06 Fevral 2025

Müzəffər Ali Baş Komandan Ermənistana bir daha ciddi xəbərdarlıq etdi

Azərbaycanın bugünkü uğurlarından bəhs edərkən tarixi Zəfərimizə gedən yolla bərabər, onun yaratdığı reallıqdan geniş bəhs edir, ölkəmizin qarşısında açılan yeni imkanlardan qürur hissi keçiririk. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Ordumuz  Ermənistana tarixdə heç zaman unuda bilməyəcəyi dərsi  verdi. Ermənilərin və erməni diasporunun illərdir yaratdıqları “məğlubedilməz erməni ordusu” mifi darmadağın edildi. Dünya ən güclü ordunun Azərbaycan Ordusu, ən məğrur, yenilməz xalqın isə Azərbaycan xalqı olduğunun şahidinə çevrildi. 44 gündə 30 ilin işğalına son qoyuldu, ən əsası icrasını gözləməkdən kağız üzərində saralan BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi, ərazi bütövlüyümüz təmin olundu.  Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin avqustun 12-də  İsmayıllı rayonunun  Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bəyan etdiyi kimi, bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Söhbət Qarabağda yaşayan ermənilərin hüquqlarından  və təhlükəsizliyindən gedir ki,  bunlar da Azərbaycan dövləti tərəfindən təmin ediləcək.

Azərbaycan  10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın bütün öhdəliklərinin yerinə yetirilməsi istiqamətində addımlar atır.  Amma Ermənistan hələ də tərəddüdləri ilə diqqət çəkir. Atdığı addımlar ərazi iddialarından əl çəkmədiyini təsdiqləyir. Görünür, Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində aldığı dərsi unudub. Unutsa da “Qisas” əməliyyatı onlara növbəti dərs oldu. Belə ki, bu əməliyyat  qısa müddətli olsa da  çox təsirli cəza tədbiri kimi  tarixə yazıldı və Ermənistana bir daha bu  mesajı çatdırdı ki,  «Dəmir yumruq” yerindədir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir müsahibəsi, çıxışları Ermənistana ciddi mesajlar və xəbərdarlıqlarla zəngindir.  Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində bildirdi ki, dəfələrlə Ermənistana  xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar: “Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq. Ümid edirəm ki, bu dəfə bu dərs onların yaddaşında qalacaqdır. “Qisas” əməliyyatı təkcə şəhidimizin qisasının alınması məqsədi daşımırdı. Digər məqsədlər, vəzifələr Ali Baş Komandan kimi mənim tərəfimdən qarşıya qoyulmuşdu və bütün vəzifələr icra edildi. Nəticə də bəllidir, bu barədə çox danışmaq istəmirəm. Təkcə onu demək istəyirəm ki, nə istəmişiksə, onu da etmişik, artıqlaması ilə və qarşı tərəf bunu bir daha qəbul etməyə məcburdur.”

Reallıq budur ki, Qarabağ münaqişəsi tarixə qovuşub. Azərbaycan təkmil sülh modelini təqdim edib. Ermənistan sülh müqaviləsini imzalamaqla həm regionda sülhün və təhlükəsizliyin təmin olunmasına, yeni əmkdaşlıq formatlarının yaradılmasına töhfə verə, həm də özünün iqtisadi vəziyyətini yaxşılaşdıra bilər. Yəni, onun üçün  yaxşı imkan, daha dəqiq desək, son şans yaranıb. 44 günlük İkinci Qarabağ müharibəsindən aldığı dərsi unudub növbəti təxribatı törətməyə cəhd etsə də qarşılaşdığı “Qisas” əməliyyatı  sonrakı  vəziyyət barədə aydın təsəvvür yaradır. Belə ki, əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Azərbaycan  öz torpağında istənilən əməliyyatı istənilən zaman apara bilər.

İkinci Qarabağ müharibəsindən ötən iki ilə yaxın dövrdə cənab İlham Əliyevin elə bir nitqi, müsahibəsi yoxdur ki, Ermənistana “Dəmir yumruğ”un yerində olması xatırladılmasın. Dünya gücləri yeni reallıqları qəbul edir, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, Ermənistanla Azərbaycan arasında  münasibətlərinin normallaşdırılmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Bu gün Ermənistanın təkləndiyi reallıqdır. Buna səbəb təbii ki, haqsızlığıdır.  Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir. Baxmayaraq ki, postmünaqişə dövrünün reallıqları ilə bağlı müzakirələrdə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən Brüssel görüşlərinin sonunda qəbul edilən sənədlərdə belə  nə “Dağlıq Qarabağ” ifadəsi,  nə də ATƏT-in Minsk qrupu dilə gətirilir.  Azərbaycan öz  torpaqlarına qovuşub, bu ərazilərdə  bərpa-quruculuq işlərini apardığı bir zamanda söhbət ancaq sülh müqaviləsinin imzalanmasından, münasibətlərdə yeni səhifənin açılmasından gedə bilər. Müzəffər Ali Baş Komandanın bəyanatlarında bu çağırış da xüsusi yer turur ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsə, Azərbaycan da Ermənistana qarşı ərazi iddiaları qaldıracaq.

Ermənistan ona verilən şansı düzgün dəyərləndirməli və qısa zamanda sülh danışıqlarına başlanması istiqamətində addım atmalıdır. Tarixi Zəfərimizdən ötən iki ilə yaxın dövrün reallığı budur ki, Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Cənab İlham Əliyev müsahibədə bir daha bildirdi ki,  gələcəyə nikbinliklə baxıram: “Bir daha demək istəyirəm, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın.”

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri