23 Dekabr 2024

NATO sammitindən Şuşaya – Ərdoğanın səfəri dünyaya mesaj olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində işğaldan azad edilmiş Şuşa şəhərinə gedəcək. Bu barədə Ərdoğan AKP-nin qrup toplantısında bildirib. Türkiyə lideri NATO sammitində iştirak etmək üçün Brüsselə səfərindən sonra Azərbaycana gələcək. Səfər iyunun 15-16-da həyata keçiriləcək. 

Prezident Ərdoğan Şuşaya ailəsi ilə birlikdə gedəcəyini vurğulayıb: “İlham Əliyev qardaşımla, ailəlikcə işğaldan azad edilmiş Şuşaya səfər edəcəyik”.

Bu səfər çərçivəsində heç şübhəsiz, vacib bəyanatlar səslənəcək, bunlar arasında geosiyasi, münaqişədən sonrakı Qarabağın sonrakı taleyini təyin edəcək mesajlar olacaq. Sonuncu dəfə Ərdoğan Azərbaycana 2020-ci ilin dekabrında gəlmişdi. Türkiyə lideri Bakıda Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi şərəfinə təşkil olunan paradda iştirak etmişdi. O zaman Ərdoğan Prezident İlham Əliyevin altı ölkədən – Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran – ibarət platformanın yaradılması təşəbbüsünü dəstəklədiyini bəyan etmişdi. İstisna deyil ki, bu səfərdə Türkiyənin Azərbaycanla hərbi mövcudluğunun rəsmiləşdirilməsi məsələsi müzakirə oluna bilər. Bu, indiki dövrdə hərbi baza kimi olmasa belə, hansısa rəsmi təmsilçilik formatında mümkündür.

Türkiyə Prezidentinin 10 dekabrda birgə “Dəmir yumruq” paradından sonra Qarabağın açar şəhəri tarixi Şuşaya səfəri düşmənə gözdağı ilə bərabər, Azərbaycanın müharibədə qətiləşmiş qələbəsinə vurulacaq daha bir möhür olacaq. Həm də davam etməkdə olan həssas bir dönəmdə, sərhədlərlə bağlı Ermənistanın və bəzi beynəlxalq güclərin apardığı təbliğatın fonunda Azərbaycana bu səfərin mühüm əhəmiyyəti var. 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, Türkiyə Prezidentinin bu səfəri çox əhəmiyyətlidir. Türkiyə ilə birlikdə nail olduğumuz zəfərin möhkəmlənməsini təmin edən çox vacib hadisələrdən biri məhz bu səfər olacaq: “Rəcəb Tayyib Ərdoğanın Şuşaya Azərbaycan Prezidenti ilə getməsinin özü həm daxili, həm də xarici auditoriya üçün çox ciddi mesajdır. Azərbaycanda bəzi iddialar səslənirdi ki, müharibədən sonra guya qardaş ölkə ilə əməkdaşlıq lazımi səviyyədə deyil və sair. Amma biz görürük ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyə ilə əlaqələri daha da gücləndirmək səylərini davam etdirir. Xalqın istəyini Azərbaycan Prezidenti həyata keçirir. Bu hadisə həm də bunu göstərəcək.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov: “Şuşadan Türkiyə Prezidenti tərəfindən müxtəlif sahələrə aid çox vacib mesajların səslənməsi gözlənilir”

Eyni zamanda Türkiyədə də baş verən müəyyən hadisələr, gərgin daxili siyasi proseslər onu göstərir ki, Ərdoğan Şuşaya getməklə daxili siyasi opponentlərə də mesaj vermiş olacaq. Mesaj bu olacaq ki, qardaş Azərbaycanla əməkdaşlıq daha da güclənib və birlikdə böyük bir zəfərə nail olmuşuq. Xarici dairələrə də Şuşa səfəri çox vacib mesaj olacaq ki, müharibədə olduğu kimi, indi də Azərbaycanın yanında Türkiyə var, ən yüksək səviyyədə Azərbaycanla birlikdədir. Şuşaya Azərbaycan Prezidentindən başqa ilk gedən məhz qardaş Türkiyənin Prezidenti olacaq. Bunun da həm rəmzi, həm mənəvi, həm siyasi anlamı var. Əminəm ki, bölgədə müəyyən bir gərgin vəziyyətin müşahidə olunmasına baxmayaraq, bu səfər uğurlu keçəcək”.

Ən azından simvolik olaraq Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin hansısa sənədləri imzalaması gözləniləndirmi?

Tofiq Zülfüqarov qeyd etdi ki, bu, istisna deyil: “Çünki bunda məntiq var. Yəni Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub və Türkiyə ilə, məsələn, humanitar əlaqələrin gücləndirilməsi istiqamətində sənədlərin imzalanmasının protokola daxil ediləcəyini istisna etmirəm. Eyni zamanda Şuşadan Türkiyə Prezidenti tərəfindən müxtəlif sahələrə aid çox vacib mesajların səslənməsi gözlənilir. Şuşadan Ermənistana çox vacib mesajlar göndəriləcək. Güc nümayişi ilə yanaşı, bəlkə də sülhün hamı üçün faydalı olması barəsində mesajlar səslənəcək. Ermənilər də başa düşməlidirlər ki, onlar seçim qarşısındadırlar, konfrantasiyaya son qoyub yeni baxışlarla regionun gələcəyinə baxmalıdırlar”.

Bəxtiyar Sadıqov Əflatun Amaşovun təklifini DƏSTƏKLƏDİ - Modern.Az  Azərbaycan və dünya xəbərləri

Bəxtiyar Sadıqov: “Türkiyənin Şuşada, Qarabağda Azərbaycanla birlikdə olduğu hər kəsə nümayiş etdiriləcək”

Ağdam rayonunun deputatı Bəxtiyar Sadıqov isə bildirdi ki, Türkiyə Prezidentinin Şuşa səfəri dostlara da, düşmənə də ciddi mesaj olacaq: “Azərbaycan üçün bu səfərin bir çox istiqamətlərdə böyük əhəmiyyəti olacaq. 30 ilə yaxın işğaldan sonra nəhayət, məlum oldu ki, Azərbaycanın müzəffər Ali Baş Komandanı İlham Əliyev çox ciddi şəkildə Vətən müharibəsinə hazırlaşıb və bu hazırlıq öz sözünü dedi. Bu müharibə dünyada nümunə olaraq öyrənilir. Bu qələbədə qardaş Türkiyə dövlətinin, onun lideri Rəcəb Tayyib Ərdoğanın mənəvi, siyasi dəstəyi də ciddi rol oynadı. Müharibənin ilk günlərindən, hətta ondan da əvvəl Türkiyə yanımızda oldu. Azərbaycan Ordusunun PUA-larla silahlanmasında, bu silahı idarə edəcək hərbi mütəxəssislərimizin hazırlanmasında Türkiyənin köməyi unudulası deyil. Müharibənin ilk anlarında Türkiyə bütün səviyyələrdə dəfələrlə bəyan elədi ki, Azərbaycanın yanındadır və sonadək də belə olacaq. Bu, dünyaya və işğalçı tərəfə ciddi mesajlar idi.

Son zamanlar isə Ermənistandan revanşist bəyanatlar, hərəkətlər, təxribatlar çoxalıb. Ermənilər Şuşanı, Qarabağı qaytaracaqlarından danışırlar, sərhəddə təxribatlar törədirlər, Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəklərini bəyan edirlər. Türkiyə Prezidenti cənab Ərdoğanın Şuşaya səfər etməsinin məhz belə bir dönəmdə həyata keçirilməsi Ermənistana və onu qızışdıranlara cavab və mesaj olacaq”.

Deputat qeyd etdi ki, Rəcəb Tayyib Ərdoğanın məhz belə bir zamanda Şuşaya səfəri həm də rəmzi məna daşıyır: “Cənab Ərdoğan Türkiyənin Şuşada, Qarabağda Azərbaycanla birlikdə olduğunu hər kəsə nümayiş etdirəcək. Biz əminik ki, Şuşadan çox ciddi mesajlar, bəyanatlar olacaq. Bu hadisə həm də Azərbaycanın qətiyyətli mövqeyində möhkəm dayanacağına işarədir. Eyni zamanda məlum üçtərəfli bəyanata hamının əməl etməsinin vacibliyi nəzərə çatdırılacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”