə təsir edəcək. Qarşılıqlı ixrac-idxal nə qədər az olarsa, zərərlər bir o qədər az olur. Əsas problemi Rusiya ilə birgə ticarətdə fəal iştirak edən ölkələr yaşayacaq. Bu, ilk növbədə Belarusdur. Ticarətin həcminə nəzər alsaq, böhran Qazaxıstana da təsir edə bilər. Bu ölkənin iqtisadiyyatı üçün asan olmayacaq. Qiymətlərin yenidən hesablanması, onların hansı valyutada olacağı və sair məsələlər önə çıxacaq. Azərbaycan təbii ki, müqayisədə Rusiya ilə az ticarət aparır, ona görə də nəzərəçarpacaq probleminiz olmayacaq”.