23 Dekabr 2024

Nikol Paşinyan Minsk Qrupu çərçivəsində danışıqlara can atır: Rəsmi Bakının öz planı var

Avropa Birliyinin prezidenti Şarl Mişel İrəvanda Nikol Paşinyanla görüşüb. Baş nazir səlahiyyətini icra edən Paşinyan görüş zamanı Azərbaycanın əleyhinə fikirlər səsləndirib. Deyib ki, Dağlıq Qarabağ problemi güc yolu ilə həll oluna bilməz.

Şarl Mişel ilə birgə mətbuat konfransı keçirən Nikol Paşinyan deyib: “Aprelin 13-də ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfləri yekun nəticəyə gəlmək və Dağlıq Qarabağda davamlı sülh əldə etmək üçün dialoqa dəvət etdi. Mən dəfələrlə bu çağırışı alqışladığımı bəyan etmişəm. Vurğulamışam ki, Ermənistan danışıqlara hazırdır. Ancaq Azərbaycan bu çağırışa cavab verməyib. Qeyri-rəsmi mənbələrdən aldığımız məlumata görə, Azərbaycan Artsaxda (Dağlıq Qarabağ) və Ermənistan-Azərbaycan sərhədində hərbi münaqişə yaratmaq niyyətindədir. Bu niyyətin əlamətlərini Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində görə bilərik”.

Ermənistanın “Armenpress” agentliyinin xəbərində belə deyilir. Nikol Paşinyan dediklərinə onu da əlavə edib ki, Azərbaycanın həyata keçirdiyi provokasiyalar Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına və demarkasiyasına imkan vermir.

Göründüyü kimi, Ermənistan Minsk Qrupu çərçivəsində Azərbaycanla danışıqlara can atır. Ancaq Azərbaycan tərəfi bu formata maraq göstərmir. Niyə belədir?

Əvvəla, “Minsk Qrupu” ifadəsi belə Azərbaycanda ikrah hissi doğurur. Çünki bu qrup 30 il ərzində nəticəsiz bitən danışıqlara rəvac verib. Daim Ermənistanın mövqeyində dayanıb. Bir daha xatırladaq ki, erməni diasporunun ən güclü olduğu 3 ölkə var: ABŞ, Fransa və Rusiya. Minsk Qrupunun həmsədrləri də məhz bu ölkələrdir. Əlbəttə, bunu təsadüf hesab etmək olmaz.

Bəs Azərbaycanın Minsk Qrupuna maraq göstərməməsinin əsas səbəbi nədir?

Aydındır ki, 44 günlük müharibədən sonra Ermənistanın Dağlıq Qarabağa müstəqillik tələbi irəli sürməsi mümkün deyil. Rəsmi İrəvan bu və ya digər formada Dağlıq Qarabağın muxtar qurum kimi bir statusa malik olmasına can atırlar. Bu məsələdə Ermənistanla Minsk Qrupu, demək olar ki, eyni səngərdədir. Niyə Minsk Qrupu Dağlıq Qarabağa mütləq muxtar qurum statusu əldə etməkdə maraqlıdır? Təbii ki, Azərbaycana təzyiq mexanizmi kimi Dağlıq Qarabağ Minsk Qrupuna daxil olan dövlətlər üçün önəm daşıyır.

Başqa bir məqam: Türk Dünyası getdikcə güclənir. Gələcəkdə Türk Dünyasına təzyiq etmək üçün də bu qurum Qərbə və Rusiyaya lazımdır.

Aydındır ki, Qərbə və Rusiyaya, o cümlədən Ermənistana sərf edən yanaşma bizim milli maraqlarımıza daban-dabana ziddir.

Bəli, bir vaxtlar Azərbaycan Dağlıq Qarabağa muxtar qurumlar arasında dünyada mövcud olan ən yüksək statusu verməyə hazır idi. Ancaq II Qarabağ Müharibəsi Cənubi Qafqazda qüvvələr nisbətini kəskin şəkildə dəyişdi.

Rəsmi Bakı müharibədən qalib çıxmış tərəf kimi öz iradəsini diktə etməkdə israrlıdır.

Bir önəmli məqama da toxunum. Azərbaycan prezidenti çıxışlarında dönə-dönə “Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır” deyir. Qərb təhlilçiləri əmindir ki, İlham Əliyevın bu kimi bəyanatları Ermənistana təzyiq vasitəsi kimi dəyərləndirilməlidir. Əslində prezident ermənilərə demək istəyir ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyün (təbii ki, Dağlıq Qarabağ qarışıq) tanımasa, bu ölkənin ərazi bütövlüyü şübhə altına düşəcək.
Döyüş meydanında müqavimət imkanını çoxdan əldən vermiş Ermənistan Minsk Qrupu çərçivəsində müharibədəki məğlubiyyəti diplomatik cəbhədəki uğurla əvəz etməyə çalışır. Əlbəttə, bu, başadüşüləndir. Ancaq rəsmi Bakının da öz palanları var. O planlarda isə Dağlıq Qarabağ muxtar qurum kimi mövcud deyil. Yalnız aranlı-dağlı Qarabağ var.

Elbəyi Həsənli, Sürix

https://www.tert.am/en/news/2021/07/17/pashinyan-michel/3664674